Hakimiyyət daha bir nazirlə vidalaşır. Bu, kənd təsərrüfatı naziri İsmət Abbasovdur. Bu barədə xəbər redaksiyamıza iqtidara yaxın mənbədən daxil olub. Qaynağın sözlərinə görə, təhsil naziri Misir Mərdanov vəzifədən azad edildikdən sonra ölkə rəhbərliyi sadə, narazı əhalinin, xüsusi ilə regionlarda yaşayan insanların daha çox gileyləndiyi sahələrə rəhbərlik edən digər nazirlərin də yola salınmasına qərar verib.
Mənbə iddia edir ki, məhz təhsil, sosial-iqtisadi sahələrə rəhbərlik edən şəxslərin tutduqları postlardan kənarlaşdırılması prosesinə start verilməsi təsadüfi deyil: “İqtidar son ilyarım ərzində regionlarda baş verən sosial etirazlardan ciddi narahatlıq keçirdi. Hakimiyyət texnoloqlarının qənaəti bundan ibarət olub ki, xalqın narazılığı ifrat həddədir; təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrində heç bir inkişafın olmaması, ordudakı neqativlər, əsgər ölümləri, rüşvətxorluğun baş alıb getməsi, üstəlik məmur özbaşınalıqları insanları bezdirib son həddə çatdırıb. Bu səbəbdən də birbaşa əhalinin gündəlik həyatına təsir edən sahələrin rəhbərlərinin dəyişdirilməsi, bununla da ictimai rəyə müsbət impulsların verilməsi məqsədəuyğun hesab edilib.Həmçinin, yeni nazirlərin reputasiyasının ləkəli olmaması, gənc kadrlar olması əsas şərt kimi göstərilib. Təhsil nazirinin dəyişdirilməsindən sonra iqtidar öz təbliğat vasitələri ilə belə bir düşüncə formalaşdırmağa çalışır ki, hökumət islahatlara başlayıb. Lakin insanları indi bir məmuru işdən çıxarmaqla inandırmaq mümkün deyil. Bu səbəbdən də Misir Mərdanovun ardınca müdafiə naziri Səfər Əbiyevin, kənd təsərrüfatı naziri İsmət Abbasovun da işdən çıxarılması müzakirə olunub. Azərbaycanda heç bir nazirin vəzifədən azad ediləcəyi barədə öncədən məlumat verilmir. Ancaq iqtidar dəhlizlərində bu haqda mütləq danışılır və bu da bir siyasətdir. Hazırda iki nazirin - Səfər Əbiyev və İsmət Abbasovun işdən çıxarılması, onların yeni, gənc kadrlarla əvəzlənməsi artıq qərarlaşdırılmış məsələdir (Buradaca qeyd edək ki, ötən saylarımızda Səfər Əbiyevin nazir postundan alınacağı haqda daha ətraflı yazmışdıq, bu üzdən digər nazirlə bağlı olan yeni xəbərləri oxuculara çatdıracağıq-red.) Sadəcə, indi onların yerinə kimin gətirilməsi məsələsi ilə bağlı bir neçə variant gözdən keçirilir. İsmət Abbasovun yerinə tamamilə gözlənilməz bir adamın gətiriləcəyi istisna deyil. Artıq Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifə tutan şəxslər də nazirin yola salınacağını bilirlər, indi hər kəs öz taleyini düşünür”.
Qaynaq qeyd edib ki, İsmət Abbasovun hətta “yarıtmaz fəaliyyətinə görə” işdən çıxarılması üçün də zəmin var. Çünki son illərdə kənd təsərrüfatında ciddi geriləmələr baş verib. Xatırladaq ki, ölkə prezidenti 12 fevral müşavirəsində kənd təsərrüfatı sahəsində baş verən neqativlər haqda kəskin danışmışdı. Kənd təsərrüfatının inkişafına dəstək məqsədi ilə yaradılan lizinq şirkətləri yerlərdə əhalinin başına oyunlar gətirir; fermerlərə, kəndlilərə ayrılan subsidiyalar, kompensasiyalar açıq-aşkar mənimsənilir. Bu səbəbdən də rayonlarda əkin-biçinə yararlı torpaq sahələrinin təxminən 30-40 faizi istifadəsiz qalıb. Əkilən torpaq sahələrinin böyük hissəsini isə kəndlilər özləri deyil, oliqarxlar, icra başçılarının adamları kəndlilərdən ucuz qiymətə icarəyə götürərək istifadə edirlər. Belə bir şəraitdə İsmət Abbasovun vəzifədən azad edilməsi regionlarda yaşayan vətəndaşlarda müsbət düşüncə formalaşdıra bilər, bir şərtlə ki, yeni nazir hansısa işlər görə bilən şəxs olsun. Hər halda, iqtidar texnoloqlarının qənaəti belədir".
Mənbəmiz onu da bildirib ki, son vaxtlar İsmət Abbasovun adı beynəlxalq aləmdə də korrupsioner məmur kimi hallanmağa başlayıb. Onun Londonda bahalı mülk əldə etməsi gündəmdə olan məsələlərdən biridir. Kənd təsərrüfatı naziri bu məsələni ört-basdır etmək istəsə və mülkünü guya hələ 1991-ci ildə əldə etməsi barədə kampaniya aparsa da, bir nəticəyə nail ola bilmədi. Çünki 1991-ci ildə SSRİ dağılmamışdı, ikincisi, İsmət Abbasov biznesmen yox, məmur olub, dövlət qulluqçusunun isə məvacibi heç cür Londonda bahalı mülk almağa imkan vermir. Bütün bu baş verənlərin fonunda İsmət Abbasovun yola salınması üçün əla zəmin var; iqtidar bununla həm daxili auditoriyada reytinq qazanmağa cəhd edəcək, həm də beynəlxalq aləmə “korrupsiyada adı hallanan bir naziri də yola saldıq” kimi mesaj verə biləcək.
Sonda başqa bir mənbədən aldığımız məlumatı da diqqətə çatdıraq. Kənd Təsərrüfatı Nazirliyinə tabe olan qurumlardan birində orta bir vəzifə tutan bir məmur demokratik düşərgəyə yaxın olan şəxslərdən biri ilə söhbətində belə bir ifadə işlədib: “Nazirlikdə, bizim idarədə hamı İsmət Abbasovun istefaya göndəriləcəyi günü gözləyir, çünki bu, konkretləşmiş məsələdir. Artıq nazirliyin heç bir yeni layihəsi yoxdur, bu istiqamətdə işlər yeni nazir gələndən sonra davam edəcək”.