Heydər Əliyev Beynəlxalq Aeroportunda bıçaqlanma hadisəsi baş verib. Aznews-un məlumatına görə, hava limanı ərazisində yerləşən Hava Nəqliyyatında baş Gömrük İdarəsinə kütləvi hücum olub və bir neçə gömrük əməkdaşı bıçaqlanıb. Lakin sayt sonradan dəqiqləşdirib ki, əslində orada kütləvi toqquşma sərnişinlər arasında baş verib. Hadisə Naxçıvan aviareysində nehrəmlilərlə şərurlular arasında yaşanıb.
Daxil olan məlumatda bildirilir ki, nehrəmlinin “Şərurda kişi yoxdur” təhqiri qarşı tərəfin bərk qəzəbinə səbəb olub və söyüş söyən şəxs bıçaqlanıb. Davaya başqa şərurlu və nehrəmlilər də qoşulub. Təyyarədə başlanan qanlı dava hava limanında - Naxçıvan terminalında davam edib. Hadisə yerinə Bakıda yaşayan şərurlu və nehrəmlilər də gəlib.
Aznews-un bu dəqiqələrdə yaydığı məlumata görə, hadisə yerinə hüquq mühafizə orqanlarının rəhbər şəxsləri gəliblər. Onlar içərisində Bakı Şəhər prokuroru Əziz Seyidov da var. Artıq toqquşmanın qarşısının alındığı, xeyli adamın da həbs edildiyi bildirilir.