Bu gün özümü hədsiz dərəcədə pis hiss elədim. Zori Balayanın mənfur ”Ocaq” kitabının Moskvada nəsə təqdimata oxşayan bir mərasimi keçirilib. Cəhənnəmə keçirilsin. Ovqatımı korlayan bu deyil. İt hürər, karvan keçər. Ardınca sosial şəbəkələrdə Eynulla Fətullayevin xalq şairi, böyük vətənpərvər ziyalı, millətin fəxri, məşhur “Ömür kitabı”nın müəllifi Sabir Rüstəmxanlıya son dərəcə insafsızcasına çamur atmasını oxuyanda ürəyim qırıldı. Bir tərəfdə “Ocağ”a bəh-bəhlə təqdimat keçirilir, bizim məmləkətdə “Ocağ”ı son dərəcə dəyərli tarixi faktlarla, usta qələmdən çıxan publisistika ilə heçə endirən “Ömür kitabı”nın yaradıcısı aşağılanır, təhqir olunur. Eynullanın əli ilə. Əcəba kimdir bu Eynulla... Deyəsən, nəyisə xatırlamaq lazım gəlir.
Doxsanıncı illər, ya da ondan bir az sonrakı illər idi. Yaddaşım aldatmırsa ANS –də iki cavan oğlanın debatı gedirdi; biri YAP-dan Elmar Qasımov, o biri müxalifətdən Eynulla Fətullayev... Hamının gözü ekrana dikilmişdi, nə gizlədim, bu debatda Eynullanın qələbə çalmasını istəyirdik. Amma o, məğlub oldu. Son dərəcə hazırcavab, savadlı Elmarın arqumentəri qarşısında Eynulla uduzdu... “Uduzdu” demək bəlkə də yerinə düşmür, bizim ümidlərimizi yerə vurdu.
Ulu öndər Heydər Əliyev belə şeylərə çox diqqətli idi. Elmar Qasımovun qələbəsi öz layiqli qiymətini aldı, Prezidentin sərəncamı ilə o, bir neçə gündən sonra Təhsil Nazirinin müavini təyin olundu. Elmarın onda bəlkə heç otuz yaşı yox idi. Amma istər müxalifətdən, istər iqtidardan olan hamı bu təyinatı təbii qarşıladı. Halal haqqı idi. Sonra Eynullanı tutdular, niyə görə tutdular, deyə bilmərəm...
Eynulla türmədə yatanda cəbhəçilər, müsavatçılar, hətta mənim yan-yörəmdəki bəziləri ah-uf edir, bu “həqiqət carçısının” haqsız yerə həbsxanalar küncünə atıldığını deyirdilər. Onu “azadlıq mücahidi” mərtəbəsinə qaldıranlar da var idi. Təkcə ANS öz ampulasına sadiq qalmışdı. Yadımdadır ki, bu kanalın rəhbərlərindən olan Mir Şahin
türmədə yatan Eynulla haqqında kəskin mənfi fikirlərin yer aldığı, iki hissəli “Bədbəxt adam” filmini çəkdi.
Allah bütün dustaqların qapısını açsın, bir gün Eynulla da azadlığa çıxdı. Və çıxan kimi ondan ötrü haray-həşir qoparanları buynuzuna götürdü. Bir qrup məlum məmurlar kimin barəsində mənfi fikrə düşdüsə, Eynulla onun ənkə böyüyünün qəbrini qazıdı. Adam necə dəyişdisə, bir gün Eynulla ilə Mir Şahini yan-yana oturan gördük. Yalan-gerçək hətta eşitdik ki, Eynulla təsis etdiyi saytları atıb ANS-ə işləməyə gedir. Təkcə ANS-ə yox, indi Eynulla çox yerə gedir. Avropanı gəzib dolaşır, kimin, yaxud kimlərinsə var-dövlətini tapıb üzə çıxardır. “Var-dövlət” məsələsində də Eynullanın xüsusi səriştəsi var. Necə olsa zərgər ailəsində yaşa dolub. Sabir Rüstəmxanlı milli azadlıq mücadiləsi aparanda Eynulla yəqin ki, uşaq olub, lap uşaq yaşlarından tək qızılın yox, qızıl kimi MƏQAMLARIN, FÜRSƏTLƏRİN də qədir-qiymətini öyrənə bilib.
Bir az burası pisdir ki, türmədə yatanda Eynullaya inam bəsləyənlər də onun kimi uduzdular, öz inamlarında uduzdular. Bunlar öz yerində. Eynulla-Sabir Rüstəmxanlı mübahisəsinə ziyalıların rəyi marağımı çəkdi.
Elçin Şıxlının müsahibəsini oxudum. Elçin Şıxlı deyir ki, Sabir Rüstəmxanlı 90-95- ci illərdə özü deputat seçilib, sonrakı vaxtlarda isə icazəli seçilib: “Sabir bəy ya bunu deməyəydi, ya da icazəli seçkiyə getməyəydi”.
Necə yəni, Sabir bəy yalan danışmalı idi?
Böyük İsmayıl Şıxlının oğlu başa düşmür ki, Sabir Rüstəmxanlını Sabir Rüstəmxanlı eləyən elə onun saysız-hesabsız əsərlərində, poeziyasında, nəsrində, Milli Məclisdəki deputat kürsüsündə, lap elə deputat olmadığı indiki günlərdə xalqın haqq səsinə səs verib həqiqəti deməsidi. Hansı ki, Eynullanı da, Eynullaya yol göstərənləri də narahat edən məsələ bu zəhrimar həqiqəti demək məsələsidir.
Nə isə. Moskvada mənfur “Ocağ”ın təqdimatı, Azərbaycanda “Ömür kitabı”nın müəllifi barədə iyrənc sözlər, sarsaq fikirlər, təhqirlər. Bu çalğı hansı yerdən, hansı mənbədən hansı dirijorun çubuğu ilə idarə olunur?! Səhv eləsək, Allah günahımızdan keçsin, ancaq ürək də əclaf şeydir. Adamı məcbur edir ki, bəzi məsələlərdə paralellər axtarsın.
Sözümün sonunda Eynullaya ANS-dəki o məlum və mənfur debatı bir daha xatırlatmaq istəyirəm. Uduzduğun adam-Elmar Qasımov indi gözəl tədris ocağının, Bakı Ali Neft Məktəbinin rektorudur. Harvarda, Kembricə, Oksforda bərabər ali məktəbdir. Dünyanın böyük elm adamları, akademiklər bu məktəbə gəlib institut alimlərinin təcrübəsini öyrənirlər. Yüzdə yüz inanıram ki, Eynulla həmin debatdakı məğlubiyyəti yadından çıxarmayıb. Elə isə mən də bir ipucu verirəm, Elmarla haqq-hesab çəkmək pis olmaz.