Yanvarın 1-dən Azərbaycanda mədən vergisi artırılıb.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli qanunda əksini tapıb.
İndiyə qədər mədən vergisinə cəlb edilən qeyri-filiz faydalı qazıntılarından seolit, barit, mişar daşları, çınqıl xammalı, yüngül doldurucular (keramzit, aqloporit) istehsalı üçün gillər, bentonit gilləri, kərpic-kirəmit gilləri, vulkan külü və pemza, kvars qumları, tikinti qumları, sement xammalının (əhəng daşı, mergel, gil, vulkan külü) hər 1 kubmetri üçün 0,5 manat mədən vergisi tutulub. Yanvarın 1-dən bu qeyri-filiz qazıntıları ilə bağlı mədən vergisi 2 dəfə artırılır, hər 1 kubmetr üçün 1 manat mədən vergisi tutulacaq. Qiymətli və yarımqiymətli bəzək daşları üçün mədən vergisi vergi 4 manatdan 6 manata qaldırılıb. Üzlük daşları (mərmər, qabbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı) üçün vergi isə dəyişdirilməyib. Üzlük daşlarının hər 1 kubmetri üçün yenə də 1 manat vergi alınacaq.
Qanuna əsasəq 1 yanvar 2016-cı ildən duz, yodlu-bromlu sular və mineral suların hər 1 kubmetrinə tətbiq olunan mədən vergiləri də artırılıb. Duz üçün mədən vergisi 4 manatdan 6 manata, yodlu-bromlu sular üçün mədən vergisi 0,02 manatdan 0,04 manata, mineral sular üçün mədən vergisi 6 manatdan 10 manata qaldırılıb.