Verilən məlumata görə, vitse-spiker Valeh Ələsgərov Avropa Parlamentinin Cənubi Kiprdən olan deputatının Dağlıq Qarabağa səfərinin qəbuledilməz olduğunu söyləyib.
O, Cənubi Kiprin ilk növbədə adadakı türklərin hüquqlarını tanımağa çağırıb.
Millət vəkili Fazil Mustafa deyib ki, Avropa Parlamenti Fransa və Şimali Kiprdən olan deputatların Dağlıq Qarabağa səfərinin Avropa Parlamentinin mövqeyini ifadə etmədiyini bəyan edib: “Ancaq sabah həmin deputatlar saxlanarsa, Avropa Parlamenti dərhal bəyanat verəcək. Digər tərəfdən, Ermənistan 2014-cü ildə Avropa Şurasında Nazirlər Kabinetinə rəhbərlik edəcək. Biz niyə bu qurumda fəaliyyəti davam etdirməliyik?!”
Spiker Oqtay Əsədov isə Ermənistandan sonra Avropa Şurası Nazirlər Kabinetinə Azərbaycanın rəhbərlik edəcəyini nəzərə çatdırıb: “Ancaq gənclər, ictimai-siyasi qüvvələr ikili standartlara münasibət bildirməlidirlər”.
Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli xatırladıb ki, Murtuz Ələsgərovun dövründə deputat qrupunun rəhbəri kimi Şimali Kiprə səfər edib: Mən Milli Məclisin Azərbaycan-Yunanıstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəriyəm. Şimali Kiprə səfərə görə 2 il Yunanıstan səfərliyi mənimlə danışmadı. Biz də bu məsələlərə sərt yanaşmalıyıq”.
Vitse-spiker Bahar Muradova avroparlamentarilərin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini sərt tənqid edib: “Belə çıxır ki, beynəlxalq hüquq erməni maraqlarının müdafiəçiləri üçün heç bir məna kəsb etmir. Həmin deputatlar üz tuturam: Sizin səfərinizdə məqsəd nədir? Siz Avropa Birliyinə daxil olan ölkələrdə sosial hüquqları pozulan insanların səslərini eşitməli, miqrantların maraqlarını qorumalı olduğunuz halda niyə bir qrup erməninin maraqlarının müdafiəsinə çevrilmisiniz? Bəlkə doğurdan da sizlər ermənilər tərəfindən alınmısınız, sizə ödənişlər verilib?! Bu barədə də müzakirələr açılmalıdır. Biz diplomatik çərçivələrdən çıxmamışıq, ancaq çərçivələri gözlədikcə üzərimizə gəlirlər. Hansı tondan, ifadədən istifadə edirlərsə, biz də o tonda və o ifadə ilə cavab verməliyik. Yüz minlərlə azərbaycanlı öz evlərinə dönə bilmirlər. Standartları gözləmək başımızda çatlayır. Mən əminəm ki, bu, davam edəcək. Qarşıdan prezident seçkiləri gəlir. Onlara söyləyirəm ki, Azərbaycana qarşı fəaliyyətdən əlinizi, dilinizi saxlayın. Bu, onların bioqrafiyası üçün qara ləkədir. Bütün vətəndaşlar, siyasi partiyalar, gənclər buna münasibət bildirməlidir”.
İclas davam edir.