2016-cı il yanvarın 1-də avtomobilində qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülərə qarşı cərimələr tətbiq olunacağına dair şayiələr yayılıb.
“Qafqazinfo” azxeber.com-a istinadən məlumat verir ki, bu şayiələrdə DYP əməkdaşlarının avtomobillərdə dərman qutularının olmamasına görə xüsusi reyd keçiriləcəyi və “apteçka”sı olmayanların kütləvi şəkildə cəzalandırılacağı deyilir. Ajiotajın yaranması artıq bəzi işbazların cibini doldurmağa başlayıb. Belə ki, xəbəri eşidən sürücülər maşın bazarına axışır və qeyd edilən tibb çantası, avtomobil qəza işarəsi və yanğınsöndürmə balonuna ümumilikdə 60 manat verirlər. Əslində isə məlum dezinformasiyalardan öncə bu qiymət 45 manat civarında idi.
Şaiyələrin məhz alıcı qüvvəsinin zəif olduğu biz zamanda, ikinci devalvasiyadan sonra yayılması bir sıra sualların yaranmasına səbəb olur. Və bir çox ekspertlər bu şaiyələrin sayəsində öncədən alınan, amma devalvasiyadan sonra satılmayan tibb çantası, avtomobil üçün qəza-durma işarəsi və yanğınsöndürmə balonlarının kütləvi şəkildə satıldığını deyillər.
Məsələ ilə bağlı azxəbər.com portalı araşdırma aparıb. Məlum olub ki, tibb çantalarının hazırlanmasında yerli istehsala üstünlük verilsə də, yanğınsöndürmə balonları, yanğın dəsti, yanğın siqnalizasiyası və qazlı yanğınsöndürmə sistemləri daha çox xarici ölkələrdən gətirilir. Ancaq avadanlıqların hər kəs tərəfindən gətirilməsinin qanunla mümkün olmasına baxmayaraq, gömrükdəki “bariyerlər” buna imkan vermir.
Araşdırma nəticəsində aydın oldu ki, məhz yanğınsöndürmə balonlarının ölkəyə gətirilməsində ən böyük şirkətlərdən biri də “Kaspi-Yıldız” Azər-Türk MM” şirkətidir. 1996-cı ildə qurulan şirkət isə 78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədova məxsusdur.
Milli Məclisin deputatı İqbal Məmmədovun sahibi olduğu və deputat seçildikdən sonra qardaşı Çingiz Məmmədovun rəhbərlik etdiyi “Kaspi Yıldız” şirkətinin istehsal etdiyi yanğınsöndürmə qurğuları əslində illərdir ki, bütün ölkə boyu sahibkarlara məcburi şəkildə və fantastik qiymətlərlə satılır. Bundan başqa dövlət qurumlarının, komitələrin və digər dövlət müəssəsələrinin binalarının əksəriyyətinin yanğınsöndürmə avadanlıqlarını məhz bu şirkət quraşdırıb.
Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla da sıx münasibətləri olan İqbal Məmmədovun yanğınsöndürmə qurğuları buna görə bazarda daha çox satılan qurğudur. FHN əməkdaşlarının da obyektlər üzərində əsas tələblərindən biri məhz bu şirkətə məxsus avadanlıqların quraşdırılmasıdır.
Və son günlər sosial şəbələrdə yayılan bu şaiyələrdən sonra deputatın məhz qaz balonlarının satışından küllü miqdarda gəlir əldə etdiyi məlumdur. Maraqlı olan bir digər məqam isə, “Kaspi-Yıldız”ın qaz balonlarının DYP-nin tələb etdiyi normalara uyğun olması və bunun deputatın məlum biznesi üçün daha geniş imkanlar yaratmasıdır.