"Xəstəxanaya doğuşa görə gəlməmişdi"
2 uşaq anası doğuşdan sonra ölüb.
Ötən gecə Bakının Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasında ana ölümü qeydə alınıb.
Kəpəz TV (Region TV) xəbər verir ki, Beyləqan rayon Nil qəsəbəsi sakini, 30 yaşlı iki uşaq anasıElnurə Xanəliyeva doğuşdan sonra ölüb.
Xəstənin yaxınlarının sözlərinə görə, qripə yoluxmuş 8 aylıq hamilə qadın bir neçə gün öncə Sabunçu xəstəxanasına gətirilib. Onlar iddia edirlər ki, xəstəni yoxlamadan qeysəriyə əməliyyatı ediblər.
Etibar Xanalıyev - mərhumun dayısı: "Bizi qoymadılar, uşağımızı başqa özəl xəstəxanaya aparaq. Mərhum nəfəs almaqda çətinlik çəkirdi. Yoldaşı Sabunçu xəstəxanasına gətirdi ki, həkimlər onu müayinə etsinlər. Yəni, doğuşa görə xəstəxanaya gəlməmişdi. Həkimlər qərar veriblər ki, xəstə qeysəriyə əməliyyatı olunmalıdır və uşaq götürülməlidir. Bu zaman ağciyərində problem yaranıb və xəstə komaya düşüb. İki gün xəstə süni nəfəs aparatına bağlanıb. Sonra qəfil dünyasını dəyişib".
Xəstəxanadan isə bildirilib ki, qadına bütün lazımi yardım göstərilib. Uşaq sağ olsa da, ananın həyatını xilas etmək mümkün olmayıb. Xəstəxananın baş həkimi Fikrət Zeynalov aparılacaq araşdırmalardan sonra açıqlama verəcəyini bildirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova qeyd edib ki, yalnız fakt araşdırıldıqdan sonra nazirlik tərəfindən məsələyə münasibət bildiriləcək.
------------------
09.02.2016
21:46
Beyləqan rayon Nil qəsəbəsi sakini, 1986-cı il təvəllüdlü iki uşaq anası Xanəliyeva Elnurə Elman qızı doğuşdan sonra ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, xəstənin yaxınlarının verdiyi xəbərə görə, qripə yoluxmuş 8 aylıq hamilə qadın bir necə gün öncə Sabunçu xəstəxanasına gətirilib. Həkimlər xəstəni müayinə ediblər və qeysəriyyə əməliyyatı olunmasını qərara alıblar.
Qeysəriyyə əməliyyatından sonra uşaq sağ qalsa da, süni nəfəs aparatına qoşulan ana iki gün sonra keçinib.
Milli.Az