Son günlər kənd təsərrüfatı naziri İsmət Abbasovun adı ətrafında müəyyən olaylar yaşanmaqdadır ki, bu da son nəticədə KTN şefinin mətbuat vasitəsilə ona qarşı aparılan kampaniyaya reaksiya verməsini zəruri etdi. Xatırlayarsınızsa, bu barədə bir neçə gün əvvəlindən də informasiya vermişdik və nazir oğlunun mətbuatda yer alan müsahibəsinin təsadüfi olayın nəticəsi olmadığını bildirmişdik. Hətta bu müsahibənin dərci üçün müxalifət qəzetlərinə şirnikləndirici təkliflərin edilməsi xəbəri də yayılmışdı.
Bununla əlaqədar DİA.AZ-a daxil olan yeni məlumatlardan aydın olur ki, İsmət Abbasov da əslində Misir Mərdanovla eyni gündə vəzifəsindən azad edilməli imiş. Mənbənin söylədikləri: «Artıq neçənci dəfədir ki, KTN şefi «kəfəni yırtmağa» müvəffəq olur. Onun elə bir xüsusi istedadı yoxdur. Sadəcə olaraq arxasında dayanan qüvvələr öz qüdrətlərini nümayiş etdirdilər. Lakin bu müvəqqətidir. Çünki İsmət Abbasov bu seçki ilində qurban veriləcək ən «şanslı» namizədlərdən biridir».
Mənbəmizin sözlərinə görə, hələ 2008-ci ilin prezident seçkiləri ərəfəsində İsmət Abbasova qarşı kampaniya başlamışdı: «Qüdrət Həsmənquliyev, Hafiz Hacıyev kimi prezidentliyə namizədlər İsmət Abbasovu o zamankı iqtisadi inkişaf naziri Heydər Babayevlə eyni qaydada vururdular. Lakin Heydər Babayev vəzifəsindən alınsa da, İsmət Abbasov görəvini davam etdirdi. Daha beş il vəzifədə olma şansı əldə etdi».
İndi də eyni cinahın eyni hücumlarının hədəfi olan İsmət Abbasovun yaxın günlərdə istefaya göndəriləcəyini bildirən mənbəmiz onu da əlavə etdi ki, bu dəfə artıq qərar hakimiyyətin üst düzəyi tərəfindən verilib: «Məlumdur ki, Azərbaycan kənd təsərrüfatı ölkəsi hesab olunsa da, aqrar sahədə çox ciddi böhran yaşamaqdayıq. Bu istiqamətdə çox ciddi maliyyə maxinasiyaları həyata keçirilir. Dünya Bankının belə bu istiqamətə ayırdığı pulların mənimsənilməsi faktları mövcuddur ki, bu cür ittihamlarla da İsmət Abbasovun ayaqda tutulması uzun sürə bilməz».
Mənbəmiz əlavə olaraq onu da bildirdi ki, İsmət Abbasovun da yerinə gənc kadrın təyin edilməsi planlaşdırılır: «Əslində kənd təsərrüfatının inkişafı siyasətinə rəhbərlik böyük enerji tələb edir ki, bu da daha təcrübəli hesab olunan yaşlı nəsilə yaddır». Məhz bu amilin nəzərə alınması səbəbindən KTN-yə yeni gələcək rəhbərin də gənc olacağı söylənilir.