Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının təşkilatçılığı ilə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr arasında “Robototexnika” üzrə yarışma keçirilib.
“Qafqazinfo” xəbər verir ki, BANM-in rektoru Elmar Qasımov tələbələrin dərsdən əlavə çalışmaqla müəyyən qurğular yaradaraq öz biliklərini nümayiş etdirmələrindən məmnun olduğunu bildirib. Elmar Qasımov tələbələrin yaradıcılıq və təşəbbüsünün böyük əhəmiyyət daşıdığını, onların bu nailiyyətlərinin davam edəcəyini deyib. Elmar Qasımov bu yarışmanın davamlı olacağına inamını ifadə edərək, gələcəkdə bu yarışmaların orta ümumtəhsil məktəbləri ilə birgə keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra 6 komanda üzrə yarışma başlayıb. Tələbələr hazırladıqları və proqramlaşdırdıqları robotları nümayiş etdirdilər və hər biri haqqında məlumat veərək onların işləməsini əyani olaraq göstəriblər.
Münsiflərin qiymətləndirməsindən sonra komandalar içərisindən “New era” komandası 1-ci yer, “Moon walkers” komandası 2-ci yer, “Star” komandası 3-cü yeri qazanıb. Qalib komandalar BANM-in əməkdaşlıq etdiyi şirkətlər tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.