Azərbaycanda yeni iqtisadi və siyasi reallıqlar ciddi kadr və struktur islahatlarını qaçılmaz edib
Novruz bayramına qədər bir sıra ciddi dəyişikliklərin şahidi olacağıq. Bu barədə istiqlala hakimyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, prezident İlham Əliyev son çıxışlarında qeyd etdiyi kimi, bir sıra nazirlik və dövlət komitələri ləğv ediləcək və ya birləşdiriləcək: "Hazırda ləğv ediləcək və başqa qurumlara birləşdiriləcək təsisatları siyahısı dəqiqləşdirilr. Siyahı çox yaxın zamanlarda prezidentə təqdim ediləcək".
Mənbənin sözlərinə görə, ən ciddi islahatlar regional idarəetmədə aparılacaq: Rayon icra hakimiyyətlərinin təkcə başçıları yox, həm də strukturu dəyişəcək. Hazırda hazırlanan layihədə Azərbaycanın ərazi vahidlərinin dəyişdirilməsi və vilayətlərin yaradılması nəzərdə tutulur. Bu həm də regionların büdcə dotasiyalarından asılılığını aradan qaldırmaq baxımından zəruridir. Vilayətlər həm də mərkəzi hakimiyyətin yükünü azaltmaq və yerli idarəetməni gücləndirmək məqsədi güdür. Elə bir sistem qurulmalıdır ki, nazirlərin tez-tez rayonlarda qəbullar keçirtməsinə ehtiyac qalmasın" - deyə mənbə vurğulayıb.
Mənbənin sözlərinə görə, ilkin layihədə 10-a yaxın vilayətin yaradılması nəzərdə tutulur: "Ancaq bu barədə rəylər müxtəlifdir. Yəni say 10-dan yuxarı da ola bilər, aşağı da. Hələ ki, işçi qrup layihə üzərində işləyir. Layihə prezidentə təqdim edildikdən sonra son qərar veriləcək".