Daşkəsənin icra başçısı Əhəd Abıyev prezident İlham Əliyevin təyinatından illərdir ki, narazı qalıb. "Gündəm-xəbər”in əldə etdiyi məlumata görə, ucqar rayonun rəhbəri dövlət başçısının qərarına qarşı çıxaraq mərkəzi regionlardan birinə başçı getmək arzulayıb. Hətta yaxın çevrəsində bu qərardan şikayətləndiyi bildirilir.
Daşkəsəndə icra başçı vəzifəsindən getmək istəyən və başqa bölgəyə təyinat üçün çarpışan Ə.Abıyevin çırpıntıları hələ ki nəticəsiz qalıb. Çünki qərar və səlahiyyət dövlət rəhbərindədir. Prezident onu bu regiona rəhbər göndərməyi məsləhət görübsə, Ə.Abıyevin narazılığı heç bir əsasa söykənmir. Bu haqda daha sonra yazacağıq.
Başçının karxanaları
Ondan başlayaq ki, Abıyevin neçə ildir başçılıq etdiyi Daşkəsən rüşvət və problemlər bataqlığında çabalayır. Rayonun rəhbəri Əhəd Abıyevin əsas vaxtını Bakıda keçirməsinə görə ucqar dağ rayonu başdı-başına qalıb.
Nəticədə Ə.Abıyev rayonda qanunsuzluqların çoxalması üçün əlverişli imkan yaradıb. İcra başçısı filiz biznesindən, daş karxanaların sahiblərindən, Xoşbulaq və Narzanda yerləşən istirahət mərkəzlərindən və ayrı-ayrı idarələrdən aylıq bac, xərac toplamasa onların fəaliyyətinə imkan verməz.
Salyanın icra başçısı Tahir Kərimovun Daşkəsəndəki obyektləri, daş karxanaları Əhəd Abıyev tərəfindən idarə olunur. T.Kərimov Daşkəsənə rəhbərlik edərkən bu rayonda bir neçə daş karxanası olub. Vəzifəsini dəyişəndən sonra təbii ki, obyektlərini özü ilə aparası deyildi. Əhəd Abıyevlə "dostcasına” razılığa gəliblər. T.Kərimovun yeni başçıya "haqq” verməsi müqabilində.
Rayonun kəndləri isə səfalət içində yaşayır. Onlar işsizlikdən gileylənir. Çünki vəzifələrdə qonşu rayonların adamları yerləşdirilib. Ə.Abıyevin bu bölgənin insanlarına ögey münasibəti rəhbər təyin olunduğu vaxtdan müşahidə olunur.
Eyni zamanda manatın üzən məzənnəyə keçidi əhalinin vəziyyətini çətinləşdirib. İcra başçısı isə qiymətlərin tənzimlənməsinə nəzarət etmir. Çünki başının biznesinə qarışdığı qeyd olunur.
Odur ki, ölkə prezidenti İlham Əliyevə ünvanlı müraciətlərdə Əhəd Abıyevin Xoşbulaqdakı toxunulmaz dövlət torpaq sahələrini dağıdaraq hasarlaması, torpağın darmadağın edilərək xəndəkləməsi qeyd olunub.
Dam örtüyü pulları və "Vüsel” şirkəti
Daşkəsəndə dam örtüyü fəlakəti rayon rəhbərliyinin korrupsiyasını növbəti dəfə faş etdi. Yanvarın 19-da rayonun çoxmərtəbəli yaşayış və inzibati binalarının dam örtüklərinə ziyan dəyməsi görülən işlərin hansı səviyyədə olduğunu nümayiş etdirdi.
İcra başçısı Əhəd Abıyevin tələm-tələsik şəhərin S.Vurğun küçəsində yerləşən 2 mərtəbəli, 12 mənzilli 16 nömrəli yaşayış binasına baş çəkməsi də onun əməllərini ört-basdır edə bilmədi. Belə ki, icra başçısının dam örtüyü ilə bağlı korrupsiyayayol verməsi haqda daha əvvəl yazılanlar əyani şəkildə təsdiqləndi.
Məlumata görə, icra başçısı Əhəd Abıyev və "Vüsel” şirkətinin rəhbəri Tahir Hüseynov Daşkəsəndə evlərin dam örtüyünü dəyişmək adı altında 1 milyon manat "siliblər”. Əhəd Abıyev rayon ayrılan vəsaitləri və daxili büdcədən ayırdığı pulları məhz Tahir Hüseynovun "Vüsel” şirkəti vasitəsi ilə həyata keçirir. Daha doğrusu icra başçısı ilə şirkət rəhbəri əl-ələ verərək büdcə pullarını "yuyurlar”.
Bildirilir ki, rayon mərkəzindəki bina evlərinin dam örtüklərinin və fasadlarının yenilənməsi üçün ayrılan 1 milyon manata yaxın vəsait icra başçısı Əhəd Abıyev tərəfindən mənimsənilib. Bildirilir ki, 1 milyonluq layihə daxili tenderlə Əhəd Abıyevin ortağı Tahir Hüseynovun «Vüsel» şirkətinə verilib.
Amma adı çəkilən şirkət bir neçə binaların dam örtüklərini dəyişməklə işini bitmiş hesab edib. Daxil olan məlumata əsasən ayrılan vəsaitin 50 faizini əvvəlcədən Əhəd Abıyev nəğdləşdirərək götürüb. Qalan vəsait isə «Vüsel» şirkətinin rəhbəri Tahir Hüseynov da daxil olmaqla bir neçə məsul şəxsin arasında bölüşdürülüb.
Ayrılan vəsaitin təqribən 200 min manatı nəzərdə tutulan işlərə sərf olunub. Qalan vəsait isə Tahir Hüseynov, Əhəd Abıyevin müavini Namiq Süleymanov və bir neçə digər məsul şəxs tərəfindən mənimsənilib.
Xatırladaq ki, "Vüsel” şirkəti Daşkəsən rayonunda Zağal-Kollu-Çıraqlı kəndlər arası yollarının tikintisini həyata keçirdib. Həmin yolun ümumi tikintisinə 13 milyon manat vəsait xərclənib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Filiz biznesindəki trio kimdir?
Bundan əlavə, Daşkəsən Filizsaflaşdırma Kombinatının direktoru rayonu çapıb talayır. Rayonda dəmir filizi mədəninə direktorluq edən Ələddin Sadıqov yeraltı sərvətlər hesabına malikanələrə, bahalı avtomobillərə sahiblənib.
Ə.Sadıqov Bakıda üçotaqlı mənzil, Gəncədə üçmərtəbəli villa və ticarət məntəqəsi, Daşkəsənin Xoşbulaq yaylağında 12 sotluq bağ evinə malikdir. Bu mal-mülkə yiyələnən Ə.Sadıqov məhz dəmir filizindən gələn milyonların hesabına varlanıb. Bu əlaqələrin genişlənməsində rayonun icra başçısı Əhəd Abıyevin rolu var.
Ə.Sadıqov Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin adamıdır. Kərəm Həsənov bu regionda Filizsaflaşdırma Kombinatına öz kadrını yerləşdirməklə səkkiz ildir ki filiz yataqlarını alt-üst etməkdədir.
Qaynağımız bu biznesdə rayon icra başçısı Əhəd Abıyevin də rolunu istisna etmir. İcra başçısının ölkənin sərvətlərindən şəxsi malı kimi istifadə olunmasına şərik çıxması komitə sədrinin yerini bir qədər də rahatlayıb.
Kombinat direktoru Ə.Sadıqov isə K.Həsənovdan savayı heç kimə hesabat vermir. Hətta icra başçısını belə hesab verəcəyi subyekt saymır. Mənbə qeyd edib ki, K.Həsənovun nəzarətindəki firmalardan biri 200 min ton dəmir filizi Gürcüstana aşağı qiymətə satıb.
Qaynağımız qeyd edir ki, dünya bazarında 50 dollardan yuxarı olan filizi 15 dollardan qonşu respublikadakı firmaların birinə satıb. Həmin gürcü firması isə malları Çinə satıb. Daşkəsəndə qeyri-rəsmi səlahiyyətlərə sahiblənən mədən direktoru bu imkanlardan istifadə edərək öz həyat yoldaşını uşaq bağçasına direktor təyin etdirib.
Bu əməliyyat nəticəsində 100 milyondan çox vəsait əldə edilib ki, dövlət büdcəsinə bir qəpik də daxil olmadığı iddia edilir. Xəbərdə bildirilir ki, Ə.Sadıqov bununla yetmir, bir il ərzində 7 bahalı avtomobili yaxınlarının adlarına rəsmiləşdirərək alır.
Rayonda kitabxananı ləğv etdirib, binanı özəlləşdirir və ticarət mərkəzi açır. İddialara görə, komitə sədrinin istəklərini reallaşdıran kombinat direktoru oğlunu Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şöbəsində işə düzəltməyə müvəffəq olur.
Əhalinin su dərdi və 100 minlik maxinasiya
Sosial problemlərə gəlincə, Daşkəsən rayonu 5 ildir su üzünə həsrət qalıb. Rayon su idarəsinin müdiri Pənah Əhmədov vəzifəyə gələndən su sayğaclarının quraşdırılması dayandırılıb. Yerli sakinlər qeyd edirlər ki, idarə müdiri suyu fermer təsərrüfatlarına satıb, əhalini isə susuz qoyub. P.Əhmədov bu "əməliyyat” hesabına böyük gəlirlər əldə edib.
Abonentlərdən su pulu isə yığılması öz növbəsində davam edir. Daşkəsənlilər 5-9 gündən bir su görür ki, o da cəmi yarım saat. İdarə müdirinin başı isə su borularının təmiri adı altında pul silinməsinə qarışıb.
Rayonun istixanaları da darmadağın edilib. 1860 abunəçisi olan şəhərin 70 faizində su sayğacı yoxdur. Bu hesabla sayğacı olan sakinlərdə su sayğacı 30-50 qəpik yazdığı halda sayğacı olmayan sakinlərdən adambaşı hesabla 2-4 manat pul yığılır.
O da orta hesabla hər ay 4-5 min manat artıq pul yığılıb mənimsənilməsinə gətirib çıxarır. Yay aylarında Qoşqar su xəttini hər heyvan sürüsünə 1000-2000 manat olmaqla, hər bağ evinə 100-300 manat olmaqla alınaraq Xoşbulaqda satılır.
Bu da orta hesabla hər il yay aylarında 30000-45000 manat pul deməkdir. Pənah Əhmədov ustalıqla bu pulu mənimsəyir və əhali də susuz qalır. Hər il Baş İdarədən rayon su xəttini təmirinə 100 000 manat pul ayrılır. Cari ildə təmir adı altında saxta sənədlə Pənah Əhmədov vəsaiti mənimsəyib.
Bundan başqa, bir müddət əvvəl Əhəd Abiyev yaylaq qalmaqalı ilə gündəmə gəlib, çobanlara Daşkəsən yaylağına qalxmaq üçün rüşvət tələb edib. Çobanlar isə bununla bağlı prezident İlham Əliyevə, ölkənin birinci xanımına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə şikayət ərizəsi ilə müraciət ediblər.
Çobanlar bildirirlər ki, Əhəd Abiyevin özbaşına əməlləri nəticəsində onların yaylaq hüquqları kobud şəkildə pozulub. Belə ki, Ə.Abiyevin Bakı şəhərində yanacaqdoldurma məntəqələri, istehsalat sahələri, Xətai rayonunda 680 kv.m, 1460 kv.m və 5543,4 kv.m torpaq sahəsi, Badamdarda 3 ədəd villası, Qaradağ rayonunda milyonlarla manat qiyməti olan bağ evi, Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otellər, villalar məhz qohumlarının adınadır.
Abıyev hansı posta göz dikib?
Və nəhayət, yuxarıda qeyd etdiyimiz məsələyə qayıdaq. Əhəd Abıyev yeni vəzifə üçün çırmanıb. Ucqar dağ bölgəsinə rəhbərlik edən icra başçısı şəhərə qayıtmaq üçün çarpışır.
Daşkəsənin şefi paytaxtın mərkəzi rayonlarından olan Xətaiyə icra başçısı təyin olunmaq üçün əlaqələrini işə salıb. Yuxarı eşalonda danışıqlara başlayan Ə.Abıyev Xətai rayon İcra Hakimiyyətinin başçısı olmaq eşqinə düşüb. Onun bu arzusu Xətainin hazırkı rəhbəri Razim Məmmədovun qulağına çatıb. Amma o, həmkarının istəyini kinayə ilə qarşılayıb.
Məlumata görə, R.Məmmədov Ə.Abıyevin Bakının mərkəzi bir rayonuna rəhbər gələcəyinə inanmadığını yaxın çevrəsində etdiyi qeyri-rəsmi söhbət zamanı açıqlayıb.
Mənbənin qeydlərinə görə, Ə.Abıyevin Xətaiyə icra başçısı təyin olunacağı nə dərəcədə real olub-olmadığı məlum deyilsə də, artıq yan-yörəsində bu sayaq xəbərlər yaymağa başlayıb. Ə.Abıyev yaxınlarına və ətrafına Xətaiyə başçı gedəcəyini söyləyib.
Hətta Xətai rayonunda çalışan məmurların da nəzərinə bəzi xəbərdarlıqlar çatdırıb. İddialara görə, icra başçısı artıq indidən onlara hazır olmağa çağırış edib və öz idarəçiliyini tətbiq edəcəyini bildirib. Uzun müddətdir ki, Daşkəsəndən yaxasını qurtarmaq və şəhərə gəlmək arzusunda olan Ə.Abıyevin səyləri nəticə vermirdi.
O, parlamentdə olmağı bir ucqar rayona rəhbərlik etməkdən üstün tuturdu. Hətta yaxın çevrəsində də bu narazılığını dilə gətirib. Odur ki, prezident sərəncamını gözləyən Ə.Abıyev Xətaidəki məmurlara mesaj göndərməkdədir.
Bütün bu iddialarla bağlı icra başçısını dinləməyə, müsahibə götürməyə hazırıq. (GundemXeber.az)