Məsrəf yükünü azaltmaq üçün layihə əsasən kreditlər cəlb olunmaqla maliyyələşir
Dünya bazarında gedən proseslər "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsindən hasil olunan təbii qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin gerçəkləşməsinə əngəl törətmir. Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.
Qeyd olunub ki, neftin ucuzlaşması nəticəsində boru kəmərləri üçün əsas material sayılan polad ilkin qiymətləndirmə ilə müqayisədə daha aşağı qiymətə əldə olunub: "Neftin ucuzlaşmasının təsirindən boru kəmərlərinin inşasına cəlb olunan xidmətlərin də qiyməti aşağı düşüb və layihənin ümumi xərclərinin azalmasına səbəb olub".
SOCAR-dan bildirilib ki, TAP layihəsinin birbaşa xüsusi vəsaitlərlə həyata keçirilməsi üçün imkanlar mövcuddur: "Lakin məsrəf yükünü azaltmaq üçün layihə əsasən banklar (ixrac kredit agentlikləri, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və kommersiya bankları) tərəfindən, yəni kreditlər cəlb olunmaqla maliyyələşir. Kreditlər TAP səhmdarları tərəfindən boru kəmərinin istismarı və qazın nəqlindən əldə olunan gəlirlər hesabına ödəniləcək. SOCAR bu layihənin səhmdarlarından biridir. Bu format layihə iştirakçısı olan Azərbaycan tərəfinin (SGC-SOCAR) öhdəsinə düşən xərclərin azalmasına səbəb olub. Yuxarıda qeyd olunan müsbət təsirləri Cənub Qaz Dəhlizinin digər layihələrində də gözləyirik", - deyə SOCAR-dan bildirilib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin mərhələdə ildə 10 mlrd. kubmetri Avropaya nəql olunacaq. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. "Şahdəniz" yatağından ilk Azərbaycan qazının 2019-cu ilin sonu-2020-ci ilin əvvəlində Avropaya çatdırılması planlaşdırılır. Boru kəmərinin uzunluğu 878 km təşkil edir ki, bunun da 545 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizi, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (820) dənizin altında olacaq. Hazırda TAP kəmərinin tikintisinə hazırlıq işləri aparılır. Bu il boru kəmərinin tikintisinə başlanması nəzərdə tutulur.
TAP-ın səhmdarları BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləridir: