Xəbər verildiyi kimi, prezident İlham Əliyev Azərbaycan məmurlarına xidməti maşın kimi Naxçıvanda istehsal edilən "NAZ Lifan" markalı maşınlardan istifadə etməyi məsləhət görüb.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən ölkə başçısı bunun ölkədən xaricə axan valyutanın qarşısını alacağını bildirib. Qaynar.info mövzu ilə bağlı araşdırmasını oxuculara təqdim edir.
İlk dəfə deputat...
Qeyd edək ki, Azərbaycanda məmurlara yerli avtomobildən istifadə etməyi ilk dəfə deputat Qüdrət Həsənquliyev məsələhət görüb. Hələ 2013-cü ilin martında Milli Məclisin iclasında Həsənquliyev deyib ki, Naxçıvanda istehsal edilən minik avtomobilləri ən azı orta məmurlar üçün xidməti maşın kimi alına bilər. "Biz Naxçıvanı minik avtomobillərinin istehsalı, Gəncəni isə yük avtomobilləri istehsalı mərkəzinə çevirə bilərik. Naxçıvanda istehsal edilən minik avtomobilləri ən azı orta məmurlar üçün xidməti maşın kimi alına bilər. Ola bilər yüksək çinli məmurlar üçün o avtomobillər kifayət eləməsin, amma orta səviyyəli məmurlar üçün normal maşınlardır”,- Həsənquliyev bildirib.
Amma o vaxt deputatın bu təklifi ciddi qarşılanmayıb.
"NAZ Lifan” haqqında nə bilirik?
Birnövbəli iş rejimində illik istehsal gücü 5 min ədəd avtomobil olan Naxçıvan Avtomobil Zavodu Çinin "Chongqing Lifan İndustry” şirkəti ilə birgə fəaliyyət göstərir. Müəssisənin işə salınması üçün buraya ilkin olaraq 3,5 milyon manat həcmində investisiya yatırılıb. Müəssisədə 58 nəfər daimi işlə təmin edilib.
Avtomobillərin qiymətləri modeldən və komplektasiyadan asılı olaraq, 7500 manatdan 15700 manat arasında dəyişir.
2010-cu ildə zavodda 489 avtomobil istehsal olunubsa, 2013-cü ildə bu rəqəm 576-ya çatıb.
Ötən il Azərbaycanda avtomobil istehsalı 2 min ətrafında olub. Bu avtomobillərin bir qismi Gəncə Avtomobil Zavodunda istehsal edilib. Əksər istehsal isə "NAZ Lifan”ın payına düşür.
Bu günə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə sosial qayğıya ehtiyacı olan insanlara və veteranlara "NAZ-Lifan LF-320” model avtomobillər verilir. 2011-ci ildən bu günədək bu məqsədlə 2397 ədəd avtomobil istehsal olunaraq təhvil verilib.
"NAZ Lifan”a yerli istehsal demək olarmı?
İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, "NAZ Lifan” avtomobillərinə Azərbaycan istehsalı demək gülməlidir. "Bütün detallar (bir daha təkrar edirəm, bütün detallar!) Çindən gəlir, Naxçıvanda sadəcə təkərləri, güzgüləri bağlanılır, buna rus dilində «Отвёрточная сборка» deyirlər, yəni, vintaçanla yığım. Maşınlar ölkəyə gətirilərkən kifayət qədər böyük məbləğdə gömrük rüsumu ödənilir, amma maşın detallarına, özü də istehsal üçün nəzərdə tutulan məhsullara gömrük rüsumu yoxdur. Detallar alınır, rüsumsuz və vergisiz ölkəyə gətirilir, "otvertka” ilə boltlar bağlanılır, təkərlər taxılır və bu maşınların böyük əksəriyyəti dövlətin özünə, müxtəlif nazirliklərə büdcə puluna satılır. Amma, detallar axı konfet kağızına alınmır. Dollarla, valyuta ilə alınaraq ölkəyə gətirilir, yəni, ölkən valyuta axınını artırır” – Cəfərli bildirir.
Onun sözlərinə görə, yerli istehsalın fəlsəfəsi budur ki, həm valyuta ölkədə qalsın, ən ideal variantda isə ixracata gedib, ölkəyə valyuta gətirsin. ""NAZ-Lifan” isə ölkədən xaricə valyuta daşıyır, özü də büdcədən ayrılmış manatı dollara çevirərək” – o qeyd edir.
Rusiyada da uğursuz cəhd...
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti də yerli avtomobil istehsalını canlandırmaq üçün təşəbbüs etmişdi. Məsələ burasındadır ki, hazırda şimal qonşumuzda avtomobil bazarı hazırda böyük tənəzzül yaşayır.
Bunu nəzərə alan Putin, ötən ilin oktyabr ayında yerli avtomobil şirkəti "Avtovaz”ın istehsal etdiyi son model "Lada Vesta”nı test etmişdi. Bundan başqa, Rusiya prezidenti hətta məmurlara xarici aviaşirkətlərin xidmətlərindən istifadə etməyə rəsmən qadağa da qoyub. Onun imzaladığı sərəncama əsasən, məmurlar yalnız Rusiya aviaşirkətlərinin xidmətlərindən yararlana bilər.
Ancaq Putinin dəstəyinə baxmayaraq, bu model gözlənilən satışı verə bilmir.
Ekspertlər bildirirlər ki, ötən ilin noyabrında Rusiyada avtomobil satışı 43 faiz düşərkən, dekabr ayında bu göstərici 45 faizə çatıb. Rusiyanın 2015-ci ildə 1,28 milyon ədəd avtomobil satdığını bildirən ekspertlər bu göstəricinin 2016-da 1,1 milyon ədədə geriləyəcəyini proqnozlaşdırır. Bu şərtlərdə bazarın gələcəyi ilə bağlı nikbin proqnozlar yerini daha bədbinliyə buraxır.
Bu itkilərin sonra hərəkətə keçən Rusiya hökuməti avtomobil bazarını canlandırmaq üçün əlavə tədbirlər görməyə hazırlaşır. Məlumata görə, hökumət köhnə avtomobilini dəyişdirmək istəyənlərə vergi güzəştləri tətbiq edəcək. Eyni zamanda avtomobil satışı bazarında aşağı faizli kredit imkanı və təşviqlər təmin ediləcək. Sənaye və ticarət naziri Denis Manturov bildirib ki, 2016-cı ilin ilk yarısında bazarı canlandırmaq məqsədilə 275 milyon dollar (20 milyard rubl) cəlb olunacaq.
...Türkiyədə də!
Qeyd edək ki, Türkiyədə də məmurların xidməti avtomobil kimi yalnız yerli istehsaldan faydalanmasına dair uzun müddət müzakirələr getsə də, nəticəsi kifayət qədər effektli olmayıb. Hazırda qardaş ölkədə xidməti avtomobillər arasında Almaniya, ABŞ və Cənubi Koreya istehsalı olan avtomobillər üstünlük təşkil edir.
Ekspertlər bunu qardaş ölkənin istehsalı olan avtomobillərin keyfiyyət və təhlkükəsizlik baxımından xarici istehsala uduzması ilə əsaslandırırlar.
Bununla belə, Türkiyənin avtomobil istehsalı statistikası Rusiya ilə müqayisədə kifayət qədər parlaqdır. Məsələn, ötən il qardaş ölkənin avtomobil istehsalı sektorunda son yeddi ilin rekord göstəriciləri qeydə alınıb. Türkiyə Avtomobil Sənayəsi Dərnəyinin (OSD) hesablamalarına əsasən, 2015-ci ilin yanvar-mart aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 31 faiz çox nəqliyyat vasitəsi istehsal olunub. Belə ki, ötən ilin ilk üç ayında Türkiyədə istehsal olunan avtomobil sayı 198 min ədədə çatıb, avtomobil ixracatı isə 16 % atrıb.
Azərbaycan məmurları ölkə başçısını dinləyəcəklərmi?
Bu suala indidən konkret cavab vermək çətindir. Ümumiyyətlə, bu cür məsələlərin inziubati yollarla tənzimlənməsi perspektivinə iqtisadçılar optimist yanaşmırlar. Onlar hesab edirlər ki, bu daha çox iqtisadi qanunauyğunluqlarla tənzimlənməlidir. Məsələn, əgər söhbət büdcə vəsaitinə qənaət etməkdən gedirsə, məmurlara yalnız yerli avtomobildən istehsal etməyi tapşırmaq əvəzinə onlara maksimum dəyəri tutaq ki, 15 min manat (dollar və ya avro) olan avtomobillər almağa icazə vermək daha uğurlu, effektiv addım olardı. Hansı ki, bu addımı vaxtilə Gürcüstanda Mixail Saakaşvili atmış və nəticədə kifayət qədər büdcə vəsaitinə qənaət edilmişdi.
Onsuz da məmurları yerli avtomobillərə yönəltməklə valyutanın ölkə daxilində qalması baş tutmayacaq: iqtisadçı ekspert Natiq Cəfərlinin qeyd etdiyi kimi, ""NAZ-Lifan” isə ölkədən xaricə valyuta daşıyır, özü də büdcədən ayrılmış manatı dollara çevirərək”, çünki bu avtomobillərin bütün hissələri ölkədən kənardan alınır!//qaynar.info