“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin "Palmali" Şirkətinə məxsus obyektlərin işığını kəsməsi xəbəri həqiqəti əks etdirmir.
AzNews.az xəbər verir ki, bu sözləri Qafqazinfo-ya “Palmali” Şirkətlər Qrupunun Bakı ofisinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirib. O, işıqların sönməyini hava şəraiti ilə əlaqələndirib:
“Son iki gündə Lənkəranda yağan güclü qar səbəbindən şirkətimizə məxsus "Palsüd" MMC zavodunda qısa müddətli elektrik verilişində fasilə yaranıb. Bununla belə qısa fasilə zavodun işinə qətiyyən təsir etməyib. Hazırda adıçəkilən zavodda və şirkətimizə məxsus digər obyektlərdə elektriklə bağlı hər hansı problem yoxdur. Bu tip və buna oxşar dezinformasiya xəbərləri hər dəfə öz təsdiqini tapmadığından bunu "Palmali" Şirkəti olaraq kimlərinsə sadəcə növbəti ucuz və uğursuz qarayaxma cəhdi kimi qiymətləndiririk”.
***
22:05
Son dövrlər yaşanan maliyyə çətinlikləri, deyəsən böyük şirkətlərdən də yan keçməyib. Maliyyə böhranı səbəbindən böyük şirkətlərin bəziləri hətta kommunal xərcləri belə ödəməyə çətinlik çəkir. Bu günlərdə isə Lənkəranda “Palmali” Şirkətlər Qrupuna məxsus şirkətin işıqları kəsilib.
AzNews.az xəbər verir ki, şirkətin işçilərindən Modern.az saytına verilən məlumata görə, artıq iki gündür şirkət qaranlıqda qalıb.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti “Palmali” Şirkətlər Qrupuna məxsus şirkətlə yanaşı, daha 4 şirkətin işıqlarını kəsib. İşıqlar kəsilməzdən iki gün öncə isə onlara borcla bağlı xəbərdarlıq edilibmiş.
Görünür borcun ödənilməməsi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətini də elektrik enerjisini dayandırmaq məcburiyyətində qoyub.
Məsələ ilə bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə də əlaqə saxladıq. Amma qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məzuniyyətdə olduğundan elektrik enerjisinin kəsilməsi səbəbini tam dəqiqləşdirə bilmədik.