Azərbaycan ilk dəfə olaraq bu il əmlak hüquqlarının qorunması indeksinə görə “Mülkiyyət hüquqları Alyansı”nın illik beynəlxalq reytinq cədvəlində yer alıb.
“Qafqazinfo”ya daxil olan məlumata görə, 129 ölkəni əhatə edən reytinq cədvəlində Azərbaycan “daşınmaz əmlakın qeydiyyatı” kateqoriyasında mümkün 10 baldan demək olar ki, maksimum balı (9,7 bal) toplayaraq dünya üzrə 20-ci yerdə qərarlaşıb. Bu göstəriciyə görə ölkəmiz reytinq cədvəlində ən yaxşı 20-lik sırasına daxil edilib.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən fəaliyyət və tətbiq edilən yeniliklər beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi ənənəvi illik “Doing Business” hesabatlarında Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə ilk sıralarda yer alır.