Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya hərbi təyyarəsinin sərhədi pozması ilə bağlı Moskvaya etdiyi xəbərdarlıqdan sonra Türkiyə Silahlı Qüvvələri "hər an hər şeyə hazır olmaq" mənasını verən "Narıncı" həyəcan səviyyəsi elan edib.
“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı Amasya, Ankara, Balıkesir, Diyarbəkir və Malatyada yerləşən hərbi bazalara əmr verilib ki, sərhəd pozuntusu zamanı istənilən hədəf əmr gözləmədən məhv edilsin.
Bundan başqa, "Narıncı" həyəcan səviyyəsi elan edildikdən sonra Diyarbəkirdəki aviabazaya çox sayda F-16 qırıcısı göndərilib.
Daha əvvəl isə R.T.Ərdoğan Rus döyüş təyyarəsinin Türkiyə hava sərhədini pozması ilə bağlı açıqlama verərkən xəbərdarlıq edib ki, Rusiya bu cür sərhəd pozuntularını davam edərsə, nəticələri ilə üzləşmək məcburiyyətində qalacaq.
“Dünən hava məkanımız Rusiyaya məxsus təyyarə tərəfindən pozulub. Böhranın daha da dərinləşməsinə hesablanmış bu cür məsuliyyətsiz addımlar nə Rusiyaya, nə NATO-Rusiya münasibətlərinə, nə də ki regional və qlobal aləmə lazım deyil, onlar yalnız zərər gətirir. Dünən bu fikirlər Rusiyanın Ankaradakı səfirinə çatdırılıb. Mən, həmçinin, XİN rəhbərinin müavinindən Rusiya tərəfi ilə əlaqə saxlayaraq hörmətli Vladinir Putinlə şəxsən danışmaq istədiyimi bildirməsini xahiş etdim. Səfirimizin məlumatına görə, Rusiya tərəfi bu barədə məlumatlandırılıb, lakin hələ cavab almamışıq”, - deyə Ərdoğan bildirib.
Ötən gün 11:46 radələrində Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus SU-34 qırıcı təyyarəsi Türkiyə hava məkanını pozub. İnsidentlə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb.
“Türkiyə hava məkanının pozulmasına görə ortaya çıxa biləcək arzuolunmaz halların məsuliyyəti tamamilə Rusiyanın üzərinə düşəcək. Bu, Rusiyanın iki ölkə arasındakı böhranın daha da dərinləşməsini istəməsinin aşkar göstəricisidir”, - deyə XİN-nin bəyanatında bildirilir.
Məlumatda qeyd olunur ki, insident dünən saat 11.46 radələrində qeydə alınıb. Türkiyə hava məkanını pozan Rusiya təyyarəsinin heyətinə rus və ingilis dilində dəfələrlə xəbərdarlıq edilib.
Rusiyanın Müdafiə Nazirliyi isə SU-34 təyyarəsinin Türkiyənin hava məkanını pozmasına dair məlumatı təkzib edib.
Xatırladaq ki, 2015-ci ilin noyabrın 24-də Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus SU-24 bombardmançı təyyarə Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulub. Ankara Rusiya təyyarəsinin ölkənin hava məkanını pozduğunu iddia edir. Rusiya tərəfi isə Türkiyənin hava məkanını pozulması faktını inkar edir və insidenti təcavüz aktı kimi qiymətləndirib.
İnsident iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olub.