Dövlət Dəniz Administrasiyasının şefi 600 min manatı kimə və niyə vermişdi?
Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun Səbail rayonunda öz bisnes məqsədləri naminə "Azimport” şirkətinin keçmiş rəhbəri Rəşad Məmmədova verdiyi 600 min manat ətrafında qalmaqal yaranıb. Bu biznes məqsədləri isə məmur-işbazlar tərəfindən "dövlət əhəmiyyətli layihə” adı altında həyata keçirilib, əvəzində isə onlarla insanın hüquqları pozulub. Belə ki, keçən il Səbail rayonu, Xanlar küçəsi, 1 ünvanda yerləşən bir neçə qaraj qanunsuz olaraq "Azimport” şirkəti tərəfindən sökülmüşdü. Sonra isə"Azimport” şirkətində bu problemə oxşar bir neçə məsələ baş verdiyi üçün, hüquq-mühafizə orqanları təcili tədbirlər görərək şirkətin məsul şəxslərini cinayət məsüliyyətinə cəlb etmişdilər.
Ancaq bu günə qədər "Azimport” şirkətinin həmin ərazidə yerləşən qarajları kimin sifarişi ilə sökdürməsi bilinmirdi. Qafqaznews.az-ın redaksiyasına daxil olan məlumata görə, "Azimport” şirkətinə bu sifarişi Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov verib . Sözügedən ərazidəki qaraj sahibi bizim əməkdaşla söhbətdə bildirib ki, Qüdrət Qurbanov boşalacaq ərazidə çoxmərtəbəli bina tikdirmək və orda "özəl təhsil mərkəzi” açaraq rəhbərlik etdiyi dövlət qurumuna ödənişli xidmətlər "göstərmək” niyyətində idi. Bu təcrübə bir çox korrupsioner məmur tərəfindən həyata keçirilir və yaxın adamların adına açılan "özəl şirkətlər” dövlət sifarişləri və tenderlərin əsas "qəhrəman”ı olur. Ərazidəki qarajların sökülməsi üçün isə, Qurbanovun Dövlət Bayrağı Meydanının keçmiş rəisi, "Azimport” şirkətinin sahibi Rəşad Məmmədova 600 min manat pul verdiyi məlum olub. Lakin o da üzə çıxıb ki, bu sövdələşmədən daha çox pul qazanmaq istəyən Rəşad Məmmədov qarajların sahiblərinə pul təklif etməyibmiş.
Qaraj sahibləri ilə "Azimport” şirkətinin əməkdaşlarının arasında mübahisə yarandıqda isə Rəşad Məmmədovun dəllalları qaraj sahiblərinə hədə-qorxu gələrək, "dövlət əhəmiyyətli obyekt” variantına əl atıblar. Məmmədovun adamları iddia ediblər ki, buradakı qarajların sökülməsi "yuxarıların sifarişidir”. Vətəndaşları hədə-qorxu ilə aldatmağa çalışan Rəşad Məmmədovun "dövlətçilik” oyunları yarımçıq qalır. Bir müddət sonra Rəşad Məmmədov həbs olunduğu üçün, qaraj sahibləri ilə danışıqları Qüdrət Qurbanovun Ülvi adlı koməkçisi aparmağa başlayır. Qaraj sahiblərindən biri Böyük Britaniya vətəndaşı olduğuna görə, Ülvi ilə danışıqları həmin şəxsin Bəxtiyar adlı vəkili aparır. Danışıqlar vəkilli qane etmədiyi üçün, vəkillə Ülvi arasında yenidən mübahisə qızışır. Vəkil Ülviyə bildirir ki, o bir il yarımdır ki, Rəşad Məmmədovun dəllallarının yalanlarına dözüb, ancaq daha Qüdrət Qurbanovun dəllalının yalanlarına dözmək fikrində deyil. Beləliklə, Ülvinin də danışıqlarda göstərdiyi bacarıqsızlıq Qurbanovu pis vəziyyətdə qoyur. Çünki o keçən il həmin qarajların sökülməsi üçün Rəşad Məmmədova 600 min manat pul verib və bu günə qədər də həmin pulu geri ala bilmir. Digər tərəfdən isə, onun koməkçisinin yarıtmaz fəaliyyəti qaraj sahiblərini Qüdrət Qurbanovun üzərinə qaldırıb. Şikayətçilər bildiriblər ki, qaraj sahiblərindən biri İngiltərə vətəndaşdır və həmin şəxsin Bəxtiyar adlı vəkili qarajların sökülməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə isə zərərçəkənin qarajı yenidən tikilərək özünə qaytarılması barədə qərar çıxarıb.
Şikayətçilərdən biri bildirir ki, məhkəmənin çıxartdığı qərardan sonra əcnəbi vətəndaşın Bəxtiyar adlı vəkili müştərisinin qarajını yenidən inşa etmək və əlavə xərcləri də cavabdehin üzərinə yönəltmək istəyib. Ancaq qarajın inşasına başlanılmamış, FHN-nin əməkdaşları həmin əraziyə gəlib və "qəza şəraiti” bəhanəsi ilə orada hər hansı tikinti aparılmasına mane olublar. Şikayətçinin bildirdiyinə görə, çox güman ki, qarajların yenidən tikilməsinə mane olan "görünməz əl” də, məhz Qüdrət Qurbanova aiddir. Əldə etdiyimiz digər məlumata görə, həmin ərazi sökülənə qədər orada 26 qaraj olub. Qarajlardan 23-ü sənədsiz, digər 3 qaraj isə sənədli olub. Şikayətçilərin bildirdiyinə görə, 23 qaraj Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova məxsus olub.
Araşdırmamız davam edir, bizi izləyin.