Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğlu Rəşad Əliyev itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya R. Əliyevin həyat yoldaşı İlahə Əliyeva məlumat verib. Onun sözlərinə görə, R. Əliyev yanvarın 25-də səhər saatlarında evdən çıxıb, geri qayıtmayıb: “Telefonu söndürülüb, heç bir xəbər yoxdur. İş yeri ilə əlaqə saxlamışıq, deyiblər, işə də gəlmir. Polisə məlumat vermişik, axtarış aparılır. Sabah cinayət işinin başlanması gözlənilir”.
İ. Əliyeva əlavə edib ki, R. Əliyevlə bağlı buna oxşar narahatlıq olmayıb: “Biz 12 ildir, ailəliyik, indiyədək buna oxşar hadisə olmayıb. Atası da ağır xəstədir, ondan gizlədirik ki, vəziyyəti daha da pisləşməsin. Rəşad axır vaxtlar fikirli olurdu, amma ünsiyyətə açıq olmadığı üçün nə problemi olduğunu demirdi”.
Qeyd edək ki, R. Əliyev İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışır.