Novruz bayramı tətilləri ərəfəsində bir çox insanlar artıq bayram günlərini harada keçirəcəklərini planlaşdırırlar. Azərbaycanda mart ayında 9 gün qeyri-iş günü olacağını nəzərə alsaq soydaşlarımızın bir qisminin həmin günlərdə xarici ölkəyə üz tutacaqlarını təxmin etmək çətin deyil. Bayram tətillərində xaricə qetmək istəyənlərin sayının artması "lou-kost" uçuşlar məsələsini gündəmə gətirir.
Ucuz biletlər təklif edən "lou-kost" aviaşirkətləri Azərbaycana uçuş həyata keçirməsinə dair danışıqları hazırda davam etdirir.
“Qafqazinfo” xəbər verir ki, bunu ans press-ə açıqlamasında “Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib. Onun sözlərinə görə, hazırda İstanbuldan Qəbələ və Lənkəran hava limanlarına türk aviaşirkətləri “Pegasus” və “Atlasjet” tərəfindən uçuşların yerinə yetirilməsi məsələsi müzakirə olunur.
"Bundan başqa, “Air Arabia” büdcə aviaşirkəti Birləşmiş Ərəb Əmirliklərinin böyüklüyünə görə üçüncü şəhəri - Şarjadan Bakı, Qəbələ və Azərbaycanın digər regionlarına birbaşa reyslər aça bilər", - Kəsəmənski bildirib.
O, həmçinin qeyd edib ki, İsrailin milli aviadaşıyıcısı - “El Al” Israel Airlines aviaşirkətinin nümayəndə heyəti Azərbaycana səfər edərək Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında aviasiya təhlükəsizliyi sahəsində audit yoxlamaları həyata keçirib. “El Al” şirkətinin nümayəndələri 2016-cı ildə İsrailin “El Al” və “Arkia” aviaşirkətlərinin Təl-Əviv-dən Bakıya birbaşa reyslər açmaq planları barədə elan edib.
Bu yaxınlarda Rusiyanın “UTair” və “Ural Hava Yolları” aviaşirkətləri tərəfindən Bakı, Lənkəran və Gəncə hava limanlarında bir sıra audit yoxlamaları həyata keçirilib. Aviaşirkətlərin nümayəndələri audit yoxlamalarının nəticələrinə görə aviasiya təhlükəsizliyinin təşkili və sərnişin reyslərində xidmət səviyyəsini yüksək qiymətləndirib", - deyə qurumdan bildiriblər.