Verilən məlumata görə, dəyişikliyə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə Əmək Məcəlləsinə görə, iş günü hesab edilməyən bayram gününə düşərsə, səsvermə Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.
Layihəni təqdim edən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu dəyişiklik vətəndaşların istirahət hüququn tənzimlənməsinə xidmət edir.
Həmçinin Məcəlləyə əlavə edilən yeni 211.5 maddəsində deyilir ki, “Məcəllənin 211.4 maddəsinin tələbləri nəzərə alınmaqla keçirilən seçkilərdə seçilmiş bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır”.
Məcəllənin 243-cü maddəsinə edilən dəyişiklikdə isə bələdiyyələrə təkrar seçkilərin keçirilməsi üçün şərtlər açıqlanıb. Dəyişiklikdə göstərilir ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunla bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyələrin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda təkrar seçkilər keçirilir.
Millət vəkili İqbal Ağazadə polisin Sumqayıtda gənclərlə görüşünə mane olmasından şikayətlənib. O, YAP icra katibi Əli Əhmədovun heç bir problem olmadan rayonlarda tədbirlər keçirdiyini qeyd edib. İqbal Ağazadə Seçki Məcəlləsinə ciddi dəyişikliklər edilməli olduğunu vurğulayıb.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov dünyanın heç bir ölkəsində seçki müddətinin 3-4 ay olmadığını bildirib: “Siyasətçinin fikirləri mətbuatda, internetdə yayıla bilər. İndi problem nədir? Ola bilər ki, hansısa partiya kiminsə prezidentliyə namizədliyini irəli sürüb. Ancaq onun hüquqi statusu Seçki Məcəlləsində əksini tapıb. Ancaq prezidentliyə namizəd kimi qeydiyyata alınmadan həmin şəxs prezidentliyə namizəd kimi görüşlər keçirməyə başlanır. Burada Əli Əhmədovun keçirdiyi görüşlərlə bağlı danışıldı. Əli Əhmədov qabaqcadan icra qurumlarını xəbərdar edərək qərargahında görüş keçirir, çayxanada, yaxud haradasa moizə oxumur”.
Siyavuş Novruzov imza vərəqələri ilə bağlı problem olduğunu söyləyib: “İmza vərəqinə imza atanın ora imza atdığı tarixi yazmasının nə əhəmiyyəti var? Seçki komissiyalarına gəlincə, Azərbaycanda seçki komissiyaları idealdır. Fransada seçki Daxili İşlər Nazirliyi, Polşada hakimlər keçirir. Bizim kimdənsə öyrənməyə ehtiyacımız yoxdur, onlar bizdən öyrənib daha demokratik seçki keçirsinlər”.
Millət vəkili Bəxtiyar Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təmas xəttindən işğal altındakı torpaqlara keçməli olduğunu, bunun qaçqın və məcburi köçkünlərin tələbi olduğunu bildirib: “Azərbaycana gəlib, təmas xəttini keçməli, sülh missiyası həyata keçirdiklərini nümayiş etdirməlidirlər. Biz bununla bağlı tələb qoymalıyıq. Əgər tərəflər arasında etimad mühiti yaratmaq istəyirlərsə, təmas xəttini qaçqın və məcburi köçkünlərin gözü qarşısında keçsinlər”.
Millət vəkili Zahid Oruc Almaniyada, Fransada baş nazirin 8-9 dəfə seçilə bildiyini xatırladıb: “Üçüncü dövrdə prezident seçilən insan daha böyük məsuliyyəti üzərinə götürür. Həm də bu, xalqın iradəsi altında olur. Parlament üsul-idarəsində də baş nazir hökuməti formalaşdırır. Fərq nədir?! Parlament üsul-idarəsinin fəsadlarını bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili və partiyası yaşayır. Xalqı da yaşayacaq”.
YAP icra katibi Əli Əhmədov Seçki Məcəlləsinə dəyişikliyin məntiqli olduğunu dilə gətirib. O, İqbal Ağazadənin Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı fikirlərinə də toxunub: “Seçki Məcəlləsi, seçki qanunvericiliyi hansısa partiyanın seçkidə qalib gəlməsinə xidmət edən amil deyil. Praktikada nəinki 4 ay, heç 3 ay seçki keçirən ölkə də tapmaq olmur. Seçicilərə platformasını çatdırmaq məntiqi əsas götürülsə, gərək Azərbaycandan əhalisi və ərazisi 10 dəfə çox olan ölkələrdə il boyu seçki olsun. Ona görə də Azərbaycanda 2 aylıq müddət optimal bir müddətdir. Zaman dəyişib, yeni texnologiyalar yaranıb, fikirləri cəmiyyətə çatdırmaq üçün müxtəlif yollar var. Digər tərəfdən, seçicilərlə görüş keçirmək üçün yerlər var. İqbal Ağazadə o yerlərdən istifadə edibmi? Qanunda yerlər müəyyənləşdirilib və heç kəs bunu əngəlləmək hüqüquna malik deyil. YAP-a gəlincə, mövsümü olaraq yox, il ərzində üzvləri ilə görüşlər keçirir. İqbal Ağazadənin nəzərinə çatdırıram ki, YAP-ın üzvləri 600 nəfər yox, 600 min nəfərdir. Biz üzvlərimizlə görüşlər keçirir və qarşıdan gələn seçkiləri müzakirə edirik”.
Sonda Seçki Məcəlləsinə əlavə və dəyişikliklər qəbul edilib.