Fransa və Avropa qəzetlərinin yazdığına görə Fransa prezidenti François Hollande və bu ölkədə səfərdə olan İran prezidenti Hassan Rouhani-nin əvvəlcədən planlaşdırılmış nahar yeməyi baş tutmayıb.
“Qafqazinfo” azadliq.org-a istinadən xəbər verir ki, buna səbəb Yelisey sarayının şərabı naharın menyusundan çıxarmaması olub.
Belə bir xahişlə İran tərəfinin protokol xidməti Fransa rəhbərliyinə hələ səfərdən xeyli əvvəl müraciət etmişdi.
Qəzetlər yazırlar ki, iki ölkə arasında liderlərin qarşılıqlı səfər etmədikləri son 17 ildən sonra Hassan Rouhani
Parisdə tək nahar etməli olub.
Romada heykəlləri “abıra” salmışdılar
Bundan bir gün əvvəl İtaliyada hökumətin rəsmi ziyafətdə şərabı menyudan çıxarması siyasətçilərin və bir sıra siyasi şərhçilərin qəzəbinə səbəb olmuşdu.
İtaliyada baş nazir Matteo Renzinin hökuməti iranlı qonağın xətrinə protokolu pozmaqda bir az da “irəli” getmişdi.
Ziyafətin verildiyi Kapitolina muzeyinin dəhlizlərində çılpaq Roma ilahələrinin heykəllərini əvvəlcədən örtmüşdülər.
İtaliya müxalifəti Renzini yaltaqlıqda və dünyəvilik prinsiplərini satmaqda ittiham edirdilər.
Bəzi şərhçilərin yazdığına görə İtalıya hökuməti sadəcə olaraq İranla bağlanmalı olan 17 milyard dollarlıq ticarət kontraktlarını risk qarşısında qoymaq istəməmişdi.
Sonradan İtaliyanın mədəniyyət naziri nə onun, nə də baş nazirin çılpaq heykəllərin örtülməsi planlarından xəbəri olmadıqlarını deyib.
“Kompromis” də baş tutmayıb
Lakin indi belə görünür ki, Paris bəzi Fransa qəzetlərinin yazdığı kimi “respublika dəyərlərini İslam respublikasının qarşısında qurban vermək istəməyib”.
Mətbuat yazır ki, İranda alkoqollu içkilərin nəinki özü, hətta adlarının hər hansı nəşrlərdə çəkilməsi belə qadağandır.
Fransa qəzetləri yazırlar ki, Paris şərab məsələsində “kompromis variant” kimi nahar yeməyini səhər yeməyi ilə əvəzləməyi təklif edib.
Lakin bu dəfə təklif iranlılar tərəfindən qəbul olunmayıb.
Ticarət ticarət yerində, amma…
Hassan Rouhani cümə axşamı Parisdə Fransa-İran biznes forumunu keçirməlidir.
Burada onun Total və Airbus şirkətlərinin rəhbərləri ilə üzbəüz danışqıları nəzərdə tutulub.
İran Airbus şirkətindən 114 təyyarə almaq niyyətindədir.
Fransa İtaliya ilə müqayisədə və ümimilikdə Avropada İrana qarşı daha sərt mövqeyi ilə seçilir.
“Doğrudur, İran beynəlxalq icmaya qayıdıb, lakin bu o demək deyildir ki, biz hər bir məsələdə, xüsusilə də Suriya məsələsində razılaşırıq” – deyib Fransanın xarici işlər naziri Laurent Fabius.
Bu da xəbər verilir ki, cənab Hollande iranlı həmkarı ilə görüşündə İranda insan haqları və edamlar məsələsini qaldıracaq.