Prezident İlham Əliyev tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru Cəlal Əlirza oğlu Əliyevin ölümü ilə bağlı nekroloq imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, nekroloqda onun əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Əkinçilik İnstitutunun bitki fiziologiyası şöbəsində kiçik elmi işçi kimi başladığı qeyd edilib.
Akademik Cəlal Əliyev araşdırmaları və əldə etdiyi nailiyyətləri ilə respublikada elmin inkişafına töhfələr verib. Onun tədqiqatları ölkədə yeni istiqamətlər müəyyənləşdirməklə biologiya elmi qarşısında duran bir sıra aktual problemlərin həllinə xidmət edib.
Cəlal Əliyevin çoxillik axtarışlarının nəticələri Azərbaycanda və xaricdə nəşr olunmuş 600-dən artıq elmi əsərdə, o cümlədən onlarla monoqrafiya və kitabda öz əksini tapıb.
Alim müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən “İstiqlal”, “Şərəf” ordenlərinə və müxtəlif fəxri adlara layiq görülüb.
Nekroloqu prezident İlham Əliyev və digər hökumət nümayəndələri imzalayıblar.