"Elm insan ruhunu qəhrəman etmək üçün ən yaxşı yoldur". Bu sözlərin müəllifi, özündən sonrakı bütün dövrlərdə elm fədaisi kimi qəbul olunmuş Cordano Bruno tonqala gedərkən cahillərin önündə qorxmadığını demişdi və onun ruhunu qəhrəmana çevirən elm idi.
Nizami "Elmsiz dünyanın dəyəri yoxdur" deyirdi. Dahilərin əsrlər əvvəl elm barədə dediklərini bu gün yenidən təkrarlamaq zorundayıq. Çünki biz dünyadakı rəqabətlə ayaqlaşmağa iddia edən ölkəyik. Geriyə dönüşü olmayan bir yola çıxmışıq və bu yolda bizi geriyə dartmağa, bizə mane olmağa çalışan qüvvələrin arzusuna inad, yola davam etməliyik. Bəlkə yaşadığımız cəmiyyət arzu etdiyimiz cəmiyyət deyil, bəlkə çoxluq Çexovun "qılaflı adamı" Belikov kimi yeniliklərdən qorxur, qaloşla gəzməyi velosiped sürməkdən üstün tutur, amma fakt faktlığında qalır: Biz elmin qüdrətinə istinad etməyənə, həyatın bütün mərhələlərində təhsilə, öyrənməyə üstünlük verməyənə qədər, inkişaf etməyəcəyik. Biz zamandan geri qaldıqca ayaqlanacağıq, qeyri-ciddiyə alınacağıq, lağ obyektinə çevriləcəyik.
Yəqin oxucular razılaşar ki, ən rəzil hakimiyyətlər maddi və mənəvi yoxsulluğun, savadsızlığın, geri zəkalılığın üzərində qurulan hakimiyyətlərdir. O hakimiyyətlərin maddi sərvəti milyardları aşsa da, zəkalı insanlara, beyinlərin məhsuluna dəyər verilməyincə, o milyardlar və onun üzərində qurulmuş səltənət bir heçdir. Biz tez-tez özümüzdən soruşuruq: Niyə Azərbaycanın müstəqilliyindən keçən 22 il ərzində insan hüquqları, demokratiya, liberal bazar iqtisadiyyatı, milli istehsal, infrastrukturların inkişafı istiqamətində bu qədər az məsafə qət etmişik? Niyə bu illər ərzində Ermənistanla münaqişənin həlli istiqamətində 1 addım belə irəli gedə bilməmişik? Niyə indiyə qədər biz Azərbaycanın haqlı mövqeyini dünyaya qəbul etdirə bilməmişik? Niyə iri neft gəlirləri olan, enerji ixrac edən ölkənin vətəndaşlarının böyük əksəriyyəti borc içində yaşayır?
Əlbəttə bu suallara çoxmərtəbəli cavablar vermək olar. Bu ritorikanın müxaliffikirlilikdən doğduğunu iddia etmək, ya da mövcud şəraitlə qoyulan suallar arasında uyğunsuzluq axtarmaq da mümkündür. Amma bu ölkədə qeyd-şərtsiz qəbul olunacaq fikir, islahatların zəruriliyi barədədir. Baxmayaraq ki, son zamanlar müxalif düşərgədə tez-tez inqilab zərurətindən danışılır. Lakin inqilab o zaman baş verir ki, hakimiyyət islahatlar aparmaqdan boyun qaçırır, aşağıları əvvəlki qayda ilə idarə etməkdə israr edir, islahatlar zərurətinə inzibati güc vasitəsilə dirəniş göstərir, polisi, ordunu ziyalının fövqünə gətirib çıxarır. Biz düşünürük ki, Azərbaycana inqilab lazımdır, amma bu beyin, təfəkkür, düşüncə inqilabı olmalıdır.
Fikir Fabriki İnstitutunun sorğusundan çıxan qəribə nəticələr
Amerikalı məşhur politoloq və sosioloq Zbiqnev Bjezinski deyirdi ki, bir ölkədə polis və hərbçi müəllimdən çox maaş alırsa, deməli, o ölkədə heç nə qaydasında deyil. Və təəssüflə ifadə etməyə məcburuq: bizim ölkədə polisin və hərbçinin maaşı müəllimin maaşından yüksəkdir. Ona da təəssüflənirik ki, Fikir Fabriki İnstitutunun əməkdaşlarının son 5 gün ərzində Bakı şəhərində yerləşən 20, Quba, Xaçmaz, Qax, Zaqatala, Qazax, Gədəbəy, Goranboy, Gəncə, Mingəçevir, Lənkəran, Masallı, Saatlı, Ağcabədi rayonlarında yerləşən 45 məktəbin 300 müəllimi arasında keçirdiyi telefon sorğusunun nəticələri müəllimlərin təhsilin problemləri arasında 1-ci yerə məhz maaş azlığını qoyduqlarını göstərdi. İkinci yerdə icra strukturlarının və yerli təhsil şöbələrinin inzibati təzyiq vasitəsilə müxtəlif adlar altında müəllimlərin əmək haqqından müəyyən məbləğin tutulması göstərilib. Təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlərin korrupsiya yolu ilə mənimsənilməsi 3-cü, rüşvət üçün münbit şəraitin olması 4-cü, valideynlərin səhlənkarlığı 5-ci, yeni kurrikulumun tətbiqi və dərs vəsaitindəki dəyişikliklər 6-cı sıraya qoyulub. Rəyi soruşulanların çox az bir qismi təhsil sisteminin düzgün qurulmadığını qeyd edib. Onların arasında sovet təhsilinin nostalgiyası ilə yaşayanlar və o sistemə qayıtmağın faydalı olacağına inananlar da müəyyən faizi təşkil edib.
Mikayıl Cabbarovdan Mori Arinori olmağı gözləmək sadəlövhlükdürmü?
Sorğunun nəticələrinə baxmayaraq, FFİ-nin ekspertləri hesab edirlər ki, əslində Azərbaycanda təhsilin başlıca problemi mövcud sistemdəki çoxsaylı qüsurlardır. Son günlərdə çoxillik təhsil naziri Misir Mərdanovun Amerika təhsilli Mikayıl Cabbarovla əvəz olunmasının milli təhsilimizə verə biləcəyi töhfələri isə, ekspertlər heç də birmənalı qiymətləndirmirlər. Əlbəttə bir nəfər iradə nümayiş etdirsə, təhsil sisteminin yenidən qurulmasına nail olmaq yolunda ciddi addımlar ata bilər. Necə ki, Yapon təhsilinin banisi sayılan Mori Arinori 19-cu əsrin 80-ci illərdə Britaniyadakı səfir missiyasını başa çatdırandan sonra İto Xirobumi (Yaponiyanın ilk baş-naziri, Yaponiya Konstitusiyasının müəllifi və s.) ilə danışaraq ölkəsində təhsil sisteminin modernləşdirilməsi ilə bağlı öz iradəsini ortaya qoymağı bacardı. İndi kimlərsə bizi M.Cabbarovu Arinori ilə müqayisə etdiyimiz üçün sadəlövhlükdə günahlandıra, hazırki siyasi hakimiyyətin təhsil islahatlarını arzulamadığını iddia edə bilər. Deyə bilər ki, Azərbaycan kimi yarıdemokratik ölkələrin hakimiyyətləri cahil, kölə psixologiyalı bir toplumu asan idarə edə, ona öz iradəsini rahatlıqla həzm etdirə bildiyi üçün onun savadlanmasında maraqlı olmurlar. Amma yəqin əksəriyyət razılaşar ki, Azərbaycandakı hakimiyyət təhsil islahatlarına baş vurmadan, başqa sahələrdəki islahatların effektsiz olacağı həqiqətini dərk etməyəcək qədər cahil deyil. O yəqin öz təcrübəsində görüb ki, xaricdən gətirilən bahalı, modern cihazlar onu işlədəcək mütəxəssis olmayınca, metallom olmaqdan başqa bir şeyə yaramır.
Əlbəttə nazirin dəyişməsi hələ sistemin dəyişməsi demək deyil. Bütün məsuliyyət bir nəfərin üzərinə yüklənməməlidi. Amma təhsil naziri bu sahənin lideri statusundadır və onun bir lider olaraq yeni pozitiv, islahatyönümlü ideyalar ortaya qoyması şərtdir. Eyni zamanda onun ideyalarını reallaşdıra biləcək bir komandası olmalıdır. M.Cabbarovun harda təhsil alması, neçə dildə danışması, elmi dərəcəyə malik olub-olmaması məsələnin bir başqa tərəfidir.
Aydındır ki, təhsildə köklü islahatlar xeyli vaxt tələb edir. Amma nəzərə alınmalıdır ki, hər keçən gün bizim üçün itirilmiş gündür və islahatlara elə bu gündən başlamaq vacibdir. Bu çox çətin olacaq, çoxlu maneələrə rast gələcəyik. Fəqət yolu başlamağa və getməyə məhkumuq. Əks təqdirdə dünyadakı rəqabətlə tablaşa bilməyəcəyik, getdikcə daha da zəifləyəcəyik, zəif düşdükcə də bizi əzib keçəcəklər.
Nədən başlamalı və nə etməli?
• Yeni təhsil konsepsiyasından və təhsilin bütün istiqamətlərinə dair qanunların qəbulundan. Bizə yenidən velosiped icad etmək lazım deyil. Biz artıq dünyada sınaqdan çıxmış uğurlu təhsil konsepsiyalarından birini baza kimi götürə, yerli şərtlərə və imkanlara uyğunlaşdıra bilərik.
Ekspertlər hesab edirlər ki, ilk növbədə təhsil sistemini tədricən dövlətin siyasi institutu olmaqdan çıxarmaq lazımdı. Təhsil siyasətsizləşməyə möhtacdır. O, heç bir halda dövlətin təbliğat ruporu və siyasi dəstəkçisi rolunda çıxış etməməlidir. Seçki institutlarının təhsil sistemi ilə əlaqəsi kəsilməlidir. Rüşvət və korrupsiyanın mexanizmləri aradan çıxarılmalıdır. Bu ölkədə heç olmasa 1 sahədə - təhsildə şəffaflıq təmin olunmalıdır. Əgər nəzərə alınsa ki, hazırda ölkənin əsas strateji sahəsi sayılan enerji ehtiyatlarından gələn gəlirlər ağırlıq təşkil edir, onda bunun fonunda korrupsiya yolu ilə təhsil büdcəsindən mənimsənilən vəsaitlər çox cüzidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, 2020-ci ildə Azərbaycanın əsas gəlirlərinin neftdən deyil, informasiya texnologiyalarında əldə olunması proqnozlaşdırılıb, deməli, indi təhsilə ayrılan vəsaitləri oğurlamaq, gələcəkdə ölkəyə çoxlu maddi dividentlər gətirəcək informasiya texnologiyaları üzrə mütəxəssislərin hazırlanmasına bəri başdan zərbədir. Yeri gəlmişkən, əsas gəlirlərini məhz yaxşı menecerlərin, mütəxəssislərin əməyi nəticəsində əldə edən şirkətlərin, ayrı-ayrı dövlət strukturlarının, gəlirli fermer təsərrüfatlarının onlara lazım olan mütəxəssisləri hazırlanmaları üçün təhsil müəssisələrinə pullu sifarişlər vermələri dünya praktikasında sınanmış və uğur gətirmiş metoddur. Niyə Azərbaycanda bu metoddan istifadə edilməsin? Bu ali təhsillə yanaşı peşə təhsili sahəsinin də inkişafına yaxşı təkan verə bilər.
• Keyfiyyətsiz, diplom satan müəssisəyə çevrilmiş bir sıra özəl və dövlət universitetlərindən ilk növbədə modernləşmək və təhsilin keyfiyyətini yüksəltmək tələb olunmalıdır. Bu tələb yerinə yetirilmədiyi təqdirdə onlara qarşı daha total üsullara əl atmaq, hətta onları bağlamaq olar. Universitetlər arasında rəqabət mühiti formalaşdırılmalıdı. Bu rəqabət ən yaxşı təhsil uğrunda aparılmalıdır ki, gələcəkdə gənclər ən yaxşı təhsil verən universitetlərə meyl göstərsin. Dövlətin vəsaitləri də daha çox yaxşı universitetlərə yönəldilməlidir. Universitetlərə ayrılan vəsaitlərin məbləği o universitetlərin keyfiyyət göstəricilərinə görə müəyyənləşdirilməlidir. Məsələn, araşdırılımalıdır ki, universitetin hazırladığı mütəxəssislərin iş həyatında uğur göstəriciləri nə qədərdir? Universitetdə il ərzində nə qədər elmi kəşflər və ixtiralar qeydə alınıb? Nə qədər elmi dəyəri olan əsər yazılıb? Universitet özünun intellektual məhsulunu nə qədər istehsalata tətbiq edə bilib və yaxud xarici bazara çıxara bilib? Tələbələrin bilik göstəriciləri necədir? Onlar nə qədər yerli və beynəlxalq yarışlarda, olimpiadalarda uğurla çıxış ediblər? Universitetlər arasında rəsmi bilik yarışmalarının keçirilməsi də ümumi səviyyənin monitorinqi yollarından biri ola bilər.
• Boloniya sisteminə keçid reallaşmalıdır. Bütün tələbələrin universitetə eyni vaxtda daxil olub eyni vaxtda da bitirməsi əngəllənməlidir. Universitetdə müəyyən olunmuş bal həddini keçə bilməyən tələbələrə əlavə kreditlər verilməlidir və müvafiq tələbləri ödəmədikləri halda onlar kursda saxlanılmalıdır (nəinki indiki kimi rüşvət qarşılığında süni qiymət yazmaq və kursdan-kursa keçirmək). Müəyyən olunmuş maksimal müddət ərzində universitetin tələb etdiyi bilik nəticələrini verməyən məzunlara diplom verilməməli, onlar dinləmə sertifikatları ilə kifayətlənməlidilər.
• Orta məktəb müəllimlərinin bilik səviyyəsi və pedaqoqluq məharəti attestasiya yolu ilə müəyyənləşdirilməli, onlar məhdudiyyətli (illik, 3 illik, 5 illik) müqavilələr əsasında işləməli, təsadüfi seçmə yolu ilə, ya da məktəbin istəyinə uyğun olaraq məktəblərə yerləşdirilməlidirlər. Məktəblərin işçi heyətinin tərkibində ciddi islahat və ixtisarlar aparılmalı, təhsil prosesinə ciddi töhfələr verməyən şəxslər prosesdən uzaqlaşdırılmalı, onlara sərf edilən əmək haqqları təhsil prosesinə töhfə verən pedaqoji heyət arasında bölünməlidi.
• Hər bir uşağa dövlət tərəfindən ayrılan təhsil haqqı vauçerlər şəklində valideynlərə ödənməli, məktəb və müəllimlərin seçimi valideynlərin öhdəsinə buraxılmalıdır.
• Məktəblərin keyfiyyət göstəriciləri məktəblərarası, respublika və beynəlxalq bilik yarışlarında göstərilən nəticələrlə, şagird cəlbinin kəmiyyətilə, yekun imtahanlarda göstərilən nəticələr və ali məktəblərə qəbul zamanı göstərilən nəticələrlə müəyyən edilməlidir. Məktəblərin keyfiyyət göstəriciləri artdıqca, onlara dövlətin qayğısı da artmalıdır. Keyfiyyətli orta təhsil son illərdə populyarlaşmış və ailələrin büdcəsinə ciddi zərbə vurmuş repititorluq institutunun da aradan qalxmasına gətirib çıxaracaq. Çünki artıq bu instituta ehtiyac qalmayacaq.
• Ali təhsildən məhrum olan gənclərin sənət və peşə təhsilinə istiqamətləndirilməsi, əmək vərdişlərinə yiyələnməsi üçün müfaviq sənət və peşə məktəbləri açılmalıdır. Bu məktəblər də ənənəvi sovet peşə təhsili məktəbləri kimi formal olmamalı, yaxşı mütəxəssislər hazırlamalıdırlar. Orta və ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsinə şamil olunan meyarlar sənət və peşə təhsili məktəblərində də tətbiq edilməlidir.
• Məktəblər, universitetlər daimi olaraq öz üzərlərində işləməli, dünyada gedən yenilikləri izləməli, rəqabətə davamlı bir nəsli yetişdirməyə çalışmalıdırlar.
• Azərbaycanın həm orta, həm peşə, həm də ali təhsil müəssisələri xarici şagird və tələbələrin üzünə açıq elan edilməlidir. Xaricdən ödənişli əsaslarla Azərbaycanda təhsil almaq istəyənlərə şərait yaradılmalı, əcnəbilərin Azərbaycan təhsilinə cəlb edilməsi üçün təhsil müəssisələrinin xaricdə reklamı aparılmalıdır. (Bu yerli təhsilə xaricdən kapitalın cəlb olunmasına şərait yaradardı. Eyni zamanda bu Azərbaycanın xaricdə təbliğinə, xarici dostlarının sayının artmasına da şərait yaradardı.)
• Xaricdən beyin axınına da diqqət yetirmək lazımdı. Hazırda azərbaycanda bir çox sahələr, xüsusilə də informasiya və kommunikasiya texnologiyaları, tibb, arxitektura, maşınqayırma sənayesi və s. üzrə keyfiyyətli mütəxəssislər çatışmır. Biz bu mütəxəssisləri ya xaricdən gətirməliyik, ya da xaricdən cəlb edilən müəllimlərin hesabına o mütəxəssislərin hazırlamasına şərait yaratmalıyıq.
• Nəhayət dərsliklər təkmilləşdirilməlidir. Təhsil nazirliyi sistemində çalışan şəxslərin və onların yaxın qohumlarının biznesini çiçəkləndirmək xatirinə 1 sinif üçün 1 fənnə dair 4-5-6 kitabın çap olunmasına deyil, daha yığcam və fənnə dair bütün faydalı bilikləri özündə ehtiva edən kitabın dərcinə üstünlük verilməlidir. Bununla həm şagirdlər hər gün məktəbə ağır yük daşımaqdan, çoxsaylı kitablardan verilən tapşırıqlarla yersiz yüklənmədən xilas olardılar, həm dövlətin və valideynlərin kitaba çəkdikləri xərclərə qənaət edilərdi, həm də kağız sənayesinə, dolayısı ilə də ekologiyaya vurulan ümumi ziyan aradan qaldırılardı.
• Humanitar ixtisaslar siyasətsizləşdirilməli (depolitizasiya) (yəni, dövlətin təhsil siyasəti olmalıdır, amma təhsil sistemi dövlətin əlində siyasi alətə çevrilməməlidir ), dəqiq elmlərə diqqət artırılmalıdır. Ədəbiyyatın təbliği sahəsində keyfiyyətli ədəbi nümunələrə üstünlük verilməlidir. Daha indiki kimi, tanışlıq, dostluq, rüşvət əsasında dərsliklərə yol açmış, heç bir əqli və mənəvi dəyəri olmayan əsərlər şagirdlərə öyrədilməməlidir. Tarixi faktlar dəqiqləşdirilməli, hakimiyyətdə təmsil olunan ayrı-ayrı şəxslərin istəyinə, ruhuna uyğunlaşdırılmamalıdır. Tarixi faktlar konkret mənafelərə uyğun olaraq saxtalaşdırılmamalı, tarixi proseslərin təhlilində müxtəlif mülahizələr paralel olaraq göstərilməlidir.
• Orta, peşə və ali məktəbləri idarə edən şəxslər seçkili olmalıdır. Onlar 50/50 nisbətində məktəblə valideyn icmaları, universitetin müəllim və tələbə heyəti arasında əldə olunan razılığa və ya seçkilərin nəticələrinə uyğun olaraq müəyyənləşdirilməlidir. Məktəblərin idarə olunması üçün müddət və kvotalar tətbiq edilməlidir.
• Elmlər Akademiyasına gəlincə, onun, tamamilə yeni və fərqli bir struktura çevrilməsi zəruridir. Elmlər Akademiyası yeni təfəkkürə, dərin elmi analiz qabiliyyətinə, elm aləminə yeniliklər və faydalı əsərlər gətirmiş insanlardan ibarət bir beyin mərkəzinə çevrilməlidi.
• Ümumilikdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması, bu istiqamətə ayrılan büdcə vəsaitlərinin korrupsiyaya məruz qalmadan birbaşa təhsilə yönəldilməsi, təhsil müəssisələrinin tədricən dotasiya hesabına yaşayan qurumlar olmaqdan çıxaraq gəlir gətirən sahəyə çevrilməsi burada rüşvəti də aradan qaldıracaq.
Əlbəttə, haqqında bəhs etdiyimiz islahatların həyata keçirilməsi hər şeydən çox insan amilindən asılıdır. Ən gözəl qanunlarla sistemi iflic etmək olar, ən pis qanunlarla sistemi dirçəltmək mümkündür. Bunun üçün ləyaqətli, vicdanlı və iradəli insanlara ehtiyac var.
Oxucular soruşa bilərlər ki, bəs illərdir oxumaq üçün deyil, oxumamaq üçün, bilik almaq üçün deyil, qiymət almaq üçün, mütəxəssis olmaq üçün deyil, diplomlu şəxs olmaq üçün pul xərcləyən azərbaycanlıları sözügedən islahatlara necə uyğunlaşdırmaq mümkün olacaq? Bu millətə keyfiyyətli təhsilin, yüksək peşəkarlığın önəmini necə anladacağıq? Əlbəttə bunun əsas yolu maarifləndirmədən, təhsilin təbliğ olunmasından keçir. Əgər biz zəruri saydığımız islahatları həyata keçirməklə sistemi 100% düzəldəcəyimizə inam ifadə etsək, sadəlövhlük etmiş olarıq. Amma biz bu islahatları həyata keçirməklə 0 nöqtəsindən tərpənə, az da olsa uğurlara nail ola bilərik. Artıq bu ölkədə insanlar tədricən dərk etməyə başlayıblar ki, bu dünyada ayaq üstə durmaq, yaşamaq üçün rəqabətə davam gətirmək lazımdır. Kim ağıllıdırsa, o da qalib gələcək. Və Konfutsinin məşhur fikrini xatırlatmaqla yazıya nöqtə qoymaq istəyirik: "Yalnız öz cahilliyini başa düşüb bilik axtarana öyüd ver. Yalnız özünün qiymətli fikirlərini aydın şəkildə ifadə edə bilməyənə kömək et. Yalnız kvadratın bir küncü barədə məlumat əldə edib digər üçünü özü üçün təsəvvür edə biləni öyrət".
Fikir Fabriki İnstitutu