Prezident İlham Əliyev “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
365.Az xəbər verir ki, sərəncamla Saleh Ərşad oğlu Məmmədov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Saleh Ərşad oğlu Məmmədov 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsinə daxil olub, 1980-ci ildə təhsilini başa vuraraq inşaat-mühəndis ixtisasına yiyələnib. Uzun müddət yol təsərrüfatının müxtəlif qurumlarında mühəndislikdən rəis vəzifəsinədək yüksəlib.
1982-1993-cü illərdə “Yol Təmir Tikinti” Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində (YTİ) mühəndis, baş mühəndis, rəis, 1991-1993-cü illrdə 3 saylı YTİ-də rəis, 1995-2003-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin Körpütikinti Trestinin rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol İstismar İdarəsinin (Yİİ) rəisi, 1 saylı Yİİ-nin rəisi vəzifəsində çalışıb. 2003-cü ildən hal-hazırkı vaxta qədər Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Bakı şəhər 1 saylı Yİİ-nin rəisi vəzifəsində çalışıb.
S.Məmmədov 2010-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub, 2012-ci ildə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.
Yol təsərrüfatındakı çoxşaxəli fəaliyyəti, qazandığı təcrübə, eyni zamanda, təşkilatçılıq bacarığı nəzərə alınaraq nəqliyyat naziri Ziya Məmmədovun 10 fevral 2015-ci il tarixli əmrinə əsasən, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sədri vəzifəsinin müvəqqəti icrası Saleh Ərşad oğlu Məmmədova həvalə edilmişdi.
“Azəryolservis” ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı
Prezident İlham Əliyev həmçinin “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” sərəncamda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla “Azəryolservis” ASC-nin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb.
Nazirlər Kabinetinə (NK) “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnaməsinin və strukturunun layihələrini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Həmçinin, NK-ya “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nəqliyyat Nazirliyinin balansında olan avtomobil yollarının “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsini bir ay müddətində təmin etmək, “Azəryolservis” ASC-nin balansına verilən avtomobil yollarının idarə olunması, təmiri, saxlanması, qorunması və yenidən qurulması xərcləri ilə bağlı illik büdcə vəsaitinin “Azəryolservis”ə ayrılmasını təmin etmək tapşırılıb.