Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olunub.
İqtisadiyyat və Sənaye Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, hazırda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti ölkə ərazisində 23-24 manatadək enib.
Nazirliyin yaydığı məlumata əsasən, unun yeni qiymətləri qonşu ölkələrdəkindən xeyli aşağıdır.
Müqayisə üçün; Gürcüstanda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti 31-32 manat, Türkiyədə 30-33 manat arasındadır. Çörəyin qiymətinə gəlincə isə, Azərbaycanda hazırda əla növ buğda unundan bişiriimiş 500 qramlıq çörəyin pərakəndə satış qiyməti 30 qəpik təşkil edir. Əla növ buğda unundan bişirilmiş çörəyin 500 qramının pərakəndə satış qiyməti Gürcüstanda 50-70 qəpik, Türkiyədə 1.10-1.20 manat, Rusiyada 60-80 qəpik arasında dəyişir.