Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 27-də saat 10:00-da Şirvan Şəhər Polis Şöbəsində Şirvan şəhərinin, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı rayonlarının sakinlərini qəbul edəcək.
“Qafqazinfo”nun məlumatına görə, vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbul başa çatdıqdan sonra saat 12:00-da Şirvan Şəhər Polis Şöbəsində Ramil Usubov tərəfindən həmin şəhər və rayon polis orqanlarında vakant sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı keçiriləcək. Sıra baxışında yalnız həmin şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum edilməmiş, atletik cüssəli, 20-25 yaşlarında Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Müsabiqəyə yuxarıda qeyd olunan şəhər, rayon polis orqanlarında 15 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.