Abşeron yarımadası istisna olmaqla, Azərbaycan ərazisində təhlükəli sürüşmə sahələrinin adları açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya açıqlamasında deyib ki, onlar tərəfindən Azərbaycan ərazisində Abşeron yarımadası istisna olmaqla, təhlükəli sürüşmə sahələrinin xəritələri hazırlanıb.
Onun sözlərinə görə, xəritələrə Ağsu rayonu üzrə 5 sürüşmə sahəsi, Cəlilabad rayonu üzrə Sadatlı sürüşmə sahəsi, Gədəbəy rayonu üzrə Şahdağ sürüşmə sahəsi, Göygöl rayonu üzrə Dozular sürüşmə sahəsi, Xızı rayonu üzrə Xızı sürüşmə sahəsi, İsmayıllı rayonu üzrə Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərində sürüşmə sahələri, Diyallı və Vaşa sürüşmə sahələri, Qobustan rayonu üzrə Cəyirli və Poladlı sürüşmə sahələri, Quba rayonu üzrə Quba-Xınalıq yolu sürüşmə sahəsi, Quba-Qonaqkənd yolu sürüşmə sahəsi, Güləzi və Küsnət sürüşmə sahələri, Qusar rayonu üzrə Qusar-Sudur avtomobil yolunun 37-ci kilometrliyi sürüşmə sahəsi, Qənərçay və Urva sürüşmə sahələri daxil edilib.
Ə. Qaralov qeyd edib ki, Lerik rayonu üzrə Veri-Əliabad sürüşmə sahəsi, Lənkəran rayonu üzrə Horavenç sürüşmə sahəsi, Lənkəran-Lerik yolunun 17-19-cu km sürüşmə sahəsi, Masallı rayonu üzrə Güllütəpə sürüşmə sahəsi, Şabran rayonu üzrə Bakı-Samur avtomobil yolunun 120-ci km-i sürüşmə sahəsi, Baş Əmirxanlı və Surra sürüşmə sahələri, Şamaxı rayonu üzrə Bakı-Şamaxı magistral yolunun 106-111-ci km-də bir neçə sürüşmə sahəsi, Bakı-Ağsu yolunun 132-156-cı km-də sürüşmə sahələri, Cabanı, Dədə Günəşli, Qaravəlli, Muğanlı və Saqiyan sürüşmə sahələri, Tovuz rayonu üzrə isə Qəribli sürüşmə sahələri təhlükəli sahələr olaraq müəyyən olunub.
Ə. Qaralov onu da qeyd edib ki, sürüşmə sahələrinin istiqamətləri xəritə üzərində göstərilib: “Hazırda tərəfimizdən Abşeron yarımadasında təhlükəli sürüşmə sahələrinin xəritələri hazırlanır”.
Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində coğrafi koordinatları müəyyən edilmiş torpaq sürüşməsi təhlükəsi olan sahələrin xəritələrinin təsdiq edilməsi və bu sahələrdə tikinti işlərinin qadağan edilməsi haqqında qərar verib. Qərara əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan tədqiqatlar nəticəsində müəyyən edilən torpaq sürüşməsi təhlükəsi olan sahələrin coğrafi koordinatları əks olunan xəritələr kağız və elektron variantda təsdiq ediləcək. Torpaq sahəsinin mənsubiyyətindən asılı olmayaraq, həmin təsdiq edilmiş xəritələrdə göstərilən torpaq sürüşməsi təhlükəsi olan sahələrdə sürüşməyə qarşı tədbirlər istisna olmaqla, tikinti işlərinin aparılması qadağandır. Bu qərarın icrasına nəzarət Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.