Əhəd Abıyev yeni vəzifə üçün çırmanıb. Ucqar dağ bölgəsinə rəhbərlik edən icra başçısı şəhərə qayıtmaq üçün çarpışır.
Azad.media-ya daxil olan xəbərə görə, Daşkəsənin şefi paytaxtın mərkəzi rayonlarından olan Xətaiyə icra başçısı təyin olunmaq üçün əlaqələrini işə salıb. Yuxarı eşalonda danışıqlara başlayan Ə.Abıyev Xətai rayon İcra Hakimiyyətinin başçısı olmaq eşqinə düşüb. Onun bu arzusu Xətainin hazırkı rəhbəri Razim Məmmədovun qulağına çatıb. Amma o, həmkarının istəyini kinayə ilə qarşılayıb.
Məlumata görə, R.Məmmədov Ə.Abıyevin Bakının mərkəzi bir rayonuna rəhbər gələcəyinə inanmadığını yaxın çevrəsində etdiyi qeyri-rəsmi söhbət zamanı açıqlayıb. Mənbənin qeydlərinə görə, Ə.Abıyevin Xətaiyə icra başçısı təyin olunacağı nə dərəcədə real olub-olmadığı məlum deyilsə də, artıq yan-yörəsində bu sayaq xəbərlər yaymağa başlayıb. Ə.Abıyev yaxınlarına və ətrafına Xətaiyə başçı gedəcəyini söyləyib. Hətta Xətai rayonunda çalışan məmurların da nəzərinə bəzi xəbərdarlıqlar çatdırıb.
İddialara görə, icra başçısı artıq indidən onlara hazır olmağa çağırış edib və öz idarəçiliyini tətbiq edəcəyini bildirib. Uzun müddətdir ki, Daşkəsəndən yaxasını qurtarmaq və şəhərə gəlmək arzusunda olan Ə.Abıyevin səyləri nəticə vermirdi. O, parlamentdə olmağı bir ucqar rayona rəhbərlik etməkdən üstün tuturdu. Hətta yaxın çevrəsində də bu narazılığını dilə gətirib. Odur ki, prezident sərəncamını gözləyən Ə.Abıyev Xətaidəki məmurlara mesaj göndərməkdədir.
Qeyd edək ki, Ə.Abıyevin Daşkəsəndəki fəaliyyəti qənaətbəxş qiymətləndirilmir. Rayon rüşvət və problemlər bataqlığında çabalayır. Onun rəhbərlik etdiyi dövrdə şikayətlərin ardı-arası kəsilməyib. Daşkəsən kimi sərvətləri olan bölgə özbaşınalıqlar, xaos məkanına çevrilib. Rayon camaatı isə problemlərini deməyə dövlət məmuru tapmır. Onlar ümidsiz şəkildə bölgə sərvətlərinin məmurlar tərəfindən yağmalanmasını seyr edirlər. İcra başçısı filiz biznesindən, daş karxanaların sahiblərindən, Xoşbulaq və Narzanda yerləşən istirahət mərkəzlərindən və ayrı-ayrı idarələrdən aylıq bac, xərac toplamasa onların fəaliyyətinə imkan verməz. Rayonun kəndləri isə səfalət içində yaşayır. Onlar işsizlikdən gileylənir. Çünki vəzifələrdə qonşu rayonların adamları yerləşdirilib. Ə.Abıyevin bu bölgənin insanlarına ögey münasibəti rəhbər təyin olunduğu vaxtdan müşahidə olunur. Bunu daşkəsənli sakinlərdən biri qeyd edib. Eyni zamanda manatın üzən məzənnəyə keçidi əhalinin vəziyyətini çətinləşdirib. İcra başçısı isə qiymətlərin tənzimlənməsinə nəzarət etmir. Çünki başının biznesinə qarışdığı qeyd olunur.
Odur ki, ölkə prezidenti İlham Əliyevə ünvanlı müraciətdə Əhəd Abıyevin Xoşbulaqdakı toxunulmaz dövlət torpaq sahələrini dağıdaraq hasarlamasını, torpağın darmadağın edilərək xəndəkləməsi qeyd olunub. Həmçinin, icra başçısının Mir Cəfər Bağırovun vaxtında salınmış meşə ərazisinin mərkəzində ağacları kəsdirərək möhtəşəm qəsr tikdirməsi narazılıq doğurub.
Bundan əlavə, Daşkəsən Filizsaflaşdırma Kombinatının direktoru rayonu çapıb talayır. Rayonda dəmir filizi mədəninə direktorluq edən Ələddin Sadıqov yeraltı sərvətlər hesabına malikanələrə, bahalı avtomobillərə sahiblənib. Bu baxımdan onun Xətai rayonunu da tar-mar edəcəyi, mərkəzi bir rayonun altını üstünə çevirəcəyi barədə gözləntilər var. Hərçənd, Razim Məmmədov da Xətaini inkişafdan geri qoyub, yaşıllıqları məhv edib, əraziləri qarış-qarış satıb.