ABŞ Azərbaycandan neft ixracını kəskin azaldıb.
Virtualaz.org Birləşmiş Ştatların energetika üzrə Dövlət İdarəsinin (EİA) saytında yerləşdirilmiş informasiyaya əsasən xəbər verir ki, 2015-ci ilin yanvar-oktyabr aylarında ABŞ Azərbaycandan 4.82 milyon barrel neft idxal edib. 2014-cü ilin müvafiq dövründə isə bu rəqəm 7.35 milyon barrel idi. (Trend)
Məlumatda deyilir ki, 2015-ci ilin oktyabrında ABŞ Azərbaycandan cəmi 1.77 milyon barrel neft alıb. 2014-c ilin oktyabr ayında isə 3.15 milyon barrel neft almışdı. Həmin il ABŞ-ın Azərbaycandan idxal etdiyi neftin həcmi 8.4 milyon barrel olub. Rəqəmlərdən məlum olur ki, azalma tendensiyası 2013-cü ildən başlayıb. 2013-cü ildə ABŞ Azərbaycandan 10.41 milyon barrel neft almışdı. Beləliklə, iki il ərzində ABŞ-ın Azərbaycandan idxal etdiyi neftin həcmi iki dəfədən çox azalıb.
Analitiklərə görə bunun səbəbi dünya neft bazarında yaranmış bolluqdur. Hazırda dünya bazarına hər gün tələbatdan 1-2 milyon barrel neft çıxarılır. Həmçinin yüksək keyfiyyətli yüngül neft markalarına qiymət baha olduğu üçün tələb azalır. Birləşmiş Ştatlar ən iri neft idxalçısı olmaqla yanaşı həm də dünyanın ən iri neft hasilatçılarından biridir. ABŞ-ın neftayırma zavodları yüksək texnologiyaya əsaslandığından kükürdlü nefti emal edə bilir. Nəticədə ABŞ –da WTI markalı yüngül neftin bolluğu yaranır.
Bu ilin yanvarından ABŞ neft ixracına qadağanı götürüb və gözlənilir ki, Birləşmiş Ştatlar bazara nisbətən baha olan yüngül nefti çıxaracaq, ağır və kükürdlü nefti isə öz zavodlarında emal edəcək. Bu vaxta qədər də ABŞ şirkətləri neft ixrac edə bilirdi, ancaq hər ayrı sövdələşmə üçün müvafiq icazə almaq lazım gəlirdi. İndi isə ixraca 1975-ci ildə qoyulmuş qadağa götürülüb. Nəticədə ABŞ-ın "Azeri Light” neftinə tələbatı bundan sonra da azala bilər.
Azərbaycan neftinin ənənəvi müştərilərindən olan İsrail də "Azeri Light”in idxalını azaldıb. Məlum olmuşdu ki, İsrail İraqın şimalınakı kürd administrasiyasının Bağdadın icazəsi olmadan Türkiyənin Ceyhan limanına satışa çıxardığı nefti alır və Azərbaycan neftinin idxalını azaldıb. Belə ki, kürdlər nefti daha ucuz təklif edirlər.
Bazardakı vəziyyəti Səudiyyə Ərəbistanının lk dəfə Avropa ölkələrinə neft ixracına başlaması da qəlizləşdirib. Çünki səudiyyəlilər aşağ keyfiyyətli nefti xeyli ucuz təklif edir, Avropanın neftayırma zavodları isə "Azeri Light”, Brent kimi nisbətən bahalı markaları almaqdansa ucuz nefti almağa üstünlük verir. Lakin SOCAR bildirir ki, Azərbaycan neftinin satışı baxımından problem yoxdur.
Hazırda "Azeri Light”lə digər markalı neftlər arasında qiymət fərqi aradan qalxsa da Azərbaycan neftinin satışına dair bir çox iri şirkətlərlə uzunmüddətli müqavilələr var. Bu müqavilələlər bazarda yaranmış indiki bolluq şəraitində nefti satmaq üçün yeni müştərilər axtarmağa o qədər də ehtiyac yaratmır.