Dünya Bankı Azərbaycan hökuməti ilə kompleks tədbirləri müzakirə edir. Bu tədbirlərin hökumətin özəl sektorun aparıcı rol oynayacağı yeni inkişaf modelinə keçidi, neft qiymətlərinin azalması və milli valyutaya təzyiqlərə qarşı dayanıqlılığın artırılması ilə bağlı olduğu bildirilir.
Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin yanvarın 30-da yaydığl məlumatda bildirilir ki, Azərbaycan hökuməti struktur islahatları ilə bağlı hərtərəfli proqram formalaşdırmaqdadır. Belə çıxır ki, Dünya Bankı da danışıqların əsas predmeti kimi, Azərbaycan hakimiyyətinin qarşısında struktur islahatları tələbini səsləndirir.
Qeyd edək ki, son bir ayda hökumətin ən ali tribunalarından, hətta Milli Məclisin tribunasından belə, ayrı-ayrı deputatlar da bir-birini təkrarlayan dövlət qurumlarının ləğvini və ya birləşdirilməsini təklif ediblər. Hətta ölkə başçısı İlham Əliyev də son müşavirədə belə islahatların anonsunu verib. Ötən həftə ölkə prezidenti İlham Əliyevin özünə iqtisadi islahatlar üzrə yeni köməkçi təyin etməsi də, qarşıda böyük struktur islahatlarının olacağından xəbər verir.
Qarşıdakı aylarda Azərbaycanda bir çox nazirlik, komitə və ya xidmətlər birləşdiriləcək. Məsələn, Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Maliyyə Nazirliyinə, "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Kənd Təsərrüfatı Nazirliyinə, Diasporla İş üzrə Komitəsinin Xarici İşlər Nazirliyinə birləşdirilməsi real sayılır. Daha sonrakı aylarda Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin, Energetika Nazirliyi ılə "Azərenerji” ASC-nin və SOCAR-ın birləşdirilməsi gündəmə gətiriləcək. Hökumət belə qurumların sayını 15-17-ə qədər azaltmaqla büdcəyə qənaət etmək fikrindədir.
Miq.az-a daxil olan məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də Müdafiə Nazirliyinə birləşəcəyi haqda müzakirələr gedir. Düzdür, hər şey prezidentin atacağı addımdan və verəcəyi sərəncamdan asılıdır. Amma Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iqtisadi böhrana qədər də özünü doğrultmadığı hamıya bəllidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tək Müdafiə Nazirliyinin müvafiq qurumunun deyil, Azərbaycanda olan bütün silahlı qüvvələrə kadrların hazırlanması və səfərbər olunub göndərilməsi ilə məşğul olur. İdarə yaranmamışa qədər bu missiyanı Müdafiə Nazirliyi həyata keçirirdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Müdafiə Nazirliyinə göndərdiyi çağrışçılar yenidən tibbi müayinədən keçirlərsə, onda bu qurumun ləğv olunmasına dəyər. Halbuki, MN-nin özünün Səfərbərlik idarəsi mövcuddur. Onu da qeyd etməyi vacib sayırıq ki, bu gün şəxsən Müdafiə Nazirliyinin şəxsi heyəti arasında əsgər ölümlərinin azalmasının başlıca səbəbi çağrışçıların hərbi hissələrin tibb məntəqələrində yenidən tibbi müayinədən keçirilməsidir. Bu da müdafiə naziri Zakir Həsənovun orduya diqqətlə yanaşmasından irəli gəlir.
Əgər xatırlayırsınızsa, bir müddət bundal əvvəl 30 -a yaxın əsgər sağlam olmadıqlarına görə Müdafiə Naziri Zakir Həsənovun əmri ilə ordu sıralarından tərxis olunmuşdular. Həmin əsgərlər hərbi hissələrin tibb məntəqələrində yenidən müayinə olduqları zaman səhhətlərində problemlər aşkarlanmışdı.
Bu gün Müdafiə Nazirliyində və Milli Məclisin bəzi deputatları arasında söhbər var ki, Səfərbərlik idarəsi adıçəkilən birinci qurumun tabeçiliyinə verilsin.
Baxmayaraq ki, hər şey prezidentin qərarından asılıdır.