Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi 2016-cı ilin mart ayının 31-də Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib.
"Qafqazinfo" xəbər verir ki, keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında Nüvə Sammitini şərh edib.
Ekspertin sözlərinə görə, Nüvə Sammitinə dəvət çox yüksək səviyyəli bir addımdır.
“Eyni zamanda, bu, nüvəsiz dünya uğrunda mübarizə aparan dövlətlərin sammitidir. Azərbaycan nüvə silahına qarşı olan, nüvə silahı istehsal etmək niyyətində olmayan, nüvəsiz dünya tərəfdarı olan bir ölkədir”
Politoloq İlham Əliyevlə Barak Obamanın görüşə biləcəyini də istisna etməyib.
“Görüş zamanı məsələnin siyasi çalarları da ola bilər. Son vaxtlar Azərbaycanla Amerika arasında soyuqluq yaşanır. Güman edirəm ki, həmin soyuqluğu aradan qaldırmaq üçün fürsət yaranacaq. Ən azından prezidentlər görüşəcək və bu məsələ müzakirə obyekti olacaq. Məsələni aradan qaldırmaq üçün ipucu tapılacaq”.
Qabil Hüseynli Nüvə Sammitinə qədər müəyyən addımların atılmalı olduğunu da vurğulayıb.
“Məsələn, mart ayı ərəfəsində növbəti əfv sərəncamı verilə bilər. Həmçinin, hüquq müdafiəçisi İntiqam Əliyevin məhkəməsi gözlənilir. Ola bilsin ki, elə onu məhkəmə zalından azadlığa buraxsınlar. Siyasi məhbus adlandırılan şəxslərin azad edilməsi istiqamətində müəyyən addımlar ata bilərik. Bu addımlarla Vaşinqtona yollanacaq dövlət başçısı İlham Əliyevin siyasi danışıqlar zamanı əlini qüvvətləndirə bilərik.
Zənnimcə, bu prosesə baş vurulacaq və görüş zamanı Azərbaycanın kifayət qədər mənbəyi olacaq. Eyni zamanda, görüş zamanı neft məsələsi də müzakirə edilə bilər”.