26-27 dekabr tarixlərində paytaxt Bakıda valyuta dəyişmə məntəqələri işləmir. Bu, şənbə və bazara - qeyri-iş günlərinə təsadüf edir. Şənbə və bazar günləri Mərkəzi Bankla yanaşı, digər banklar üçün də qeyri-iş günüdür.
Musavat.com xəbər verir ki, bu da ölkədə dollar qıtlığına səbəb olub.
Valyutadəyişmə məntəqələri 21 dekabrda baş verən devalvasiyadan əvvəl şənbə və bazar günlərində də öz fəaliyyətlərini normal günlərdəki kimi davam etdirirdi. Lakin devalvasiyadan sonra Məkəzi Bank üzən məzənnəyə keçidlə bağlı qərar qəbul etdi.
Mərkəzi Bankın rəsmi saytında manatın məzənnəsi sonuncu dəfə dekabrın 25-də yenilənib. Mərkəzi Bank manatın yeni məzənnəsini elan etmədiyi üçün valyutadəyişmə məntəqələri də işi dayandırıb. Hər kəs yeni iş günündə manatın növbəti dəfə dəyər itirəcəyindən ehtiyatlanır. Mərkəzi Bankın rəsmi saytında 25 dekabra olan məlumat görə, 1 dollar 1.5540 manat təşkil edir.
İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bunun səbəbi valyutadəyişmə məntəqələrinin Mərkəzi Banka inamsızlığıdır: “Vəziyyətin bu həddə çatmasının səbəbi Mərkəzi Bankın və hökumətin xalqla normal əlaqələr qura bilməməsidir. Ən pis hal maliyyə sektorunda təşvişin olmasıdır. Görünən budur ki, təşviş havası daha da artır. Bunun qarşısını almaq üçün insanları inandıra biləcək institutlar, şəxslər yoxdur. Artıq insanlar manata, Mərkəzi Banka və ümumiyyətlə, bank sektoruna inanmırlar. Bu inamsızlıq hökumət üçün çox təhlükəlidir. Şayiələr və təşviş dolların məzənnəsinə də mənfi təsir edir.
Mərkəzi Bankın ilkin açıqlamasında da belə bir məqam var idi ki, valyutadəyişmə məntəqələrində dolların məzənnəsinə birbaşa müdaxilə etməyəcək, sadəcə, nəzarətdə saxlayacaq. Bu açıqlamadan sonra bir çox yerlərdə dolların satışı ümumiyyətlə, dayandırıldı. Bəzi valyutadəyişmə məntəqələrində isə 1 dolları 1.70, 1.80, 1.90 manata satanlar da var. Bu da insanların arasında narahatlığı artırır. Çünki insanların dollarla borcları var. Hər qiymət qalxanda onların borcları da artır.
Valyutadəyişmə məntəqələri də qorxurlar ki, bəlkə iş günü Mərkəzi Bank başqa bir açıqlama verərək, dolların məzənnəsini dəyişə bilər. Onlar da əllərində olan dolları ucuz qiymətə satmaq istəmirlər. Belə olan halda, onlar da ziyana düşə bilirlər. Belə inamsızlığın olması valyuta bazarına mənfi təsir göstərir”.
Ekspert deyir ki, belə hallarda növbəti iş günündə Mərkəzi Bankın verəcəyi rəsmi açıqlamanı gözləmək lazımdır: “Ən yaxşısı iş günün gözləməkdir. Mərkəzi Bank dekabrın 28-də - yeni iş günündə növbəti açıqlamasını yayacaq. Bu zaman manatın məzənnəsinin nə qədər olduğunu bilmək mümkün olacaq”.