Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Elmi Tədqiqat Mərkəzində əmək bazarı və məşğulluq problemləri üzrə şöbənin müdiri Mətləb Mahmudovun qəzetimizə verdiyi məlumata görə, ƏƏSMN və İqtisadiyyat Nazirliyinin müvafiq şöbələrinə müxtəlif sahələr, o cümlədən ali məktəblərə kadr hazırlığı üzrə proqnozların verilməsi tapşırılıb: “Ali məktəb rəhbərləri abituriyent qəbulu üzrə Təhsil Nazirliyinə məlumat verirlər, bu da bizim nazirliklə birgə təhlil olunur və planlaşdırma aparılır. Bu il vəziyyət əvvəlki illərdən fərqlidir. Əslində biz 2025-ci ilə kimi hansı sahələrə hər il ölkəyə nə qədər kadr lazım olacağı proqnozunu vermişdik. Amma biz bunu neftin dünya bazarında qiyməti yüksək olan dövrdə xarici mütəxəssislərlə hazırlamışdıq. Hazırda neft qiymətlərinin birdən-birə enməsi müəyyən dövlət proqramlarının icrasını da sual altında qoyub. 4 illik qənaət rejiminə keçilib deyə, yeni proqnozların hazırlanmasına ehtiyac yaranıb. Artıq TQDK dövlət idarələrinə və müəssisələrinə də boş qalan iş yerlərinə vakansiya elan etməyəcək. Əksinə, idarə və müəssisələrin müxtəlif sahələrində müəyyən ixtisarlar gözlənilir".
2020-ci ilə qədər əmək bazarında hansı peşə və ya ixtisaslara ehtiyac olacağının planlaşdırıldığını deyən Mətləb Mahmudovun sözlərinə görə, aparılan araşdırmaların nəticəsi göstərir ki, 2016-2017-ci tədris ilində bir neçə ali məktəbin bağlanması mümkündür. Bu siyahıda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Texniki Universitetin adları çəkilir: “Məlum olub ki, bəzi ali məktəblərin hazırladığı mütəxəssislərə ehtiyac ya yoxdur, ya da böyük deyil. Bir çox ali məktəblərin birləşdirilməsi də gündəmdədir. Sumqayıt Dövlət Universitetinin, Tibb Universitetinin bir çox fakültələrinin taleyi sual altındadır. Tibb Universitetinə tələbə qəbulu 50 nəfərədək azaldıla bilər. Müşahidələr göstərir ki, Tibb Universitetini hər il 300-dən çox bitirən məzunlarının kadr hazırlığı səviyyəsi qənaətbəxş deyil. Hansı ali məktəblərdə paralel ixtisaslar üzrə təhsil verilirsə, onların ixtisarları gözlənilir. Məsələn, Bakı Dövlət Universitetində, Slavyan Universitetində və başqa ali məktəbdə də regionşünaslıq fakültəsi varsa, onlardan yalnız birinin saxlanması məqsədəuyğundur “.
Ali məktəblərə tələbə qəbulu azaldıla bilər
Qeyd edək ki, Prezident yanında Təhsil üzrə Komissiya ötən il 2015/2016-cı tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planını 39 min 497 yer (onlardan 11 min 799-u dövlət sifarişli) müəyyənləşdirilmişdi. Ekspertin sözlərinə görə, 2015-2016-cı tədris ilində ali məktəblərə tələbə qəbulunda da xeyli azalmalar ola bilər. Bu rəqəm 25-30 faiz, hətta daha yüksək rəqəmlə proqnozlaşdırılır: “Təhsil sahəsi üzrə əmək bazarında tələbat necədirsə, onunla bağlı hazırda təhqiqat və islahatlar aparılır. Amma islahatlar elə aparılmalıdır ki, təhsil prosesi pozulmasın. Çünki təhsil elitasını, müəllimləri də işsiz qoymaq mümkün deyil. Eyni zamanda, iqtisad böhran mərhələsini keçdikdən sonra, iqtisadi vəziyyət sabitləşdikcə bəzi kadrlara ehtiyac yaranacaq”. 2014/2015-ci tədris ilində ali təhsil müəssisələrində ümumilikdə 153 min tələbənin oxuduğunu bildirən Mətləb Mahmudun sözlərinə görə, ilin sonuna 131 min tələbənin dövlət, 2183-nün isə özəl təhsil müəssisələrində oxuduğu məlum olub: “Özəl ali məktəblərə tələbə qəbulu kəskin şəkildə azalıb. 2013-2014-cü ildə dövlət müəssisələrində 126 min tələbə təhsil alırdısa, özəl ali məktəblərdə onların sayı 20383 idi. Dövlət planına əsasən, həmin ixtisaslar üzrə mütəxəssis hazırlığına ehtiyac olmayıb”. Ekspert bildirdi ki, ƏƏSMN-nin tapşırığına əsasən, 6 ay ərzində bütün rayonlarda ictimai işlər üçün yerlər açılacaq: “Hasar rəngləmək, küçə asfaltlamaq, ağac əkmək kimi işlərə üstünlük verilməklə əhalinin iş üçün başqa ölkələrə miqrasiya etməsinin də qarşısı alınacaq. Çünki artıq 120 min iş yeri itirilib, hardasa 200 min iş yerinin itiriləcəyi də gözlənilir”.
İlə 100 hüquqşünas kifayətdir
XXI Əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev hesab edir ki, eyni ixtisaslar olan məktəblər rasionallaşmalıdır. Ekspertin fikrincə, eyni ixtisaslar verən ali məktəblər birləşdirildikdə, tələbə kontingenti sabit qalacaq: “Bir vaxtlar Slavyan Universitetində, Dillər Universitetində və bir çox ali məktəblərdə beynəlxalq münasibətlər ixtisasları yaradıldı. Halbuki bu ixtisasların açılması prestijinə görə hesablanmamlıdır. Hətta bir çox ali məktəblərdə ibtidai təhsilin metodikası ixtisasları da açıldı. Hesab edərəm ki, belə eyni ixtisaslar mütləq rasionallaşmalıdır. Hansı ali məktəbin kadr hazırlığı yüksək səviyyədədirsə, bunlar analiz olunmalı və onların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində iş görülməlidir", Ekspertin fikrincə, əmək bazarı analiz edilərkən kənd təsərrüfatı, iqtisadiyyat, sosial və digər sahələrdə işsizlər ordusunun yaranmaması da nəzərə alınmalıdır: “Hər il neçə min müəllim, həkim işə düzəlmək üçün sənəd verir. Mənim fikrimcə, hər il 100-150 hüquqşünasın hazırlanması kifayət edər. Amma məsələn, İKT sahəsində mütəxəssis hazırlığının sayını artırmaq olar. Keyfiyyətli müəllim hazırlığı üçün islahatlar aparılmasına da, güman edirəm ki, ehtiyac var”. Ekspert hesab edir ki, ali məktəblərin əmək bazarının tələbatına uyğun kadr hazırlaması üçün tərəflər arasında sıx əməkdaşlıq aparılsa, dəqiq statistika müəyyənləşsə, ümumi işin xeyrinə olar: “Qərb ölkələrində əmək bazarının tələbatına uyğun kadr hazırlığı üçün universitetlərlə əmək birjalarının əməkdaşlıq şəbəkəsi formalaşır. Bu gün 10 mindən çox Azərbaycan vətəndaşı xarici ölkələrdə təhsil alır. İstənilən halda şirkətlər, müəssisələr xaricdə təhsil alıb gələn kadrlara daha böyük üstünlük verməli olacaqlar. Qərbdə tələbənin təhsil səviyyəsi, kadr hazırlığı izlənir, tələbə kontingenti sifariş əsasında müəyyənləşir. Şirkətlər, müəssisələrdə işləmək üçün prestijli ali məktəblərə sifarişlər verilir, tələbənin təhsil haqqı da ödənir. Bizdə belə bir ənənə formalaşmayıb. Tək-tük belə nümunələr tapmaq olar. Ona görə hesab edirəm ki, ali məktəbi bitirən məzunlar bazarın stixiyasına buraxılmamalıdır. Kim iş tapdı, tapdı, bəs yerdə qalan işsizlərin taleyi necə olsun? Nəzərə alınmalıdır ki, indiki gənclik aşağı əməkhaqqı ilə işləmək istəmir. Belə olsaydı, hamı Milli Elmlər Akademiyasına üz tutardı". (teleqraf.com)