Sumqayıt Dövlət Universiteti intihar etdiyi bildirilən tələbə ilə bağlı məlumat yayıb.
Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunub ki, universitetin Filologiya fakültəsinin birinci kurs tələbəsi Qasımova Rumiyyə Elşən qızının ölümü ilə əlaqədar bəzi saytlarda istintaqın nəticəsini gözləmədən “Universitetin tələbəsi imtahanlardan kəsildiyi üçün intihar etdi” məzmunlu qərəzli və məntiqdən uzaq məlumatlar yayılıb: "Məlumatların verilməsinə qətiyyətlə etiraz edir və bildiririk ki, həmin tələbə həqiqətən də hadisədən bir gün öncə cari sessiyada ikinci imtahanını verib, lakin lazımi hazırlığı olmadığı üçün nəticəsi qənaətbəxş olmayıb. O, semestr boyu təşkil olunan üç ardıcıl kollokviumlarda da çox aşağı nəticə göstərib. Nəticələri ilə razılaşmayan tələbələrə, o cümlədən Rumiyyə Qasımovaya universitetdə yaradılmış “Apellyasiya komissiyası”na müraciət etmələri tövsiyyə olunub. Lakin mərhumun “Apellyasiya komissiyası”na müraciət etməməsindən belə nəticəyə gəlmək olar ki, o, nəticəsi ilə razılaşıb. Həmçinin onun tələbə yoldaşları da həmin gün onunla deyə-gülə universitetdən çıxaraq ayrıldıqlarını bildiriblər".
Qeyd edək ki, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da şəhər ərazisindəki dəniz sahilində tapılıb.
Sosial şəbəkədə Rumiyyə Qasımovanın Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin birinci kurs tələbəsi olduğu, imtahandan kəsildiyi üçün intihar etdiyi barədə məlumatlar yayılıb.