Tez-tez təkrarlanan bir deyim var: Hamı qaranlıq otaqda olmayan qara pişiyi axtarır. Bu baxımdan iki ilə yaxındır Qərb, Rusiya, İran Suriya və İraqda İŞİD-ə qarşı savaşır. Hanı İŞİD? Niyə səsi çıxmır? İŞİD-in adı indi Liviya və Əfqanıstanda hallanır.
Son zamanlar Suriyada İŞİD-ə qarşı qurudan hərbi əməliyyatların olacağı və atəşkəslə bağlı müzakirələr başladı. Ancaq hər ikisi hələlik söz olaraq qalıb.
Suriyada artıq böyük güclərin səsi daha aydın eşidilməkdədir.
ABŞ və Rusiya terrorçu İŞİD-ə qarşı mübarizə apardıqlarını bəyan etdikləri halda, başqa bir dövlətin, Türkiyənin ərazi bütövlüyünü təhdid edən, bu ölkənin ərazisində terrorlar törədən terrorçu PKK-nın Suriyadakı silahlı qruplaşmalarını dəstəkləyir, onları silah-sursat, ola bilsin ağır hərbi texnika ilə də təchiz edirlər.
Belə bir mənzərə Suriyada və bölgədə maraqların miqyasının daha geniş olduğunu ehtimal etməyə əsas verir.
Bir qısa xatırlatma edək. ABŞ İraqda hərbçilərinin sayını azaldandan sonra Suiyada İŞİD peyda oldu. ABŞ prezidenti Barak Obama ötən il bu terrorçu qruplaşmaya qarşı azı üç il mübarizə aparılacağını bildirdi. İndi həmin müddətin yarısı başa çatır.
Dünya gücləri İŞİD-ə qarşı "mübarizə"yə fəal qoşulublar.
Hadisələr cərəyan edən bölgə az qala bütün mənalarda dünyanın coğrafi, siyasi, mədəni və ictimai baxımdan mərkəzidir.
Bəlkə də dünyanın indiki və gələcək yönü həll edildiyindən, siyasi xəritələr dəyişəcəyindən Orta Şərq bizlərə belə görünür və yaxud bu təsiri bağışlayır.
Çox güman I Dünya müharibəsində Avropa, II Dünya müharibəsində də yenə bu qitə yuxarıda sadaladığımız özəllikləriylə diqqət mərkəzində olub.
I və II Dünya müharibələriylə dünyada savaşlar bitdimi?! Təəssüf ki, yox! Bunların ardınca müstəmləkəçiliyə qarşı mübarizələr başladı. Güclərin yaratdığı Karib böhranı, hikkələrindən doğan ziddiyyətlərin toqquşması nəticəsində baş vermiş Vyetnam müharibəsi və Afrikada daxili savaşlar, nəhayət, Əfqanıstanda hələ də bitməyən daxili silahlı qarşıdurma - sayı deyilməsə də, dünyada savaşın getdiyini, planetin atəşsiz günü olmadığını təsdiqiləyir. II Dünya müharibəsindən sonra da sadalanmayan, sıralanmayan savaşlar davam edib.
Onların sıra sayına düzülməməsi çox güman ki, böyük güclərin bir-biri ilə açıq şəkildə, üz-üzə savaşmamalarıdır. Yoxsa, onların dolayısı ilə qatıldıqları, səhnə arxasından idarə etdikləri savaşları sıralasaq, yəqin müharibələrin sayı onu keçər, biz də indi III deyil, X Dünya müharibəsinin başlayacağı ehtimalı haqda düşüncələrimizi bölüşərdik.
Afrikanın şimalı, Yəmən, Əfqanıstan bir yana, İraq, özəlliklə Suriyada cərəyan edənlər fonunda vəziyyəti daha aydın xarakterizə etmək olar.
Suriyada əvvəllər hibrit savaş gedirdi. Məsələn, keçmiş SSRİ-nin yaratdığı terrorçu PKK-nın Suriyadakı qolları "PYD" və "YPG"ni Vaşinqton və Moskva silahlandıraraq özünə işlətməyə başladı. Onlar da kürdlər uğrunda savaş apardıqlarını elan edərək, Suriya və İraqın ərazi bütövlüyünün pozulmasında aparıcı rol oynayıb və bunu davam etdirməkdədirlər. Rusiya və ABŞ-ın bu muzdlu silahlıları Türkiyənin ərazi bütövlüyünü təhdid edirlər. Onların havadarları olmasaydı, indiyə qədər silah-sursatları da və silahlıları da çoxdan bitmişdi. Onların silah zavodu yoxdur. Təlim düşərgələrini də verənlər bəllidir.
İndi artıq ayrı-ayrı silahlı qruplaşmalar deyil, dövlətlər Suriyadakı savaşa açıq şəkildə qoşula bilər. Səudiyyə Ərəbistanı başda olmaqla, bir sıra ərəb dövlətləri Suriyadakı quru əməliyyatlarına qatılacaqlarını bəyan ediblər. Türkiyə isə müharibə istəməsə də, dövlətin təhlükəsizliyi baxımından bu ölkədəki ehtimal edilən həmin hərbi əməliyyatlarda iştirakını istisna etmir. İran ilk gündən, daha doğrusu, silahlı toqquşmadan əvvəl Suriya və İraqda oturub, müharibədə iştirak edir. İsrail də kənarda durmayıb. Rusiya öz növbəsində bombalayır. Bununla bölgədə, ölkədə və savaşda varlığını nümayiş etdirir.
ABŞ başda olmaqla, Qərb isə azı son 20 ildə oradan çıxmadığı üçün Suriyada, yaxud bölgədədir.
Deməli, Suriya və İraqda terrorçu PKK-nın qolları "PYD" və "YPG" kimi muzdlu qruplaşmalardan başqa o biriləri səhnədə demək olar ki, görünmür. İndiki şəraitdə Suriya və İraqdakı İŞİD qruplaşmasından səs demək olar ki, çıxmır. İndi dəbdə "PYD" və "YPG" adı altında fəaliyyət göstərən muzdlu qruplaşmalardır. Yəqin onların istifadə müddəti hələ başa çatmayıb.
Görünən güclər, dövlətlərdir. Bu isə həmin dövlətlərin Suriyada birbaşa mübarizəyə başladıqlarının göstəricidir. İndi hərə öz adı ilə baş verənlərə qatılıb. Onlar bəzən kəklik kimi başlarını gizlətməyə çalışırlar.
Bu isə Suriyada növbəti dünya müharibəsinin getdiyini, yaxud daha qorxulusuna hazırlığın başladığını deməyə əsas verir.
Yeri gəlmişkən, II Dünya müharibəsindən on il öncə dünya "Böyük böhran, sarsıntı" (ingilscə "Great depression") yaşayıb. Bu, həm də 1929-cu ildə başlayıb, 1939-cu ilə qədər davam etmiş dünya iqtisadi böhranıdır. Dünya bu böhrandan 1945-ci ildə çıxmağa başlayıb. 1930-cu illər bütövlükdə dünyada "böhran dövrü" sayılır.
Bu, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa və Kanadaya daha çox təsir edib. Böhrandan yüksək səviyyəli sənaye şəhərləri zərər çəkib, tikinti işləri demək olar ki, dayandırılıb. Həmin illərdə kənd təsərrüfatı məhsullarının qiyməti 50-60 faiz ucuzlaşmış, çoxlu iş yerləri ixtisar edilmiş, neftin qiyməti enmiş və s.
Deyəsən, dünyanın vəziyyəti II Dünya müharibəsi ərəfəsindəki illərə də oxşayır.
İŞİD-in səsi Afrika və Əfqanıstandan gəlir, Suriyada güclər özləri görünməyə başlayıb. Anaq bu qarşıdurmanın adı növbəti dünya müharibəsi deyil, sadəcə, İŞİD-ə, yaxud terrorçuluğa qarşı mübarizədir...Ancaq güclərin bir-birini açıq, üz-üzə gələrək sıradan çıxarması da çətin görünür. Onlar yenə ya bir dövlətin, ya qondarma bir rejimin, ya da hansısa bir muzdlu terrorçu qruplaşmanın arxasında gizlənəcəklər. II Dünya müharibəsindən sonrakı savaşlarda da olduğu kimi, yenə müharibənin əsas caniləri gizli qalacaq, yenə baş verən soyqırımların əsas günahkarları bilinməyəcək, təzminat ödəməli olanlar isə üstünlük qazanıb, münaqişələrin həllində ədalətli hakim rolunda olacaqlar. Hələlik vəziyyət belədir.