Azərbaycan Beynəlxalq Unversitetinin eks-rektoru, hazırda Fransada mühacirətədə olan Elşad Abdullayevin böyük rezonans yaratmış videoçəkilşin tam variantını yayması bir sıra suallar yaradıb. Sabiq deputat Gülər Əhmədovanın həbsinə səbəb olan həmin videoda mərhum Sevinc Babayeva E.Abdullayevlə təkbətək söhbəti zamanı Milli Məclisin keçmiş deputatı, hazırda Böyük Britaniyada yaşayan Rza İbadovun da adını çəkir. Sevinc Babayevanın Rza İbadovun adından danışması keçmiş deputatın etirazına səbəb olub.
2005-ci ildə çəkilmiş gizli videoda Sevinc Babayeva Elşad Abdullayevə deyir ki, Rza İbadov deputat seçkiləri ilə bağlı dövlət başçısı ilə görüşüb. Görüş zamanı guya, prezident ona Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət etməsini tövsiyə edib.
Bu məqam ölkə KİV-lərində və internet portallarında yayılıb. Məsələyə aydınlıq gətirmək üçün Modern.az saytı Londonda yaşayan Rza İbadovla əlaqə saxlayıb.
R.İbadov açıqlamasında videodakı adının hallandırılıdığı həmin informasiyaya aydınlıq gətirib. Videomateriala baxdığını deyən Rza İbadov bildirib ki, mərhum Sevinc Babayevanın onunla bağlı dedikləri tam yalandır.
“Mən bu videoya baxdım. Orada mənimlə bağlı deyilənləri tam qətiyyətlə təkzib edirəm”.
Keçmiş deputat bildirib ki, 2005-ci ildə onun dövlət başçısı ilə görüşü olub. “Mənim prezident İlham Əliyevlə görüşüb olub. Mən cənab prezidentlə seçkidən xeyli əvvəl, 2005-ci ilin əvvəlində görüşmüşəm. Bu görüşdə parlament seçkiləri ilə bağlı heç bir söhbət olmayıb. Mən bu məlumatı təkzib edirəm. Prezidentlə aramızda olan söhbətlə bağlı heç kimə danışmamışam”-deyə R.İbadov bildirib.
Eks-deputat mərum Sevinc Babayevanı tanıdığını gizlətməyib. Onun sözlərinə görə, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub və S.Babayevanı parlament jurnalisti kimi tanıyıb.
“Mən Sevinc Babayevanı 2000-ci illərdə tanımışam. O hansısa qəzetin parlament müxbiri idi. O zaman Babayeva müəyyən məsələlərə yardım etməm üçün mənə müraciət etmişdi. Mən də kömək etmişdim. Onu jurnalist kimi tanımışam”-deyə R. İbadov vurğulayıb.
Daha sonra R. İbadov deyib ki, 2005-ci ildə keçirilən parlament seçkilərinə namizəd kimi qatılarkən S.Babayeva ona zəng vurub.
“2005-ci ildə, sentyabr ayında, seçkilərdən bir ay öncə Sevinc Babayeva mənə zəng vurdu və görüşmək istədiyini bildirdi. Mən guman etdim ki, yəqin nəsə problemi var və onu qəbul etdim. O görüşə tək deyil, Gülər Əhmədova ilə gəlmişdi. Mənim Gülər Əhmədova ilə elə bir tanışlığım yox idi. Ofisimdə 40-45 dəqiqə oturdular. Parlament seçkiləri ilə bağlı, kampaniayada iştirak edən namizədlər, onların şansları barədə ümumi söhbət elədik. Söhbət əsnasında hiss etdim ki. onlar bütün seçki dairələri ilə bağlı məlumatlıdırlar. Daha sonra sağollaşıb getdilər.
Bu söhbətdə isə mənim dövlət başçısı ilə olan görüşüm, bu görüşün məğzi barədə barədə bir kəlmə belə deyilməyib. Sevinc Babayevanın dediklərinin hamısı cəfəngiyyatdır. Mən qətiyyətlə bunu rədd edirəm”-deyə R.İbadov vurğulayıb.
Adının bu məsələdə hallanmasının onun üçün gözlənilməz olduğunu deyən R.İbadov bildirib ki, mərhum Babayevanın onun adından istifadə etmə cəhdinin səbəbini izah etməkdə çətinlik çəkir.
“Bu mənim üçün də gözlənilməz oldu. Bu barədə hər hansı fikir yürütmək mənə çətindir. Ola bilsin mərhum Babayeva xal qazanmaq, özünü vacib şəxs kimi göstərmək istəyib. İndi bu barədə nə isə demək çətindir. Çünki Sevinc Babayeva artıq rəhmətə gedib”-deyə sonda Rza İbadov bildirib.