"Prezidentin yeni fərmanı ilə Mərkəzi Bankdan banklara nəzarət səlahiyyəti alınıb. Bunların hamısını Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsi həyata keçirəcək".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri ekspert Əkrəm Həsənov sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, 5 il əvvəl yazdığı "Azərbaycanın bank hüququ" kitabında bunu əsaslandırıb:
"Çox düzgün addımdır. Maliyyə nəzarətini vahid və müstəqil qurum həyata keçirməlidir. Mərkəzi Bank isə yalnız pul siyasəti ilə məşğul olmalıdır. Maliyyə Nazirliyi isə dövlət büdcəsi ilə".
Qeyd edək ki, bu gün prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fərmanda qeyd olunur ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilsin və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilsin.
Palatanın yaradılma məqsədi də fərmanda əks olunub: "Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılsın".