Məlum olduğu kimi, bu gün əksər jurnalistlər mənzillərdə, yaxud evlərdə kirayədə yaşayırlar. Üstəlik, bu yaşayış obyektlərinin əksəriyyətində ev telefonu yoxdur. Bu da öz növbəsində jurnalistlərin informasiya almaq imkanlarını məhdudlaşdırır. Hətta mobil telefonlar vasitəsilə edilən zənglərə görə əlavə xərcə düşmələri jurnalistlərin maddi vəziyyətinə mənfi təsir göstərir. Bəs görəsən, Bakı Telefon Rabitəsi Birliyinin (BTRİB) rəhbərliyi sözügedən problemin həlli üçün BTRİB yeni bir kampaniyaya başlaya bilərmi?
Sualımıza cavab almaq üçün adıçəkilən birliyin baş direktoru Beytulla Hüseynovla əlaqə saxladıq. Baş direktor hafta.az-a deyir ki, telefon çəkdirmək istəyənlərdən şəxsiyyətini və mülkiyyətini, yəni qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanı təsdiq edən sənədlər tələb olunur. Çünki belə sənədləri olmayan şəxs telefon vasitəsilə başqalarını, hətta dövlət qurumlarını aldada, onları şantaj edə və digər qanunsuz hərəkətlərə yol verə bilər: «Məsələn, kimsə ev telefonundan zəng edib «filan yerə bomba qoyulub» deyirsə, həmin telefon nömrəsi avtomatik kompüter sistemində qeydiyyata düşür və bu yolla telefon sahibinin kimliyi, hansı ünvanda yaşadığı məlum olur. Ona görə də hər hansı bir şəxsin qeydiyyatda olmadığı, amma faktiki yaşadığı ünvana telefon çəkdirməsinə icazə verilmir».
Kirayədə yaşayan jurnalistlərə gəlincə, Beytulla Hüseynov bildirir ki, əgər ev, yaxud mənzil sahibi telefon çəkdirmək istəmirsə, onda jurnalistlər, eləcə də digər şəxslər kirayə müqaviləsini və şəxsiyyətini təsdiq edən sənədləri yerli telekommunikasiya qovşaqlarına təqdim etməklə, müvəqqəti telefon çəkdirə bilərlər: «Ona görə müvəqqəti telefon deyirəm ki, kirayənişin kirayədən çıxarsa, həmin ev və ya mənzildəki telefon ləğv edilir. Amma kirayə müqaviləsi olmayan şəxslər telefon çəkdirə bilməzlər. Qanun buna icazə vermir».