«Əgər biz daşınmaz əmlak bazarında mövcud olan qiymətləri nəzərdən keçirsək, son il yarımda dollarla olan qiymətlərin ancaq birtərəfli qaydada enişini müşahidə edirik. 1 ay qabaq artıq bildirmişdik ki, dollarla qiymətlər artıq orta hesabla 2 dəfəyə kimi düşüb».
“Qafqazinfo” “bizimyol.info”ya istinadən xəbər verir ki, bu haqda «Value and Sources» konsaltinq şirkətinin açıqlamasında bildirilir. Şirkətin baş direktoru Rəşad Əliyevin təhlilinə görə, qiymətləri manat ifadəsində nəzərdən keçirdikdə fevral və dekabr devalvasiyalarının təsirinə görə fərqli mənzərə görünür: «Manatla qiymət enməsinin 1-ci dalğasını biz 2014-cü ilin payızından fevral devalvasiyasına kimi müşahidə edirdik. Həmin vaxt qiymətlər həm manat, həm də dollar ifadəsində enirdi. 33 faiz fevral devalvasiyasından sonra manatla olan qiymətlər 1 ay ərzində əhəmiyyətli dərəcədə artdı. Həmin an dollarla qiymətlər məntiqi olaraq azalma nümayiş etdirdi. Ancaq mart ayının sonu, aprel ayının əvvəlindən qiymətlər hər iki valyutada- manat və dollar ifadəsində enməyə davam etdi və bununla manat qiymətlərinin enməsinin 2-ci dalğası başladı».
Təhlildə qeyd olunur ki, dekabr devalvasiyasından öncə fevral devalvasiyasından bir qədər fərqli vəziyyət yaranmışdı: «Bazarda satılan əmlakların əksər hissəsinin qiyməti manatla, az hissəsininki isə dollarla göstərilirdi. Bundan əlavə dekabr devalvasiyasından sonra əlavə olaraq manat cüzi dəyərsizləşməyə məruz qalmışdı.
Bəs biz bazarda dekabr devalvasiyasının nəticəsi olaraq nə müşahidə etdik?
Hadisələr normal olaraq seqmentlər üzrə, təklif qiymətlərinin valyutasından asılı olaraq fərqli baş verdi. Qiymətləri dollarla müəyyən edilən manat ifadəsində göstərilən əmlakların qiymətlərinin bir hissəsi dollarla aşağı salındı, bir hissəsi isə eyni qaldı. Məsələn, araşdırma zamanı elə elanlara rast gəlmişik ki, dekabr devalvasiyasından əvvəl yerləşdirilib. Satıcı ilə əlaqə yaradanda məlum olur ki, qiymət tam fərqlidir. Çünki həmin elanda qiymət manatla göstərilsə də, müştəri onu müəyyənləşdirəndə dolların məzənnəsinə istinad edib. İndi əlaqə yaradanda isə qiyməti ya yeni məzənnə ilə, yaxud da elə dollarla deyir. Etiraf edək ki, bu cür hallar o qədər də çox deyil. Bu daha çox kommersiya obyektləri bazarına xasdır.
Buna görə də ümumilikdə bazarı nəzərdən keçirdikdə, sözsüz ki, dekabr devalvasiyasının təsiri altında qiymətlər qismən artıb.
Hesab edirik ki, bazarda mövcud olan qiymətlər hələ də makroiqtisadi şəraitə adekvat deyil. Yəni mövcud şəraitin reallıqları qiymətlərdə tam olaraq əks olunmayıb. Makroiqtisadi şərait dedikdə bir çoxları bunu ancaq əhalinin alıcılıq qabiliyyəti ilə bağlayır. Ancaq tam olaraq bununla əlaqələndirmək yanlışdır. Alıcıların gözləmə mövqeyində olması da doğrudur. Ancaq baxır söhbət hansı alıcılardan gedir. İnvestor alıcılar daşınmaz əmlaka kapital yerləşdirilməsi nöqteyi nəzərindən baxırlar. Onların bir hissəsi alış üçün qiymətlərin daha da enməsini, digər bir hissəsi isə iqtisadi şəraitin yaxşılaşması siqnallarını gözləyirlər. İkincilər daha doğru strategiya seçiblər».