"İnzibati əmirlik sistemi davam edir. Üzən məzənnə adı altında 1 dollar 1 manat 55 qəpiyə qaldırılıb, amma satılmır. Bu, o deməkdir ki, süni şəkildə saxlanılır, hakimiyyət yenə də intervensiyasını davam etdirir, yəni valyuta ehtiyatlarımız tükənir". Qaynar.info xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının üzvü, iqtisadçı alim Fuad İbrahimov deyib.
Xeber365.com saytına geniş müsahibə verən iqtisadçı Mərkəzi Bankın "üzən məzənnə" siyasətini tənqid edib. Fuad İbrahimov Beynəlxalq Bankda "itən" 6 milyard məsələsinə toxunub, iş yerlərinin açılması ilə bağlı statistikanın şişirdildiyini bildirib: "Bu, ona bənzəyir ki, insan pulu sağ cibindən çıxarıb sol cibinə qoyur və bununla qazanc əldə etdiyini düşünür. Bu, qazanc deyil, bir müddət ictimaiyyəti sakit saxlamaqdır. Bilmirəm, başqa necə adlandırım, çünki səhvdir, üzən məzənnə deyil. Manat şəffaf şəkildə üzən məzənnəyə buraxılsa, 1 dollar 2 manatdan çox olar. Bilirsiniz, real iqtisadi göstəricilərimiz belədir. Bura həqiqi ümumdaxili məhsul, qeyri-neft sektorunun real səmərəliliyi aiddir. Səmərəlilik haqqında adi bir misal: 100 zavod açılıb. Monitorinq aparılsa, 80-nin işləmədiyi məlum olacaq. Bu, o deməkdir ki, qeyri-neft sektoruna buraxılan bütün vəsaitlər qeyri-səmərəsiz istifadə olunub. Problemlər belə yaranır da, daşa, kağıza verilir, amma iş yerləri yoxdur. Xatırlayırsınızmı, İlham Əliyev 2003-cü il seçki kampaniyasında 600 min iş yeri barədə vəd verirdi... Mən Beynəlxalq Bankdakı 6 milyard məsələsini xatırlatmaq istərdim. Axı, bu, bir həftədə olmayıb. Bankın sədri məsuliyyətə cəlb olunub. Bəs digər məsul şəxslər niyə kənarda qalıb? Maliyyə naziri 3 aydan bir hesabat qəbul edirdi. Təkcə Statistika Komitəsi bank sektoru üzrə yalnız 20-25 hesabat alır. Bir daha deyirəm, 6 milyard 1 ildə “itməyib”, bəs nədən Müşahidə Şurası vaxtında siqnal verməyib?! Onsuz da biz manatın devalvasiyasını gözləyirdik, amma Maliyyə Nazirliyi bunu bilməliydi, bilirdi də. Nə üçün ictimailəşdirib zamanında prezidentə məruzə etmirdilər? Məsuliyyətsizlik olan yerdə heç bir halda bazar iqtisadiyyatını dirçəltmək mümkün olmayacaq".
Ekspert məzənnəni azad buraxmağın mümkün olmadığını bildirib: "Nə azad buraxa bilirik, nə də saxlaya. Azad buraxanda sosial partlayış ola bilər, saxlayanda da valyuta ehtiyatlarımız tükənir. Gətirib çıxartmışıq bazar fiaskosu sindromuna. Fikir verin, prezident tütün və spirtli içkilərin plastik kartla satılması barədə sərəncam verir, 10 gündən sonra sərəncam geri götürülür. Nəyə görə? Mexanizm yoxdur, hərəkətə gətirə bilmirlər. Nəqliyyat vasitəsi var, təkəri, yanacağı yoxdur. Buna deyirlər, bazar fiaskosu. Dördüncü virus - əvəzlənmə effekti. Yəni manatın əvəzlənmə effekti: hamı dollarlaşmaya qaçır, manat tamamilə etibarını itirib. 50 manatı olan da qara gün üçün onu dollara çevirmək istəyir. Milli valyuta dizi üstə çökəndə heç bir tədbir effekt verə bilməz. Beşinci virus - əks-effekt sindromu. Bu virus hazırda iqtisadiyyatımızın canına yeriyib. Ümumiyyətlə, böhran olan ölkələrdə vergi və gömrükdə sərtləşdirici tədbirlər görmək olmaz. Əksinə, yumşaldıcı, stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Məsələn, 1975-ci ildə Kanadada böhran olanda vergiləri müxtəlif yollarla toplayırdılar. Küçələri təmizləməyə pul ayıra bilmirdilər, qərar qəbul olunurdu ki, 1 ayda 20 kiloqram zibil təhvil verən ay ərzində Olimpiya Stadionunda üzməyə gedə bilər".
Fuad İbrahimov Respublika Prokurorluğu yumurta və dərman satan şirkətlərə qarşı sərt tədbirlər görməsinin əks effekt verəcəyini düşünür: "Bu, əks effek verəcək. Artıq görünür, qiymət qalxır. Hamı istifadə edir. Niyə də etməsin?! Bilirsiniz, bazar iqtisadiyyatında özəl sektora müdaxilə etmək düzgün deyil. Bunun üçün dövlət, mahiyyətini başa düşüb sərhədi açmalıdır. İş adamı bilsə ki, gömrükdə ona problem yaratmayacaqlar, Yeni Zellandiyadan 2 min ton kərə yağı gətirib Azərbaycan bazarına 3 manata çıxardar. Həm də dövlətin payına düşən 36 faizi ödəyər də. Ancaq iş adamı malının müxtəlif hiylələrlə respublikaya buraxılmayacağını bilir. Tutaq ki, inhisarçılığı, korrupsiyanı götürdük, ardınca müəllimə və həkimə 200 manat verdik, ancaq 200 manatlıq istehlakçı səbətini verə bilməsək, deyilən tədbirlər boş şeydir. Makroiqtisadi tarazlıq yalnız kompleks tədbirlər şəklində həyata keçirilir. Akademik Rafiq Əliyev bugünlərdə yazmışdı ki, iqtisadiyyatı diriltmək üçün 4 rəqəmini götürün, onun içində 4 dənə 1 var, 8 dənə sıfır, 5 var, yəni bunları bir-birinə toxumalıyıq. Nə olsun, gömrükdən mal keçib, amma büdcədə çatışmazlıq var. Yaxud maaşı 30 faiz qaldırırsan, amma yenə çatmır, çünki məhsulun da qiyməti qalxıb. Dövlətin siyasəti o olmalıdır ki, vətəndaşa verilən maaş yalançı olmasın. Yalan rəqəm olmaz, minimum əməkhaqqı 200 manatdırsa, 200 manatlıq istehlakçı səbəti olmalıdır. Mən demirəm ki, səbətdə qara kürü, kofe və s. olmalıdır. Ancaq toyuq, meyvə-tərəvəz, ət, yağ, qənd olmalıdır, bu, böhran dövrünün yox, normal dövrün səbəti olmalıdır. Bunu edə bilməyən hökumət gərək hakimiyyətdə oturmasın. Biz nə qədər Almaniyanı, Norveçi misal gətirəcəyik?!"
İqtisadçı alimin sözlərinə görə, vəziyyət daha da pisləşəcək: "Milli valyutamız bir il ərzində 94% devalvasiyaya uğradı, bu iflasdır. Ötən il fevralın 21-də birinci devalvasiya elan olundu, 3-4 gün sonra əhali kütləvi formada manatlarını banklardan çıxarıb dollara çevirirdi. Bu il fevralın 25-dən martın sonuna qədər devalvasiyanın 1 ili tamam olacaq. 100% əmin edirəm ki, bu müddətdə hamı kapitalını geri çəkəcək və ardınca respublikanın maliyyə-kredit sistemi çökəcək. Bu hadisə iqtisadiyyatın onurğa sütununu dağıdacaq, ondan sonra daha qalxa bilməyəcəyik. Hətta bundan sonra neftin qiyməti 80-100 dollara qalxsa da, vəziyyət dəyişməyəcək. Bir daha deyirəm, çıxış yolu kompleks tədbirlərdədir, onlar da görülmür".
Ekspert deputat Zahid Orucun yaxın 20 gündə prezidentin vəziyyəti sabitləşdirəcəyi ilə bağlı sözlərinə də münasibət bildirib: "Bilirsiniz, prezident İlham Əliyev də bizim kimi insandır və insan hər şeyi əhatə edə bilməz. Hətta insanın yaratdığı texnika hər şeyi əhatə edə bilmir. Hesab edirəm ki, bu gün prezidentin adından bu cür çıxış etmək, ən azı, prezidentin özünə qarşı hörmətsizlikdir. Nəyə görə? Əgər 10-20 günə indiki vəziyyətdən çıxacaqdıqsa, bu vəziyyətə düşməzdik də. Mən düşünmürəm ki, prezident ötən il manatın sabitliyindən danışanda milləti aldatmaq istəyirdi, xeyr. Heç bir insan, o cümlədən də, prezident yalan danışmaq istəməz. Deməli, verilən vədlər məlumatsızlıqdan irəli gəlir. Yəni prezident vəziyyəti əhatə edə bilmir. Bilsə, bu vəziyyətə düşərmi ki, 20 günə durumu dəyişəcək? Ancaq biz iqtisadçılar manatın indiki durumunu görürdük. Çünki mənzərənin necə dəyişəcəyini, proseslərin hara getdiyini bilirdik".
Fuad İbrahimovun sözlərinə görə, əhali əmanətlərini geri ala bilməyəcək: "İnsanlar əmanətlərini çıxartmaqda çətinlik çəkəcək. Bəli, heç kimə deyilməyəcək ki, sizin pulunuz daha yoxdur. Ukraynada bu modeli tətbiq etdilər. Pullar dondurulub, 2 ildir verəcəklərini vəd etsələr də, verə bilmirlər, iqtisadiyyatın formalaşmasını gözləyirlər. Amma biz indiki yanaşmayla iqtisadiyyatımızın nə vaxt bərpa olunacağını bilmirik. İkinci zərbə - dollarla olan kreditlərin qaytarılması mexanizmi yoxdur. Hökumət yaxasını kənara çəkib, məhkəmə qərar verib ki, banklarla vətəndaşlar problemi differensial qaydada həll edə bilər. Bu, belə olmamalıdır. Dövlət qismən də olsa, vəziyyətə müdaxilə etməlidir. Modellərdən biri belədir: kreditin zamanı uzadılacaq, amma faiz dayandırılacaq. Yenə deyirəm, çıxış yolu olmalıdır, əks təqdirdə mart ayından başlayaraq bank-vətəndaş münasibətləri kəskin şəkil alacaq. Əhali indi elə vəziyyətdədir ki, deyir, vermirəm, vur, öldür, nə edim, yoxdur. Narazılıqlar siyasiləşə bilər. Mən insanam, balam acından ölsə, fikrimi kəskin şəkildə bildirməli olacam. Üçüncü ziyan - maliyyə-kredit sistemi çökəndə orta sahibkarlar sinfinin 80%-ni sıradan çıxaracaq. Bunlar hamısı illər boyu manatın sabitliyini rəhbər tutaraq maliyyə-kredit sistemlərini qurublar. Manat sabit olmayanda isə sistem dizüstə çökür, çünki qiyməti formalaşdıra bilmir. Bu isə ticarət şəbəkələrinin bağlanmasına və nəticədə işsizlər ordusunun yaranmasına gətirəcək. Bu prosesdə banklar birmənalı olaraq zərbə alacaq".
Onun fikrincə, əgər indiki hökumət vəziyyəti dəyişməsə, xaos olacaq: "Həmişə belə olur, sonda xaos nəzəriyyəsi gerçəkləşir. İllərlə qurduqlarımız dağılacaq. Mən Yeni Azərbaycan Partiyasının üzvü, iqtisadçı alim kimi danışıram, Nazirlər Kabinetinin sonuncu iclasında tədbirlər planı görmədim. İclasda deyirlər ki, inhisarçlığın qarşısı alınmalıdır. Məgər qanunda inhisarçılıq barədə nəsə yazılıbmı?! Qanunu tətbiq etsinlər, tədbirlər planına ehtiyac yoxdur. 10 ayda 2 dəfə devalvasiya qərarıyla söhbət bağlanıb. Bilirsinizmi, nə qədər adam pis vəziyyətdədir, malını gətirib, amma anbardan çıxarda bilmir, qiymət qoya bilmir. Yaxud gömrükdə sənəd ala bilmədiyindən rəsmiləşdirə sala bilmir. Problem karta bağlı deyildi, sadəcə, gətirilən malların sənədləri yox idi. Anbardakı malların sənədi yoxdur, hamısı gizli iqtisadiyyat formasında ölkəyə keçirilib, iqtisadi dövriyyəyə rəsmən cəlb olunmayıb".
İqtisadçı alim vəziyyətdən çıxış yolu da göstərib: "İlk növbədə prezident yanında keçid dövrü üçün İqtisadi Təhlükəsizlik Şurası yaradılmalıdır. Bu şura vasitəsilə bütün dövlət orqanlarına müdaxilə edilməlidir. Birinci yuxarıda dediyim viruslar aradan qaldırılmalıdır. Hər bir virus üçün kompleks tədbirlər görülsə, ay yarıma əhali nəsə hiss edəcək. Dünyada İsveç, Türkiyə, Amerikanın 1929-cu ildə “Böyük depressiya”dan çıxma modellərri var. Bəli, hakimiyyət üçün bunları tətbiq etmək ağrılı olacaq. Yəni oliqarx nazirlər gəlirlərindən imtina etməlidirlər. Amma bununla belə əllərində olan digər sərvəti saxlaya biləcəklər. Onları heç kim həbs etmək fikrində də deyil, bu səhifəni qatlamaq lazımdır. Biz vəziyyətdən çıxmalıyıq, “Nürnberq prosesi” qurmamalıyıq. Azərbaycanın yaxın bir ildə böhrandan çıxmaq potensialı var. Amma hakimiyyətin iradəsini bilmədiyimdən bu barədə danışmaq çətindir. İndiki vəziyyət iradənin olmamasına dəlalət edir".
Ekspert az qala hər xəbərlər buraxılışında Almaniya iqtisadiyyatının dağıldığını iddia edən Az.TV ilə bağlı suala maraqlı cavab verib: "Az.TV özü bir virusdur, düşüb bu xalqın canına. Elə bilirlər ki, hörmət qazanırlar. Belə hörmət olmur".
Qaynar.info