Maliyyə Nazirliyi Vaqif Abdullayevlə Tofiq Sadıqovun birgə «əməyinin» nəticəsini yoxlayır
Beyləqanda təhsilin səviyyəsini yüksəltmək üçün milyonlarla manat vəsait ayrılsa da, vəziyyət dəyişməyib. Təhsil şöbəsinin müdiri Tofiq Sadıqovun «əkdiyi turp»ların «qızartısı» isə uzaqdan göz çıxarır. Elə bu səbəbdəndir ki, illərdir Beyləqanda təhsil almış gənclərin ali məktəblərə qəbul olunması hallarında total azalma var.
Rayonda təhsil yox, bazar var
Beyləqan rayonunda təhsilin durumunun dəhşətli vəziyyətdə olması artıq kimsəyə sirr deyil. Təhsil şöbəsinin müdiri Tofiq Sadıqovun yarıtmaz idarəçiliyi, təhsilə daha çox bazar prinsipləri ilə yanaşması nəticə etibarı ilə ortaya dəhşətli vəziyyəti çıxarıb. Elə bu səbəbdəndir ki, son illər ali məktəblərə daxil olan beyləqanlıların sayı sürətlə azalmağa başlayıb. Bununla yanaşı, dərs davamiyyəti, biabırçı səviyyədə tədris prosesi şagirdləri məktəbə deyil, repititorların yanına getməyə vadar edib.
Beyləqan təhsilində bazar prinsiplərinin işlədiyinin bariz nümunələrindən biri 6 saylı orta məktəbin həyətində restoranın fəaliyyət göstərməsidir. JAM.AZ-a verilən məlumata görə, Tofiq Sadıqovun «gərgin əməyi»nin bəhrəsi olan bu restoran elə şöbə müdirinə qazanc gətirməklə məşğuldur. Ki, qanunla orta məktəblərin həyətlərində belə obyektlərin fəaliyyət göstərməsi qadağandır.
Lakin Tofiq Sadıqov üçün qanun boş şeydir, heç əhəmiyyət də daşımır. Əgər belə olmasaydı, saxta diplomlu müəllimləri işə götürməzdi. Və ya dərs saatlarının bölgüsü zamanı pul qarşılığında ixtisasına aid olmayan şəxslərə fənnləri etibar etməzdi.
6 aya 600 min manat
Qeyd edək ki, hökumət son illər rayonlarda abadlıq və quruculuq işləri ilə yanaşı, təhsilin və səhiyyənin inkişafı məqsədi ilə hər il büdcədən milyonlarla manat vəsait ayırıb. Bu illər ərzində Beyləqan təhsilinə də az maliyyə yardımları edilməyib. Lakin bütün bunlara baxmayaraq, durum qətiyyən dəyişməyib. Və bu dəyişməməzlik də Tofiq Sadıqovun «şəxsi prinsip»ləri sayəsində mümkünləşib.
JAM.AZ xəbər verir ki, təkcə 2014-cü ildə Beyləqan Təhsil Şöbəsinə 600 min manat pul ayrılıb. Həmin pulun təyinatı üzrə xərcləndiyi sənədləşdirilsə də, bunun inandırıcığ olmadığı diqqəti çəkir. Məsələ belədir ki, şöbə müdiri Tofiq Sadıqov işlərin icrası zamanı elə bir «sistem» qurub ki, büdcə pulları özü öz «ayağı» ilə onun cibinə axıb.
Məsələn, Beyləqan Təhsil Şöbəsinə digər maşın və avadanlıqların alınması üçün ayrılmış 84 min manatın aqibətindən kimsənin xəbəri yoxdur. Daha dəqiq ifadə olunarsa, həmin vəsaitin cüzi bir hissəsi təyinatı üzrə xərclənib, yerdə qalanı isə şöbə müdirinin bildiyi yerlərdədir.
Sadıqovun avadanlıq almaq həvəsi o qədər güclü olub ki, növbəti dəfə də bu məqsədlə 63950 manat vəsaitin ayrılmasına nail olub. Sənədlərdə bu pula avadanlıq alındığı qeyd edilsə də, reallıqda ortada nə avadanlıq var, nə də pul.
JAM.AZ-ın araşdırmaları nəticəsində belə məlum olub ki, Beyləqan Təhsil Şöbəsi inventarların alınmasına da az pul xərcləməyib. Rəsmi rəqəmlərdən belə aydınlaşır ki, həmin məqsədlə ayrılmış pulun ümumi məbləği 253737 manat təşkil edib. Əslində, bu pulla partların, şkafların, yazı taxtalarının alınması nəzərdə tutulur. Lakin cənab Tofiq Sadıqovun şagirdləri havada otursalar da, olar. Və ya rənglənmiş köhnə partalarda əyləşsələr «üzüklərinin qaşı düşməz». Əsas odur ki, 254 min manat şöbə müdirinin işinə yarasın.
Üstü bəzək, altı təzək təmirlər
Tofiq müəllimin hər il Beyləqandakı məktəbləri «əsaslı» və ya «cari» təmir etdirməsi adi hala çevrilib. JAM.AZ xəbər verir ki, rayonun orta məktəblərinin bir çoxunun əsaslı təmirə ehtiyacı olduğu halda, şöbə müdirini mərkəzdəki məktəblər maraqlandırır. Çünki bu məktəbləri hər il bir neçə dəfə təmir etdirmək işinə yarayır.
Qeyd edək ki, kəndlərdəki durumu ağır olan orta məktəb binalarının təmiri üçün xeyli miqdarda vəsait lazım gəlir. Bu zaman rəqəmləri daha çox şişirtmək, «qara buxalteriya»ya daha çox əziyyət vermək zərurəti yaranır. Amma Tofiq Sadıqov bunun optimal yolunu tapıb və rayonun mərkəzindəki məktəb binaları ilə kifayətlənib.
Təkcə, 2014-cü ildə əsaslı təmir işlərinin aparılması məqsədi ilə büdcədən 110 min manat pul ayrılıb. Həmin pulun hamısı bir neçə məktəbin işlərinə sərf olunub. Ki, həmin binalarda da yalnız kosmetik işlər aparılıb. Amma sənədlərdə «əsaslı təmir edilib» kimi yazılıb.
Cari təmir işlərinə gəldikdə isə bu zaman 50500 manatlıq bir büdcə vəsaitindən bəhs olunur. JAM.AZ xəbər verir ki, Tofiq Sadıqovun rəhbəri olduğu Təhsil Şöbəsində bu pulu da rahatlıqla bölüşdürüblər və hərəyə bir qədər pay çatıb. Təbii ki, piroqun ən böyük hissəsini Tofiq müəllimə veriblər.
Direktorlara aldırılan mebellər və tapılmayan A4 kağız
Beyləqan Təhsil Şöbəsinə təkcə təmir və ya avadanlıqlar alınmaq üçün pul ayrılmayıb. Həmçinin yumuşaq inventarların alınması məqsədiylə az vəsait verilməyib. 30 min manatlıq bir məbləğin isə bir qəpiyini belə xərclənmədiyi deyilir. Bildirilir ki, həmin mebellərin alınması direktorların üzərinə qoyulub.
Ancaq Beyləqanda «dəftərxana» məsələsi də xeyli qəlizdir. Ona görə ki, bunun üçün 38474 manat pul ayrılsa da, şöbədə A4 format kağız tapmaq mümkün deyil. Mümkün olsa belə, bu kağızın işçilərin puluyla alındığı dəqiqdir.
Maliyyə Nazirliyi yoxlama aparır
JAM.AZ xəbər verir ki, Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti İdarəsinin Ağcabədidəki Regional Maliyyə Müfəttişliyi Beyləqan Thəsil Şöbəsində yoxlamalara başlayıb. Amma bunun bir faydasının olacağı inandırıcı görünmür. Ona görə ki, yoxzlamanı aparan qrupun rəhbəri, maliyyə inspektoru elə Tofiq Sadıqovun ən yaxın adamlarından biridir.
Məlumatlarda vurğulanır ki, həmin şəxslə şöbə müdiri arasındakı əlaqələrin tarixi xeyli əvvələ gedib çıxır. Belə ki, inspektor bir zamanlar, daha doğrusu, 10 il Beyləqan Təhsil Şöbəsinin baş mühasibi vəzifəsində çalışıb. Çalışdığı müddətdə isə ona rəhbərliyi də elə Sadıqov edib.
Aydın məsələdir ki, uzun illər birgə hərəkət etmiş, bir sıra sənədləşdirmə işləri aparmış bu şəxsin yoxlamasının tutarlı nəticəsi olmayacaq. Ən azından, ortada tonlarla çörək kəsmə halları var. Üstəlik, «qara mühasibatlıq» işlərində edilən yardımlar da məhz kompromat kimi hər zaman əldədir.
İcra başçısıyla şərik olan müdir
Beyləqan təhsilində yaşanan bu biabırçılıqlardan rayonun icra başçısı Vaqif Abdullayevin xəbərsiz olduğunu düşünmək yanlışlıq olardı. JAM.AZ xəbər verir ki, bunu şərtləndirən başlıca səbəb odur ki, təhsili bərbad günə qoymuş bir şəxs normalda icra başçısı tərəfindən işdən çıxarılmalıydı. Bu edilmirsə, deməli, ortada başqa məqamlar var.
Məlumatlara görə, Beyləqanın icra başçısı Vaqif Abdullayevin hər şeydən xəbəri var. Və bunu Tofiq Sadıqov da təsdiq edir. O, harada olmasından asılı olmayaraq, qazanılan pulları təkbaşına yemədiyini vurğulayır və iddia edir ki, oradan icra başçısına da «yağlı pay» verir.
Həmin iddialardan o da məlum olur ki, bu «yağlı pay» səbəbindən icra başçısı baş verənlərə göz yumur. Və heç bir şəkildə Tofiq Sadıqovu başqalarının ayağına vermir.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.