"Azərbaycan bu durumu 8 il gecikdirə bildi. Dünyanın 2008-ci ildən tanıdığı böhranı biz indi - 2016-cı ildə hiss etməyə başlamışıq. Əslində, indi baş verənləri də tam mənasıyla böhran deyil, böhran ərəfəsi adlandırılmaq daha doğru olar. İndiki məqamda dövlətin, özəl sektorun, hətta sadə vətəndaşın da bütün cəhdi bu prosesin böhrana keçməsinin qarşısını almaqdan ibarət olmalıdır..."
"Qafqazinfo" xəbər verir ki, bu cümlələr "İki Sahil" qəzetində dərc olunmuş "Azərbaycan yeni mərhələnin başlanğıcında" başlıqlı məqalədə yer alıb. Yazıda bildirilir ki, məsələnin həlli üçün ilk mərhələdə görülməli olan iş ajiotaj yaranmasına imkan verməmək, baş verənlərin dünyada olanlarla düz mütənasib, əlaqəli olduğunu cəmiyyətə izah etməkdir. Bu mərhələdə psixoloji böhranın yaranmamasının ilk çarəsi cəmiyyəti görülən işlər barədə mütəmadi məlumatlandırmaqdır...
"Azərbaycanda baş verənlər dünyadakı qlobal iqtisadi proseslərlə düz mütənasibdir" yazan qəzet bildirir ki, Azərbaycan beynəlxalq birliyə tam inteqrasiya olunmuş ölkə kimi dünyanın bir parçasıdır: "Ölkə olaraq dünya ilə siyasi və iqtisadi bağlarını qoparmayıb, ona görə də qlobal məkanda baş verənlərin Azərbaycana da təsir etməsi tam təbiidir. Dövlət mənfi təzahürlərin ölkəyə daha gec çatması üçün profilaktik tədbirlər görə bilərdi və görüb. Elə bu tədbirlər nəticəsində qlobal məkanda başlamış iqtisadi və maliyyə böhranının Azərbaycana toxunmasını düz 8 il gecikdirə bildi. Cahanda gedən neft mübarizələri, nüfuz davaları, iqtisadi hökmranlığa nail olmaq üçün aparılan müharibələrdən ölkənin tamamilə bixəbər yaşaması və ya yan keçməsi mümkünsüzdü. Qısası, ölkənin qlobal böhrandan kənarda qalması bütün düsturlarla mümkün deyildi".
Qəzet yazır: "Dövlət öz işini görür. Lisenziyaların ləğv edilməsi, gömrük sektorunda islahatlarının sürətləndirilməsi, sahibkarlıq müəssisələrində qanunsuz yoxlamalar keçirən struktur rəhbərlərinin ciddi cəzalandırılması, bu tip yoxlamalara iki il müddətinə moratorium qoyulması, un və un məmulatlarının satışı və istehsalının Əlavə Dəyər Vergisindən azad edilməsi, süni qiymət artımı ilə bağlı mübarizə mexanizmlərinin işə salınması vəziyyətdən çıxmaq üçün atılmış ilk praktik addımlardır. Bu addımlar artıq özünün ilkin müsbət nəticəsini də verib, bazarlarda, marketlərdə xeyli ucuzlaşma olub. Ucuzlaşma prosesi tətbiq edilən iqtisadi mexanizmlərin nəticəsi olaraq davamlı xarakter daşımaqdadır".
Yazıda bildirilir ki, görülən işlər bununla yekunlaşmır: "Azərbaycanın xarici siyasət kursundakı son addımları həmçinin ölkənin daha geniş sərmayə cəlb etməsinə, aşağı faizli kreditlər almasına da yardımçı ola biləcək. Üstəlik, proses təkcə Azərbaycanda baş vermir. Hazırda qonşu ölkələrdə gedən proseslər də həmin ölkələrin valyutalarının dəyərdən düşməsinə səbəb olur. Deməli, orada baş verən sürətli ucuzlaşma Azərbaycan bazarlarına da təsir edəcək".
Yazıda o da öz əksini tapıb ki, bütün bunların baş verməsi üçün şəffaflığın təmin edilməsi, bürokratik əngəllərin tamamilə aradan qaldırılması ilə bağlı addımların ardıcıl xarakter almasına ehtiyac var: "Bu vacib amili Azərbaycan prezidenti İlham Əliyev bütün çıxışlarında qeyd edir. Aparılan islahatlar onu deməyə əsas verir ki, bu prosesin davam etməsi üçün siyasi iradə var. Deməli, vəziyyətdən çıxmaq, həm də ölkəni keyfiyyətcə yeni bir mərhələyə çıxarmaq, inkişaf etdirmək üçün yaxşı fürsətlər yaranıb.
Gələn informasiyalar və atılan addımlar dövlətin planının indiki halda vəziyyətdən çıxmaqdan daha çox inkişafa, ölkədə liberal mühitin artırılmasına yönəldiyini deməyə əsas verir. Burada diqqət etməli əsas və müsbət məqam odur ki, Azərbaycan bütün inkişaf strategiyasını yalnız daxili resurslarına və öz gücünə əsaslanaraq qurub. Heç bir halda Ermənistan kimi ianə gözləmir, xarici borclara, yardımlara ümid bəsləmir.
Bəzi "fəlakət çağırışçıları"nın sevinci əbəsdir. Azərbaycan fəlakət astanasında deyil. Real vəziyyətin soyuq başla, qərəzsiz və təmkinli təhlili ölkədə aclıq, qıtlıq, sosial çöküş yaşanmayacağını göstərir. Əksinə, ölkə keyfiyyətcə yeni mərhələnin başlanğıcındadır.
Azərbaycan prezidentinin istər daxili, istərsə də xarici siyasət kursunda atdığı çevik addımlar, cəmiyyətin gözlədiyi qərarların veriləcəyini, hər şeyin daha yaxşı olacağını söyləməyə əsas verir.
Prezidentin iradəsi bütün növ islahatların sürətlənəcəyini göstərir.
Yalnız proseslər cəmiyyətin iştirakı ilə, insanları məlumatlandıraraq aparılması daha önəmlidir. Çünki müasir cəmiyyətlər idarəçilik prosesində iştirak etmək, daim məlumatlanmaq istəyir. Prezident İlham Əliyev dəfələrlə məhz cəmiyyətin bu çağırışına cavab verib, ictimai nəzarətin vacibliyini xüsusi vurğulayıb. İctimai nəzarət, vətəndaş məsuliyyəti, prosesi qabağa aparmaq üçün ən yaxşı immunitetdir.
Cəmiyyət proseslər barədə mütəmadi məlumatlanmalıdır. Rəsmilər, dövlət qurumları, sahibkarlar danışmalı, informasiya resurslarında ciddi müzakirələr təşkil olunmalı, sosial şəbəkələrin monitorinqi artırılmalıdır. İnkişafın hər birimizdən, hər bir vətəndaşdan asılı olduğunu mütləq qəbul etməliyik.
Çünki "məndən ötdü" mərhələsi bitib!".