Rusiya mətbuatında rəsmi Bakının Suriya münaqişəsi üzündən gec-tez Ankara ilə Moskva arasında seçim etmək məcburiyyətində qalacağına dair analitik yazı dərc olunub. “Qafqazinfo” xəbər verir ki, nüfuzlu gazeta.ru saytında dərc olunan məqalədə bildirilir ki, prezident Ərdoğan Suriya kürdlərini dəstəkləyərək “qan gölünün” yaranmasına səbəb olan ABŞ-ı sərt tənqid edib. Daha əvvəl Moskva ilə dalaşan, Vaşinqtonla münaqişə edən Ərdoğanın etnik cəhətdən yaxın olduğu Azərbaycana üz tutduğu qeyd olunub:
“Bakı Suriya münaqişəsində daha əhəmiyyətli rol oynayır və gec-tez o, Moskva ilə Ankara arasında seçim etməli olacaq. Bir tərədən bu regionun diqqətdənkənar qalması məntiqi anlaşılandır –Azərbaycan Suriya ilə bağlı xəbər axınında demək olar ki, iştirakçı olmadı. Bununla yanaşı, Ər-Riyad Bakıya “İslam Dövləti”nə qarşı koalisiyada birləşməyi təklif edib. İlham Əliyev, həmçinin, bu yaxınlarda Londonda səfərdə olub və “Regiona və Suriyaya dəstək” konfransında iştirak edib. Bundan başqa, fevralın 18-i Türkiyə prezidenti Ərdoğanın Azərbaycana səfəri nəzərdə tutulub. Ekspertlər sual qarşısındadırlar, Türkiyə prezidentinin səfəri sadəcə ikitərəfli əlaqələrlə bağlıdır, yoxsa bunun arxasında ağır bekqraund dayanır...Hər halda, Bakının Suriya qıfına daxil olması əsas sualı ortaya çıxarır –Rusiya Azərbaycanı itirir?”
Sayt yazır ki, xüsusən də İŞİD tərəfindən artan təhdidlərə baxmayaraq, Azərbaycan nə Qərbin, nə Rusiyanın, nə də Səudiyyə Ərəbistanının başçılıq etdiyi antiterror koalisiyasına daxil olmaq fikrində olmayıb:
“Qarışmama məntiqinin isə həm obyektiv, həm də siyasi mənası olub. Birincisi, artan sosial-iqtisadi böhran və həll edilməyən Qarabağ problemi. Azərbaycanın Yaxın Şərq münaqişəsinə qoşulması həm ölkənin iqtisadiyyatına mənfi təsir edərdi, həm də sosial ab-havaya.
İkincisi isə, Azərbaycan üçün qarşıdurma zamanı Moskva ilə Ankara arasında seçim etmək çox çətin idi”.
Daha sonra yazıda prezident İlham Əliyevin bu yaxınlarda Londona Suriya ilə bağlı keçirilən konfransa dəvət edilməsinə diqqət yönəldilib:
“Təbii sual yaranır: nədən birdən Azərbaycanın mövqeyi BMT və Avropa İttifaqı ölkələrini maraqlandırmağa başladı? Məlumdur ki, Azərbaycan prezidentini sadəcə konfransı “işıqlandırmaq” üçün dəvət etməmişdilər...
Səudiyyə və Türkiyə Suriya ərazisinə quru qoşunları yeritməyə hazırlaşır və Pentaqon buna müsbət cavab verib, Rusiya isə bu qərarı mənfi olaraq dəyərləndirib. Lakin bu plan baş tutarsa, biz sadəcə Yaxın Şərqdə lokal deyil, Cənubi Qafqaz və Xəzəryanı ölkələrin də daxil olacağı qlobal müharibənin şahidi olacağıq. Görünür, Londonda İlham Əliyevlə Azərbaycanın Suriya məsələsindəki potensial rolu müzakirə edilib. Bakı hansı komandaya daxil olacaq? Onun isə seçimi çox deyil. Bir tərəfdə Rusiya və İran, digər tərəfdə Türkiyə və neftin qiymətinin düşdüyü bir dövrdə qərb dünyası öz kapitalı ilə..”.
Rus politoloq Trofimçuk hesab edir ki, Qərb Azərbaycanın həm siyasi, həm də iqtisadi sahədə Rusiya ilə əlaqələrini kəsməsinə çalışır.
Ekspertlərin fikrincə, Qərb Azərbaycanı öz koalisiyasına qoşmaq üçün iki yoldan istifadə edə bilər. Bunlardan biri Qarabağ faktoru, digəri isə ekstremist plandır, yəni İŞİD terror qruplaşmasının bu əraziyə daxil olmasına şərait yaratmaq...