“Atlas” Araşdırmalar Mərkəzi Qarabağ münaqişəsinin həlli ilə bağlı 2015-ci ilin yekunu və 2016-cı ildən gözləntilər haqda analitik material hazırlayıb. “Qafqazinfo” həmin yazını təqdim edir:
Azərbaycan prezidenti İlham Əliyev 7-8 fevral tarixlərində Münhen təhlükəsizlik konfransının iki panelində iştirak etdi. İlham Əliyev bundan əvvəlki iki təhlükəsizlik konfransında iştirak etməmişdi. Azərbaycan prezidenti Münhenə əsas 2 mesajla getmişdi.
Birinci mesaj Cənubi Qaz Dəhlizi layihəsinin əhəmiyyətini beynəlxalq auditoriyanın diqqətinə çatdırmaq, ikinci mesaj isə Ukraynadakı müharibə ilə Dağlıq Qarabağ arasında paralellər aparmaq idi. Bu mesajın əhəmiyyəti onda idi ki, Qərb Ukraynanın ərazi bütövlüyünə ayırdığı diqqəti Azərbaycana da ayırmalıdır. Əsl həqiqətdə isə Qərb Ukraynanın ərazi bütövlüyünü də təmin etməkdə acizdir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla aprelin 8-də Moskvada birgə mətbuat konfransında rəsmi Bakıya iki mesaj göndərdi.
Lavrovun birinci mesajı ondan ibarət idi ki, o Dağlıq Qarabağda müharibəni təsəvvür etmir. Lavrovun ikinci mesajı isə ondan ibarət idi ki, müharibə başlayacağı təqdirdə Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsinin şərtləri daxilində Ermənistana hər cür kömək edəcək. Hər iki mesajın mahiyyəti rəsmi Bakını problemin həllini güc yoluyla həllindən çəkindirməkdən ibarət idi.
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası iyunun 16-da “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə qərar çıxardı. Strasburq Məhkəməsinin qərarına görə, Ermənistan Azərbaycanın Laçın rayonunu işğal etməklə bu rayondan olan qaçqın şikayətçilərin mülkiyyət və əmlak hüquqlarını pozub. Şikayətçilərin ərizəsi ilə bağlı məhkəmə Ermənistanın Dağlıq Qarabağ və ona birləşik ərazilərə effektiv nəzarət etdiyini və nəticədə Laçın rayonunun Ermənistan yurisdiksiyası altında olduğunu təsdiq edib. Strasburq məhkəməsi eyni zamanda şikayətçilərə öz mülkiyyətlərinə sahib olma və ya kompensasiya almalarına icazə verməməyin haqlı olmadığını hesab edib.
Bu qərar Azərbaycan üçün BMT-nin Azərbaycan torpaqlarının azad olunmasını tələb edən 4 qətnamə qədər vacibdir. BMT-nin 4 qətnaməsi kimi AİHM-in qərarı da danışıqlarda Azərbaycan üçün istinad nöqtəsi sayıla bilər.
İyul ayında Rusiyanın Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar məbləğində güzəştli kredit verdiyi açıqlandı. Açıqlamada deyilirdi ki, saziş Ermənistan silahlı qüvvələrinin arsenalında müasir silahların çeşidinin xeyli genişləndirilməsinə imkan verəcək. Ermənistana strateji məsələləri effektiv həll etməyə qadir olan silahlar veriləcək. Bu silahların köməyi ilə hərbi əməliyyatlar zonasında hava hücumundan müdafiənin təminatı, xüsusi mobil bölmələrin yaradılması nəzərdə tutulub. Ermənistana “Pansır-C” zenit raket-top kompleksi, “Tiqr” zirehli maşınları, ZTR-80, rabitə vasitələri, tank əleyhinə raket kompleksi, daşınan zenit-raket kompleksi göndəriləcək. Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Rusiya Ermənistandakı hərbi bazalarını gücləndirməyə qərar verdi.
Sergey Lavrov sentyabrın 1-də Bakıya səfər etdi. Bu səfərin də praktik əhəmiyyəti olmadı. Əksinə, bu ərəfədə Ermənistan Azərbaycana qarşı 3 təxribatıyla yadda qaldı. Birinci təxribat o idi ki, Dağlıq Qarabağ separatçıları sentyabrın 13-də yerli “seçkilər” keçirəcəklərini elan etdilər. Azərbaycan XİN dərhal məsələyə reaksiya verərək, bu “seçkilərin” hüquqa zidd olduğunu bildirdi. İkinci təxribat o idi ki, Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağa səfər etdi. Bu cür səfərlər hər zaman cəbhə bölgəsindəki gərginliyi artırır. Üçüncü təxribat o idi ki, Ermənistan snayperləri sərhədin Qazax istiqamətində Azərbaycanın 2 hərbçisini öldürdülər, Tərtər rayonunda isə toy maşınına atəş açdılar. Bunların heç birinə Moskva reaksiya vermədi.
İran İslam Respublikasının tanınmış din xadimi, inqilab rəhbərlərindən olan Şeyx Hüseyn Həmədani 31 avqust - 4 sentyabr tarixləri arasında Azərbaycana səfər etdi. Həmədani Bakıdakı çıxışları zamanı dedi ki, “Mən Allaha dua edirəm ki, Azərbaycanın əzəli torpağı olan Qarabağ yenidən Azərbaycana qayıtsın”. Ancaq təəssüf ki, onun bu duası Tehranın Ermənistanla münasibətlərində dəyişikliyə gətirib çıxarmadı. Əksinə, Tehran Ermənistan üzərindən Gürcüstana qaz boru xətti çəkməyə qərar verib.
Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-da İsveçrənin paytaxtı Berndəki görüşü nəticəsiz qaldı. Bu görüş bir daha təsdiq etdi ki, Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur, İrəvan Dağlıq Qarabağ ətrafındakı torpaqları azad etməyə hazırlaşmır.
2016-cı ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda müsbət nəticə qazanılacağını gözləmək problematikdir. Birincisi, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi buna imkan vermir. İkincisi, Suriyadakı müharibə, böyük dövlətlərin maraqlarının kəsişməsi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həllinə əngəldir. Rusiyanın ABŞ-la, o cümlədən Türkiyə ilə maraqları Ukrayna və Suriya məsələlərində kəsişirsə, bu dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlarının üst-üstə düşəcəyəni gözləmək çətindir.