Elşad Eyvazlı: “İlk növbədə maddi dəstəyin hansı saytlara veriləcəyi dəqiqləşdirilməlidir”
Elçin Zahiroğlu: “Bir neçə layihəmiz var ki, reallaşması məhz maliyyədən asılıdır”
“İctimai rəyə təsirinin dövlətin və cəmiyyətin mənafeləri ilə uzlaşdırılması, səmərəli məcraya salınması, həmçinin ölkəmizin dünyada daha sistemli şəkildə təbliği üçün onlayn media vasitələrinə də dövlət dəstəyi şamil edilə bilər”. Bu sözləri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov şuranın 2016-cı ildə keçirilmiş ilk iclası zamanı səsləndirib. Qeyd edib ki, prezident İlham Əliyev milli mətbuatın 140 illik yubileyi münasibəti ilə MŞ İdarə Heyətinin üzvlərini qəbul edəndə bu istiqamətdə müzakirələr gedib və məsələ ilə əlaqədar kriteriyaların dəqiqləşdirilməsinin, yekun təkliflərin ölkə rəhbərliyinə təqdim edilməsinin zəruriliyi önə çəkilib.
Mövzu barədə sayt rəhbərlərinin fikirlərini öyrəndik və hansı gözləntilərinin olması, maliyyə yardımı ayrılacağı təqdirdə onu əsasən hansı istiqamətə yönəldəcəkləri ilə maraqlandıq.
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı “Kaspi”yə açıqlamasında dedi ki, internet media üçün pul vəsaitinin ayrılması planlaşdırılırsa, ilk olaraq, onların təsnifatlandırılması həyata keçirilməli, maddi dəstəyin hansı saytlara veriləcəyi dəqiqləşdirilməlidir: “Bilirsiniz ki, gün ərzində yüzlərlə sayt meydana çıxır və hər biri özünü media qurumu adlandırır. Əvvəla, onların nə cür qurum olduğu müəyyənləşməlidir. Düşünürəm ki, Mətbuat Şurası bunu müzakirə etməlidir. Prosesdə KİVDF də iştirak edə bilər. Yəni qərar verilməlidir ki, hansı internet resursunu media qurumu adlandırmaq olar. Bəzən sosial şəbəkələr də media təmsilçisi hesab olunur. Amma məncə, bu, tam olaraq belə deyil”.
E.Eyvazlının fikrincə, əgər hansısa sayt dövlət tərəfindən maliyyələşdiriləcəksə, təbii ki, o, dövlət maraqlarına xidmət edəcək: “Dövlət maraqları dedikdə onu nəzərdə tutmuram ki, həmin internet resursu hansısa bir məmurun korrupsioner əməllərini ifşa etməkdən vaz keçməlidir. Xeyr! Jurnalistin başlıca vəzifəsi görülən və görülməyən işləri, həmçinin neqativ məqamları cəmiyyətin nəzərinə çatdırmaqdır. Amma təbii ki, dövlət əleyhinə, milli mənafelərə qarşı olan yazılar yayan internet resurslarına dövlət tərəfindən yardım edilməsini düzgün saymazdım. Bu, mənim şəxsi düşüncəmdir. Təbii ki, başqa fikirlər də səsləndirilə bilər. Düşünürəm ki, aparıcı saytların hansılar olduğu ilə bağlı siyahı hazırlanmalıdır. Bundan əlavə, hansıların ictimai-siyasi proseslərə təsir edə bildiyi, cəmiyyəti narahat edən mövzulara toxunduğu da qeyd olunmalıdır. Yəni, konkret desək, hansı saytların lokomotiv rolunu oynaya biləcəyi açıqlanmalıdır. Aqreqat rolunu oynayan saytlar kifayət qədərdir və gün ərzində yüzlərlə belə internet resursu yaratmaq olar. Sovet dövrünün belə bir termini var idi – zəhmətkeş. Yəni, zəhmət çəkən saytların yazılarını götürüb yayırlar. Bu, çətin iş deyil. İki nəfər kompyuterin arxasında oturub bu işləri görür. Cəmiyyətə də maraqlı deyil ki, əslində, materialı hansı sayt hazırlayıb, kim əziyyət çəkib. Ona xəbəri, məlumatı oxumaq maraqlıdır. Ona görə də düşünürəm ki, bu mövzuya peşəkarcasına yanaşılmalıdır”.
Həmsöhbətimiz hesab edir ki, hansı media qurumlarına yardım ediləcəyi dəqiq müəyyənləşdirilməlidir: “Təbii ki, bizim də gözləntilərimiz var və modern.az-ın da dövlət tərəfindən maliyyə dəstəyi alacaq saytlar siyahısında olmasını çox istərdik. Bu, bizim üçün çox əhəmiyyətli məsələdir. Əgər biz dövlət tərəfindən maliyyə yardımı alacağıqsa, fəaliyyətimizin indikindən bir neçə dəfə güclü olacağını düşünürəm. Fəaliyyətimizdə xüsusi bir dəyişiklik olmayacaq. Sadəcə, hansısa sahələrə daha çox maliyyə ayıracağıq. Belə ki, fikrimizdə tutduğumuz, qarşıya qoyduğumuz məqsədlər, planlaşdırdığımız layihələr, proqramlar var. Buna isə maddi imkanımız çatmır. Əgər onları reallaşdırmağa maliyyəmiz olarsa, bundan hər birimiz qazanarıq. Pul vəsaiti ayrılacağı təqdirdə planlaşdırdığımız sahələrə xüsusi diqqət verəcəyik. Məsələn, düşünürəm ki, gənclərlə bağlı xüsusi işlər görmək lazımdır. Bu sahədə boşluq hiss edirəm. Milli maraqların qorunması ilə bağlı məsələlərdə də natamamlıq sezirəm. Saytların bu mövzuları diqqətdən kənarda qoyduqlarını demək istəmirəm. Dediyim məsələlər KİV tərəfindən işlənir. Sadəcə, bizim bununla bağlı öz planlarımız var. Eyni zamanda, vətəndaşların öz ölkəsinə, millətinə sayğısı ilə bağlı mövzuları işləmək istəyirik. Əsl vətəndaşın necə olması ilə bağlı təbliğat aparmaq fikrimiz var. Azərbaycançılıq, dövlətçilik, vətəni sevmək, korrupsionerlərə qarşı çıxmaq kimi mövzular da diqqətimizdədir. Dövləti sevməyənlərə qarşı mübarizə aparmaq kimi mövzuları qabardacağıq. Təbii ki, maliyyə ayrılarsa, bu sahələr üzrə fəaliyyətimizi genişləndirəcəyik”.
AzNews.az informasiya agentliyinin baş redaktoru Elçin Zahiroğlu internet mediasına maliyyə yardımının ayrılmasının çoxdan gözlədikləri məsələ olduğunu bildirdi. Qeyd etdi ki, deyilənlər reallaşarsa, elektron KİV üçün yeni səhifə açılmış olar: “Məlumdur ki, ictimai fikrin formalaşmasında, cəmiyyətin maariflənməsində, xəbər istehsalında saytların rolu ənənəvi mediadan dəfələrlə çoxdur və bu proses getdikcə bir qədər də sürətlənir. Ona görə də KİV-ə dəstək deyilən bir mexanizm varsa, burada mütləq saytlar da iştirak etməlidir. Məlum olduğu kimi, media ən az gəlir əldə edən sahələrdən biridir. Ona görə də bu sahəyə ayrılan vəsaitin həm də elektron KİV-ə yönəldilməsi artıq günün tələbinə çevrilib. Fikrimcə, bu layihə reallaşsa, mediada dərhal irəliləyişlər müşahidə olunacaq. Qaldı ki, vəsaitdən necə istifadəyə, o baxır ayrılan pulun məbləğinə. İndiki halda yalnız onu deyə bilərəm ki, məhz maliyyə azlığı üzündən xeyli çatışmazlıqlarımız var. Bir neçə layihəmiz var ki, onun reallaşması məhz maliyyədən asılıdır. Eyni zamanda, saytın təhlükəsizlik sistemi və bir çox texniki məsələlərin həlli də çox vacibdir. Əgər KİV-ə Dəstək Fondu bizə maliyyə yardımı edərsə, yəqin ki, ilk olaraq, bu cür problemlərimizi həll edəcəyik”.
Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərud mövzu barədə çox danışıldığını, amma hələ real bir iş görülmədiyini söylədi: “Maliyyə yardımının ayrılacağı deyilsə də, düzü, buna çox da inanmıram. Daha doğrusu, bunu indiki iqtisadi reallıqlar fonunda o qədər də mümkün iş hesab etmirəm. Amma təbii ki, deyilənlər gerçəkləşərsə, buna çox sevinərik. Düşünürəm ki, bəlli nüfuza, gücə, oxucu kütləsinə malik media nümayəndələrinə üstünlük veriləcək. Ayrılacaq maliyyə yardımının hansı istiqamətdə xərclənəcəyinə gəlincə isə, məncə, vəsait medianın saxlanmasına və daha da inkişaf etdirilməsinə xərclənməlidir. Biz bu cür edəcəyik”.