Fevral ayında Azərbaycanın daha 2 bölgəsi üzrə şəhər və rayon təhsil şöbələrinin mühasibatlıqları və təsərrüfat qrupları ləğv edilərək Təhsil Nazirliyinin yeni yaradılan Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin tabeliyinə verilməsi üçün işlərə başlanacaq.
“Qafqazinfo”nun məlumatına görə, Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov Trend-ə bildirib ki, fevralda Gəncə və Salyanda Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin yaradılmasına başlanılacaq. Bu mərkəzlər ümumilikdə 13 rayon və şəhəri əhatə edəcək.
R.Orucov qeyd edib ki, artıq şəhər və rayonlar üzrə nəzərdə tutulmuş təhsil xərcləri Təhsil Nazirliyinin müvafiq Ərazi Maliyyə Hesablaşma mərkəzləri vasitəsilə həyata keçiriləcək. Məqsəd “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 2015-ci il 7 dekabr tarixli fərmanının 12-ci və 13-cü bəndlərinə əsasən təhsil sahəsində maliyyə və inzibati resursların idarə edilməsini təkmilləşdirmək və mərkəzləşdirilmiş maliyyələşdirilməyə mərhələlərlə keçməkdir.
O bildirib ki, mərkəzləşdirilmiş maliyyələşdirilməyə mərhələlərlə keçirilməni təmin etmək məqsədilə ilkin olaraq bu il yanvarın 1-dən 4 ərazi üzrə - Sumqayıt şəhərində Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonları əhatə olunmaqla 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi, İsmayıllı şəhərində İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonları əhatə olunmaqla 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi, Ucar rayonunda Ucar, Zərdab, Kürdəmir və Göyçay rayonları əhatə olunmaqla 11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi və Sabirabad rayonunda Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonları əhatə olunmaqla 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi fəaliyyətə başlayıb. Ümimilikdə yanvar ayında 18 rayon üzrə mərkəzlər fəaliyyətə başlayıb. Bu rayonların təhsil şöbələrinin idarə olunan illik xərclərinin ümumi həcmi 188 milyon manatdır.
Şöbə müdiri əlavə edib ki, cari ilin birinci yarısının sonunadək yeni maliyyələşmə mexanizminin tam tətbiqinin təmin olunması və digər 11 Ərazi Maliyyə Hesablaşma mərkəzinin də fəaliyyətə başlaması nəzərdə tutulur. Ümumilikdə ölkədə 15 Ərazi Maliyyə Hesablaşma Mərkəzi yaradılacaq. Yeni islahatlara Təhsil Nazirliyinin aidiyyəti strukturlarının işçiləri istisna olmaqla, şəhər və rayonların təhsil şöbələrinin mühasibatlıq və təsərrüfat qruplarının 1000-dən artıq işçisi cəlb olunacaq.
Yeni mexanizmin tətbiqi ümumilikdə regionlarda yerləşən 4134 təhsil müəssisəsini, o cümlədən 3875 ümumi təhsil, 259 məktəbdənkənar təhsil müəssisəsini və həmin təhsil müəssisələrində çalışan 175 minə yaxın təhsil işçisini əhatə edəcək.
R.Orucovun sözlərinə görə, yeni mərkəzlərin yaradılması büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə səbəb olacaq.
O, təhsil şöbələrinin ləğv edilən mühasibatlıqlarının və təsərrüfat qruplarının işçilərinin də taleyinə aydınlıq gətirərək qeyd edib ki, işçilərin ixtisarı nəzərdə tutulmayıb. Ləğv edilən mühasibatlıq və təsərrüfat qruplarının işçiləri yeni yaradılan mərkəzlərdə çalışacaqlar.