"Mən heç vaxt Prezident Administrasiyasının rəhbəri olmaq fikrində olmamışam. Bu barədə yayılan iddialar tamamilə cəfəngiyyatdır”.
Bu sözləri haqqin.az və virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayevlə söhbətində Prezident Administrasyasının keçmiş şöbə müdiri, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində vəzifə tutan Elnur Aslanovdeyib.
E.Aslanov bildirib ki, o, indiki Administrasiya rəhbəri Ramiz Mehdiyevlə 16 ilə yaxın bir yerdə işləyib. 2001-ci ildən Ramiz Mehdiyevin köməkçisi olub, daha sonra Administrasiyada şöbə müdiri vəzifəsini tutub. "Ramiz Mehdiyev olduqca ağıllı, müasir düşüncəli şəxsdir, açıq diskussiyalara hazır olan şəxsdir. Mənim guya öz komandamla Administrasiyada köhnə nəslin yerini tutmaq fikrində olduğum barədə deyilənlər uydurmadır. Ən azından mənim tərəfimdən belə fikrə düşmək amoral və naşükürlük olardı”- E.Aslanov bildirib.
E.Aslanov deyib ki, onun rəhbəri olduğu şöbə - informasiya təminatı və siyasi analiz şöbəsi prezidentin tapşırığı ilə sosial media, online media ilə işə cavabdeh idi. Habelə şöbə siyasi vəziyyətin analizini aparır, sosial-mədəni inkişaf aspektlərini araşdırırdı."Və biz ictimai-siyasi şöbə ilə birlikdə meritokratiya sistemi işləyib hazırlamışdıq, yəni elə idarəçilik prinsipi ki, rəhbər postları bacarıqlı, əməksevər, istedadlı gənclər tutsunlar”- E.Aslanov bildirib.
Onun sözlərinə görə, "İrəli” gənclər hərəkatının yaradılmasında da məqsəd bu idi. Bu hərəkatdan gənclər iyerarxik pilləkənlə ölkədəki mövcud sistem çərçivəsində rəhbər postlara qalxmalı idi. Xaricdə oxuyan azərbaycanlı tələbələri birləşdirən ASAİF təşkilatı da bu rolu daşıyırdı.
"Administrasiyanın vəzifəsi isə yeni gənclər nəsli formalaşdırmaqdan, onları dövlət quruculuğu prosesinə cəlb etməkdən ibarətdir. Administrasiya elə şərait yaratmağa kömək edirdi ki, gənc insan özünü dövlət quruculuğunun iştirakçısı kimi hiss edə bilsin”- o deyib.
Elur Aslanovun bildirdiyinə görə, o heç vaxt islahatlara və hakimiyyətin regenerasiyasına, yəni köhnə nəslin yeni nəsillə əvəzlənməsinə çağırmayıb."Birincisi, islahatları prezident aparır. İkincisi, doğrudan da islahatlar artıq gedir. Nəsil dəyişikliyinə gəldikdə isə, bu proses siyasi bəyanatlarla həll edilmir. Bu, qanunauyğun və obyektiv tarixi prosesdir, onu heç kim dayandıra bilməz”- keçmiş şöbə müdiri bildirib.
E.Aslanov "İrəli” gənclər hərəkatının iflas olması, bu hərəkata ayrılan pulların mənimsənilmsi, hərəkatın rəhbəri olan keçmiş deputat Ceyhun Osmanlının dəbdəbəli maşında gəzməsi kimi tənqidi fikirlərə cavab olaraq deyib ki, əslində Osmanlının dəbdəbəli avtomobillərinin olduğu haqda deyilənləri qəbul etmir. Çünki Azərbaycan inkişaf etdiyindən yaxşı avtomobilə malik olmaq artıq dəbdəbə sayılmır.
"Mən bu hərəkatın yaradılmasının təşəbbüskarı olmuşam. "İrəli” partiyalardan kənar, prezident İlham Əliyevin tərəfdarlarından ibarət gənclər hərəkatı kimi formalaşmışdı. Yeri gəlmişkən, hələ də fəaliyyət göstərir. Əgər o, iflasa uğrasaydı yəqin ki, təşkilat kimi buraxılardı, elə deyilmi?”.
E.Aslanov deyib ki, "İrəli”nin illik büdcəsi 400 min dollardır. Bura ofis kirayəsi, əmək haqqı fondu, habelə sosial layihələrin həyata keçirilməsi üçün xərclər daxildir. Keçmiş şöbə müdirinin dediyinə görə, hərəkat sosial şəbəkələrdə də pis işləməyib.
Məsələn, 2013-cü ildə əsgər ölümlərinə görə böyük etiraz dalğası başlayanda və kimlərsə bundan ölkədə vəziyyəti qarışdırmaq istəyəndə "İrəli”nin qarşısında vəziyyəti balanslaşdırmaq kimi dəqiq vəzifə qoyulmuşdu.
"Hesab edirəm ki, onlar bu vəzifənin öhdəsindən gəldilər”- E.Aslanov bildirib.
Virtualaz.org