"Bu ilin sentyabr ayından tələbələrin dərsə davamiyyəti barmaq izi ilə həyata keçiriləcək.
Bununla da müəllim tələbələrin dərsə gəlib-gəlməməsini yoxlamağa həsr etdiyi vaxtı dərsə ayıracaq".
Qaynar.info "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov jurnalistlərlə görüşündə deyib.
Rektorun sözlərinə görə, bu sistem universitetdə fəaliyyət göstərən "SABAH" qruplarında tətbiq olunur.
O, həmçinin qeyd edib ki, yaxın gələcəkdə müəllimlərin dərslərinin əvəz olunması məsələsi də həllini tapacaq: "Buna son qoymaq üçün müəllimlər elektron jurnalı ancaq barmaq izi ilə aça biləcək. Yalnız icazə verilən zaman müəllimləri kimsə əvəz edə bilər".
Ə.Muradov əlavə edib ki, UNEC-in hazırda 4 korpusu fəaliyyət göstərir: "3 korpusda maddi texniki baza çox yaxşı, birində isə vəziyyət çox pisdir. Söhbət III korpusdan gedir. Həmin korpusun öz vəsaitimiz hesabına müasir tələblərə çevrilməsi istiqamətində işlər görürük".
Rektor UNEC-də hansı məqamlarda neqativ hallar müşahidə olunduğunu bildiyini də vurğulayıb: "Bilirəm ki, hansı müəllimin potensialı necədir. Tələbələrin nədən narazı olduqlarını da çox gözəl bilirəm. Hazırda bu kimi problemlərin üzərində çalışırıq. Səmimi şəkildə deyirəm ki, imtahanlarda heç bir neqativ hal müşahidə olunmur".
O, həmçinin qeyd edib ki, universitetdə beynəlxalq iqtisadiyyat məktəbi yaradılıb: "Bütün fənlər 5 ixtisas üzrə ingilis dilində tədris olunur. Eyni zamanda, MBA proqramı üzrə bu il yeni 7 ixtisas üzrə qəbul planı sifariş verilib. Magistratura üzrə isə 3 ixtisas üzrə olmaqla, ümumilikdə 10 ixtisas üzrə kadr hazırlığı həyata keçirmək niyyətindəyik. Əsas gücümüzü əcnəbilərə yönəldirik. Onlardan tutulacaq təhsil haqqını biz əhəmiyyətli dərəcədə artırmışıq. Belə ki, MBA-da oxuyacaq əcnəbi tələbələr üçün təhsil haqqı 4 000 dollardır. Azərbaycanlılar üçün isə bu rəqəm 3 000 manatdır. Hazırda universitetdə 400-ə yaxın əcnəbi tələbə təhsil alır".
Rektor onu da vurğulayıb ki, universitetdə 18 min tələbə təhsil alır və hər il təxminən 4 000 tələbə məzun olur.