21 yanvar tarixində Qaynar.info saytında "Bayraq Meydanının sabiq rəisi azad olunur? - QRUPLAŞMA HƏRƏKƏTƏ KEÇDİ " adlı məqalə dərc olunmuşdu.
Hazırda istintaqı davam edən Bayraq Meydanının sabiq rəisi, "Azimport" şirkətinin və bir çox bdigər biznes obyektlərinin sahibi Rəşad Məmmədov barəsində hər gün yeni faktlar üzə çıxmaqdadır.
Ötən yazımızda qeyd etdiyimiz kimi, Rəşad Məmmədov və bacısının əri Azər Əsgərov ("Azimport" şirkətinin faktiki rəhbəri) istintaqa təzyiq etmək üçün bütün vasitələri hərəkətə keçiblər. Bunun üçün hətta bir sıra aparıcı media qurumlarının da dəstəyindən istifadə edirlər.
Saytımızı məlumatlandıran mənbə bildirir ki, Rəşad Məmmədov həbs olunarkən, onunla birlikdə saxlanılan Azər Əsgərov hansısa yolla az sonra sərbəst buraxıldı və bundan istifadə edərək, milyonlarla pulun və bir çox sənədlərin ölkədən çıxarılmasına nail oldular. Hətta şirkətin Avropa ölkələrinin birində töprəmə şirkət vasitəsi ilə tenderə qatılaraq, yüzmilyonlarla dollarlıq layihəni udduqları bildirilir. Xaricə çıxarılan sənədlər və faktlar üzərindən isə keçmişdə işbirliklərində olduqları bir çox məmurlara isə təzyiq edərək, onlardan Rəşad Məmmədovun azadlığa buraxılması üçün dəstək istəyirlər.
Mənbə Rəşad Məmmədovun "yüngül” cəza ilə bir müddət həbsdə qalmağa, ya da şərti həbs cəzası ilə azadlığa çıxmağa çalışdığını deyir. Bunun üçün isə o, bəzi "köhnə dost”larından kömək istəyib. Bu "köhnə dostlar”ın arasında Kərəm Həsənovun, Etibar Pirverdiyevin, Hacıbala Abutalıbovun və deputat Ağalar Vəliyevin də adları çəkilir. Rəşad Məmmədovun "Azimport” vasitəsilə Kərəm Həsənova bağlı "Azinko”, eləcə də Etibar Pirvediyevə bağlı "Azenco” şirkətləri ilə biznes maxinasiyaları həyata keçirib.
Bundan başqa, Məmmədov-Martirosovun "Azəraqrartikinti” ASC-nin təsisçisi, deputat Ağalar Vəliyevlə də işbirliyində olduğu, indi isə onlardan kömək gözlədiyi deyilir. Hacıbala Abutallıbova gəlincə, R.Məmmədovun az qala Bakının yarısını "dövlət sifarişi” adı ilə sökən zaman, merlə razılıq içində olması istisna edilmir.
Amma Rəşad Məmmədovun əsas himayəçisi qismində isə Əli Əsədovun adı çəkilir.
Ötən ilin noyabr ayında "Xural" saytında dərc olunan geniş araşdırma yazısından bəzi parçaları təqdim edirik:
"... Əli Əsədovun "ulduzu” Dənizkənarı parkın və sonradan "Bayraq meydanı”nın inşası ilə əlaqədar parlamağa başladı. O, qısa müddətdə təkcə Buzovna qəsəbəsində hər kvadrat metri üçün büdcədən 1.659 manat silinərək, guya mağazaları sökülən şəxslərə kompensasiya kimi veriləcəyi adı altında inşa etdirdiyi 158 ədəd bir və iki mərtəbəli mağazalara sahib çıxdı. Onları icarəyə verdi. İcarə haqlarını mənimsədi və ildırım surəti ilə varlandı. Qısa müddət keçmədi ki, artıq özünü Azərbaycanın oliqarxı saydı və bu titula uyğun qoçu və mühafizə dəstəsi saxlamağa başladı. Eyni zamanda "restoranlar kralı”na çevrildi".
"... Beynəlxalq bankdan 6 milyard manatın qısa müddət ərzində girovsuz kreditlər şəklində kölgə kabinet üzvlərinə və onlara yaxın olan dırnaqarası oliqarx-biznesmenlərə verilməsində, MTN-nin sabiq naziri Eldar Mahmudov tərəfindən 2 milyard pulun ölkədən çıxarılmasında Prezidentin İqtisadi məsələlər üzrə müşaviri Əli Əsədov təşkilatçılıq etmişdir. Əli Əsədov bu günə qədər 100 milyonlarla büdcə vəsaitini və vətəndaşların əmlakını qanunsuz sökərək onlara catacaq pulları, vəsaitləri dələduzluq yolu ilə mənimsəmişdir. Əli Əsədov 2 milyard pulu MTN-nin Binə hava limanında şöbə rəisi və "Silkvey” şirkətinin yük daşımaları üzrə komandiri Şəmistan Mirsalayev və onun işçiləri vasitəsilə ölkədən çıxarmışdır. Əli Əsədov İstanbulda "Azimport” MMC-də şərikləri olan erməni əsilli Rəşad Məmmədovun, onun qaynı Azər Əsgərov və Xəzər rayon İH Başçısı Gülağa İsmayılovun adına 3 ədəd mehmanxana almışdır...".
"... Ən dəhşətlisi budur ki, Prezidentin sərəncamı ilə 2011-2013-cü illər üzrə Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Agentliyinin sifarişlərinə daxil edilmədən, bütün işlər qapalı şəkildə Əli Əsədova məxsus "Azimport” MMC tərəfindən həyata keçirilmişdir..."
"Musavat.com" saytında 21 oktyabr 2015-ci il tarixində yayımlanan ""MTN işi"ndə Əli Əsədovla TV Musanın da adı hallanır" adlı məqalədə isə Əli Əsədovun "ulduzu"nun hansı səbəblər üzündən parlamasına aydınlıq gətirilir və bildirilir ki, Əli Əsədovla Eldar Mahmudov qrup yoldaşı olublar və tələbə vaxtı bir otaqda qalıblar.
"Azər Əsgərov artıq Ali Məhkəmə sədri Ramiz Rzayev ilə razılaşıblar"
Rəşad Məmmədovun əməllərinin qurbanlarından biri olan tanınmış vəkil Ramiz Zeynalov isə bu gün mediaya açıqlamasında bir çox maraqlı nüanslara da aydınlıq gətirib.
Vəkil qafqaznews.az saytına açıqlamasında Rəşad Məmmədovun azadlığa buraxılması istiqamətində intensiv işlərin getdiyini təsdiqləyib.
"Rəşad Məmmədovun arxasında Əli Əsədov (Prezidentin İqtisadi məsələlər üzrə müşaviri – red.) və qaynı Azər Əsgərov durub. Bu işlərin əsas rəhbəri Əli Əsədov olub. Rəşad Məmmədov sadəcə fiqurdur, amma onunla əlbir olan Əli Əsədov və Azər Əsgərov məsuliyyətə cəlb olunmur. Rəşad Məmmədovun işbirliyində olduğu "Azərenerji” və Dövlət Əmlak Məsələləri Komitəsindəki rəhbər şəxslər də məsuliyyətə cəlb olunmalıdır. Onlar milyonlarla vəsaitin ölkədən oğurlanmasına, qanunsuz tikinti və söküntü işlərinə cavabdehdirlər”. Onun sözlərinə görə, Əli Əsədov və Azər Əsgərov artıq Ali Məhkəmə sədri Ramiz Rzayev ilə razılaşıblar: "Ramiz Rzayev hərbi prokuror olan zaman Azər Əsgərova kömək etmişdi.
İndi də onunla razılaşıblar ki, Rəşad Məmmədovu tezliklə azadlığa çıxarsınlar. Təsəvvür edin, Əli Əsədov gedib 50 minə ağaclar alıb gətirib. 50 minə dünyada ağac yoxdur. Bunlar Azərbaycanın iqliminə yaramır. Kimə lazımdır bu?”
O vurğulayıb ki, müxtəlif maxinasiyalara əl atan Əli Əsədov tərəfindən oğurlanan pulların hamısı Rəşadın boynuna qoyulub. "Azimport” həm vergidən, həm də büdcədən nə qədər pul oğurlayıb. Bunun hamısını Rəşadın boynuna yıxmaq istəyirlər.
R.Zeynalov əlavə edib ki, Əli Əsədovun göstərişi ilə və bilavasitə Azər Əsgərovun da iştirakı ilə ona məxsus olan Zağulbada 360 kvadrat metrlik "Rəvan” kafesi sökülüb, kompensasiyası verilməyib. Vəkilin sözlərinə görə, təkcə onun yox, bir çox vətəndaşın evi və mağazası sökülüb, yerində isə müxtəlif biznes obyektləri və mülklər tikilib, amma sahiblərinə kompensasiya verilməyib. "Bu faktlar nədənsə müxtəlif instansiyalarda ört-bastır edilir. Xəzər RİH başçısı Gülağa İslamov da bu işlərdə onlara kömək edib”, – deyə Ramiz Zeynalov əlavə edib.
Arqument.Az