Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov yoxa çıxıb.
“Qafqazinfo” xəbər verir ki, Haqqın.az-ın yaydığı xəbərə görə, Vəli Ələsgərov Azərbaycan MTN-dəki cinayətkar qruplaşmanın ifşasından dərhal sonra yoxa çıxıb. General-leytenantın harada olması barədə heç bir rəsmi məlumat yoxdur. Lakin bəzi xəbərlərə görə, Ələsgərov qardaşı və atası ilə birlikdə həbs edilib. Bundan savayı, Naxçıvanda Vəli Ələsgərova məxsus üç ticarət mərkəzi məhv edilib. Sayılı günlər ərzində dəbdəbəli obyektləri yerlə yeksan ediblər.
Sayt həmçinin Naxçıvan Xüsusi ümumqoşun ordu komandanı, general-leytenant Kərəm Mustafayevin qardaşı Nemət Mustafayevin də həbs olunduğu haqda da xəbər yayıb. Generalın qardaşının həbsinin səbəbləri hələlik məlum deyil.
Xatırladaq ki, dekabrın 19-da Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması barədə fərman imzalayıb. Naxçıvan MR DTX-nin rəisi vəzifəsinə Fazil Nəriman oğlu Ələkbərov təyin edilib.